3 Oktyabr 1993: Azərbaycanın dövlətçilik yolunda dönüş nöqtəsi
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunda Azərbaycançılıq ideologiyası cəmiyyətin müxtəlif təbəqələrini birləşdirən əsas mənəvi-siyasi amillərdən biri kimi təqdim olunurdu.
1993-cü il Azərbaycanın müasir siyasi tarixində taleyüklü hadisələrlə yadda qalan mühüm bir dövrdür. Həmin ilin 3 oktyabrında keçirilmiş prezident seçkiləri ölkənin gələcək inkişaf istiqamətinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Azərbaycan həmin illərdə ciddi siyasi, sosial və iqtisadi çətinliklərlə üz-üzə qalmışdı. Dövlət idarəçiliyində yaranmış böhran müstəqilliyin gələcəyi ilə bağlı ciddi narahatlıqlar doğururdu. Belə mürəkkəb şəraitdə xalqın böyük əksəriyyətinin Ulu Öndər Heydər Əliyevə etimad göstərməsi təsadüfi seçim deyildi. Bu seçim, hər şeydən əvvəl, peşəkar dövlət idarəçiliyinə və siyasi sabitliyə olan ehtiyacın ifadəsi idi. Heydər Əliyevin böyük siyasi təcrübəsi onun qarşıya çıxan mürəkkəb problemləri sistemli şəkildə qiymətləndirməsinə imkan verirdi. O, Azərbaycan dövlətçiliyinin qorunmasını öz siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi. Prezident seçildikdən sonra qarşıda duran əsas məsələlərdən biri ölkədə sabitliyin təmin edilməsi idi. Çünki sabitlik olmadan nə iqtisadi inkişafı, nə də dövlət institutlarının möhkəmləndirilməsini təmin etmək mümkün idi. Ulu Öndərin siyasi fəaliyyəti nəticəsində dövlət çevrilişi cəhdlərinin və silahlı qarşıdurmaların qarşısının alınması istiqamətində mühüm addımlar atıldı. Bununla da vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması üçün siyasi zəmin formalaşdı. Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi Heydər Əliyevin idarəçilik konsepsiyasının mühüm hissəsinə çevrildi. O, dövlətin gücünü yalnız inzibati imkanlarda deyil, həm də cəmiyyətin siyasi həmrəyliyində görürdü.
Bu baxımdan onun fəaliyyətində milli birlik ideyası xüsusi yer tuturdu. Heydər Əliyevin siyasi kursunda Azərbaycançılıq ideologiyası cəmiyyətin müxtəlif təbəqələrini birləşdirən əsas mənəvi-siyasi amillərdən biri kimi təqdim olunurdu. Bu ideologiya milli dövlətçilik düşüncəsinin inkişafına xidmət etməklə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların vahid milli məfkurə ətrafında birləşməsinə də imkan yaradırdı. Ulu Öndər müstəqilliyin yalnız əldə edilməsinin deyil, onun qorunub möhkəmləndirilməsinin də tarixi məsuliyyət olduğunu vurğulayırdı. Onun siyasi fəaliyyətində dövlət suverenliyi xüsusi dəyər kimi qiymətləndirilirdi. Prezident seçilməsi ilə Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanması ölkənin gələcək inkişafına mühüm təsir göstərdi. Sonrakı illərdə dövlət institutlarının qurulması, hüquqi islahatların aparılması və iqtisadi inkişaf üçün şəraitin yaradılması bu siyasi xəttin davamı oldu. Heydər Əliyevin fəaliyyətində dövlətçilik, milli maraqlar və xalqın gələcəyi bir-birindən ayrılmaz anlayışlar kimi çıxış edirdi. Onun idarəçilik fəlsəfəsi siyasi uzaqgörənliklə praktik qərarların vəhdətinə əsaslanırdı. Buna görə də 3 oktyabr 1993-cü il yalnız prezident seçkisinin tarixi kimi deyil, Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Bu hadisə ölkənin sabit və ardıcıl inkişafına aparan siyasi yolun əsas mərhələlərindən birinə çevrildi. Heydər Əliyevin həmin dövrdə üzərinə götürdüyü məsuliyyət Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi prosesində mühüm rol oynadı. Onun siyasi irsi bu gün də Azərbaycan dövlətçiliyi baxımından əhəmiyyətli mənbə kimi dəyərləndirilir.
Oqtay Kərimov
Neftçala rayonu







































































