Rəşad Məcidin qurultayla bağlı xahişi var

Hit: 268
Rəşad Məcidin qurultayla bağlı xahişi var
Oktyabrın 15-də Azərbaycan Jurnalistlərinin 9-cu qurultayı keçiriləcək. Mətbuat Şurası İdarə Heyətinin 26 sentyabr qərarına əsasən, üzv təşkilatlar oktyabrın 12-dək nümayəndələrin və İdarə Heyətinə namizədlərinin adlarını Presscouncil.az saytındakı xüsusi bölmə vasitəsilə qurultayın təşkilat komitəsinə təqdim etməlidir.
 
Medianın özünütənzimləmə qurumu olan Mətbuat Şurası 2003-cü ildə yaradılıb. Təşkilatın qurultayları 4 ildən bir keçirilir. 2003-2022-ci illərdə Mətbuat Şurasına Əflatun Amaşov sədrlik edib. 2022-ci ildən sədr postunu Rəşad Məcid tutur.
 
Medianews.az saytı qurultay ərəfəsində Rəşad Məcidlə söhbətləşib.
 
- Qurultaya hazırlıq prosesi necə gedir?
 
- Normal. Müxtəlif media subyektləri həm qurultay nümayəndələrini, həm də İdarə Heyəti üzvlüyünə namizədlərini təqdim etməyə başlayıb. Müraciətlər çoxdur. Üzvlük haqqı borcu olanların qurultayda iştirakı məhdudlaşdırılacaq. Bəzi üzv qurumlar fəaliyyətsizdir, ona görə biz üzvlük haqqı məsələsini önə çıxarmışıq ki, üzvlük haqqı ödəyən, yəni Mətbuat Şurasındakı fəaliyyətini təsdiq edən, bu sahədə fəal olan qurumlar örnək kimi götürülsün.
 
- Qurultay harada keçiriləcək?
 
- Yer dəqiq müəyyənləşməyib. Hələ ki, Rəşid Behbudov adına Mahnı Teatrının binasını düşünürük. Zamanında orada bir neçə qurultayımız keçirilib, amma bu, hələ son qərar deyil.
 
- Rəşad bəy, siz yenidən Azərbaycan Mətbuat Şurasının sədrliyinə namizədliyinizi irəli sürəcəksinizmi, yaxud namizədliyinizi başqaları irəli sürsə, bu təşəbbüsü qəbul edəcəksinizmi?
 
- Dediyim kimi, Mətbuat Şurasına üzv olan qurumlar həm qurultayda iştirak edəcək nümayəndələrinin adlarını, həm də qurumun İdarə Heyətinə namizədlərinin - jurnalistlərin və ictimaiyyət nümayəndələrinin adlarını təşkilat komitəsinə təqdim etməkdədir. Həmin adların içərisində ən çox səs yığan 46 namizəd qurultay günü səsverməyə çıxarılacaq. Onlardan ən çox səs toplayan 23 nəfər Mətbuat Şurası İdarə Heyətinin üzvü olacaq. İdarə Heyəti 23 üzvdən ibarətdir. Onlardan 14-ü jurnalistləri, 9-u ictimaiyyət nümayəndələrini təmsil edir.
 
İndi mediada sürətli inkişaf prosesi gedir və biz namizədlər siyahısında yeni, gənc nəslin təmsilçilərini görməyi arzulayırıq. Ona görə namizəd irəli sürən qurumlardan xahiş edərdim ki, daha gənc, müasir kommunikasiyalara bələd olan, yeni mediaya alışan və özünü təsdiq edən jurnalistləri, eyni zamanda ictimaiyyət nümayəndələrini unutmasınlar, qurultay günü səsverməyə çıxarılacaq 46 nəfərlik siyahıda onların da adları olsun. Qurultay onlardan 23 nəfəri seçib İdarə Heyətini formalaşdırandan sonra İdarə Heyəti üzvlərindən biri Mətbuat Şurasının sədri seçiləcək. Yəni bütün bunlar qurultayın səlahiyyətinə aid, qurultayın yekunlarına bağlı məsələlərdir. İdarə Heyəti kimlərdən ibarət olacaq, yeni İdarə Heyətində sədrliyə iddialı kimlər görünəcək, bu, qurultay günü aydınlaşacaq.






Redaktorun seçimi