Bu gün Qarabağda aparılan yenidənqurma işlərinin əhatəsi Azərbaycanın gücünü nümayiş etdirir
Xocavənd və Ağdərənin bərpası Qarabağda şəhər və kəndlərin paralel inkişaf etdirilməsinin nümunələrini ortaya qoyur. Bu gün hər iki yaşayış məntəqəsinin nəqliyyat yollarının, enerji obyektlərinin və sosial infrastrukturun yenidən qurulmasına dair çoxsaylı faktlar saya bilərik. Xocavənddə dövlət səviyyəsində həyata keçirilən layihələr Hadrut, Tuğ, Xanoba, Qırmızı Bazar və digər yaşayış məntəqələrini əhatə edir. 2021-ci ildən etibarən burada müxtəlif yol, enerji və sosial layihələrin icrasına başlanılıb. Hadrutda yeni məscidin təməlqoyma mərasiminin keçirilməsi sosial-mədəni infrastrukturun bərpasına nümunədir. Tuğ kəndində inzibati mərkəzin və yaşayış məhəlləsinin təməlqoyma mərasimlərinin keçirilməsi kəndin gələcək yaşayış strukturunun planlaşdırıldığını göstərir. Hadrutda məktəb, yaşayış məhəlləsi və inzibati mərkəzlə bağlı layihələrin hazırlanması da eyni yanaşmanın tərkib hissəsidir.
Xocavənd ərazisində yolların yenidən qurulması yaşayış məntəqələrinin digər regionlarla əlaqələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 2023-cü ilin 15 oktyabr tarixində Ölkə başçısı cənab İlham Əliyev tərəfindən Xocavənd şəhərində Dövlət Bayrağının ucaldılması isə şəhərin bərpası prosesinin yeni mərhələsini ifadə edən əsas hadisələrdən biri kimi tarixə keçib. Rəsmi rəqəmlərə istinad etsək görərik ki, bu günə qədər Xocavənd ərazisində 988 ailənin, 4070 nəfərin məskunlaşıb. Bu məskunlaşma şəhərlə yanaşı kənd və qəsəbələri də əhatə edir. Ağdərə üzrə də oxşar şəkildə həm yaşayış, həm iqtisadi, həm də infrastruktur layihələri həyata keçirilir. 2023-cü il oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması da bu prosesin əsas hadisələrindən biridir. 2025-ci ildə Suqovuşanda yaşayış kompleksinin istifadəyə verilməsi kənd sakinlərinin yeni mənzillərə köçürülməsi ilə müşayiət olunub. Eyni ərazidə məscidin açılması sosial həyatın müxtəlif istiqamətlərinin nəzərə alındığını göstərir. Ağdərənin Həsənriz, Vəngli, Kolatağ, Çapar, Heyvalı, Çıldıran və Aşağı Oratağ kəndlərində aparılan işlər kəndlərin bərpasının sistemli xarakter aldığını göstərir. Bu günə qədər Ağdərə ərazisində 917 ailənin və 3587 nəfərin məskunlaşması bu prosesin konkret nəticələrindən biri kimi göstərilə bilər.
Yol infrastrukturunun inkişafı da Ağdərənin bərpasında mühüm istiqamətdir. Sərsəng su anbarından Umudlu kəndinə gedən avtomobil yolunun istifadəyə verilməsi buna nümunədir. Ağdərədə enerji istehsalı sahəsində “Qozlukörpü” Su Elektrik Stansiyasının açılması iqtisadi potensialın formalaşdırılması baxımından əhəmiyyət daşıyır. Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti isə sənaye istiqamətinin inkişaf etdirildiyini göstərir. Ağdərə şəhərinin Baş planının hazırlanması gələcək şəhərsalma proseslərinin sistemli şəkildə həyata keçirilməsinə zəmin yaradır.
Bu faktlar Xocavənd və Ağdərədə bərpanın yalnız şəhər mərkəzləri ilə məhdudlaşmadığını nümayiş etdirir. Əsas diqqət yaşayış məntəqələrinin yenidən canlandırılması, sakinlərin qayıdışı və iqtisadi fəaliyyət üçün şəraitin yaradılmasına yönəlib. Beləliklə, Xocavənd və Ağdərə nümunəsi Qarabağda bərpa prosesinin şəhər-kənd əlaqəsini nəzərə alan kompleks model əsasında inkişaf etdiyini göstərir.
Zəhra Ağaverdiyeva
Neftçala rayonu


































































