Bir tarixi ədəbi təcrübə
yaxut Şuşaya gedə bilməyənlər
Ey dili qafil, filfaili-məhcul, fani f...
Derlər,
Unudulmuş oxucu,
Bir tarixi ədəbi təcrübəni ibrət olsun deyə bölüşmək ehtiyacı duyuram. Doğma torpaqlarımız işğal olunduğunda, düşmən əsarəti altında inlədiyində, demək olar ki, bütün şairlərimiz düşmənin qəddarlığından, yurdlarımızın yağı tapdağında qalmağından, torpaq-vətən həsrətindən yazdılar. Daha sənətin bir janrı qalmadı ki, nəsə yazmasınlar.
Məsələn, biri deyir: “Uşaqlığım orada qaldı”, biri deyir: “Laçına, Qubadlıya, Şuşaya gedə bilmirəm”, biri deyir: “Dədə-baba məzarlarımızı dağıtdılar”, biri deyir: “İndi mənim evimdə erməni uyuyur bu axşam”, biri yazır: “Tez-tez evimiz yuxuma girir”. İnsan yaşantısı, insan hisslərini danmaq olmaz. Ancaq gəlin görək, bu yerdə sənət nə deyir, bu olub-bitənlərə hansı prizmadan yanaşır, hansı tavrını nümayiş etdirir.
Nəhayət, tarix öz sözünü sənətə deyə bildi. Tarix sənətin yaxasından tutub silkələdi ki, ayıl! Torpaqlarımızı işğaldan azad etdik. Bu yolda şəhidlər verdik, neçə-neçə ocaqlar söndü, nisgilli qəlblər parçalandı.
Derlər,
Unudulmuş oxucu,
Nəhayət, bir zamanlar şairlərin sitəm etdiyi gerçəklər indi əksinə oldu. Şuşaya da, Qubadlıya da, Laçına da getmək problemi aradan qalxdı. Yurd yerlərinə gedib uşaqlıq illərini xatırlamaq, atalı-analı günlərini yada salmaq adi bir hərəkətə çevrildi. İndi qədim Qarabağın hansı guşəsinə gedirsən, insanlar yeyib-içir, deyib-gülür, çalıb-oynayır hətta. Elə biləsən, o işğal günlərimiz də, o qanlı savaşımız da heç olmayıb, baş verməyibmiş. Sanki 30 il başımıza gələnlər, yaşadıqlarımız bir yuxu kimi başımızdan keçib.
Bu gün mən qalib bir ölkənin, xalqın vətəndaşı olaraq, o məğlubiyyət duyğularına köklənmiş mətnləri heç cürə oxuya bilmirəm və belə hesab edirəm ki, sizlərdə də eyni qənaət hasil olur. Axı, mən nədən özümü təhqir etməliyəm? Qalib ola-ola aşağılıq duyğularla söz yığınlarını əzbər deməli, oxumalı, üzərində düşünməli, sənət nümunəsi kimi etiraf etməliyəm? Adamın üzünə tüpürməzlərmi ki, sən bu qədər şəhidin haqqını nədən heçə sayırsan, sən bu xalqın əzmini, ucalığını, mübarizəsini, mədəniyyətini aşağılayır, öz kölə düşüncəni məğlubiyyət sindroçu ilə təzələyirsən?
Bu yerdə mənzərə sizə tanış olduqdan sonra, belə bir müqayisə ətrafında düşünmə “ərazisi” təşkil edirəm: məğlub dönəmindəki ədəbiyyatımızla, mətnlərimizlə qalib ruhumuzu necə barışdıra bilərik?
Bir tərəfdə məğlub-uduzduğumuz dönəmin ədəbi-bədii ovqatını əks etdirən poetik nümunələr, bir tərəfdə də sənətə sirayət etmədiyi üçün, sadəcə söz yığını kimi yaşantımızda özünü doğrultmayan bu materialların zövqümüz gərəyincə xalq varidatı adına yoxa-heçə sayılma işgəncəsinin doğurduğu itirilmiş ədəbi vaxt peşmançılığı...
Biz o mətnlərdən imtina etməliyikmi, yoxsa bu materialları məğlub-uduzmuş tarixi dövrümüzün , düşmənə qarşı məğlubiyyətdən söhbət gedir, xatirəsi olaraq yaşatmaq ehtiyacımıza cavab olaraq qorumalıyıq?
Derlər,
Unudulmuş oxucu,
İndi qəribə bir sual çıxır ortaya: necə olur ağlamaq, sızlamaq, məğlubiyyət duyğusu ədəbi alanda, poetik məkanda, sənətxarici xarakter göstərdiyi halda, musiqidə ən ciddi örnəklər belə, məsələn, “Qarabağ şikəstəsi” kimi nümunələr daha çox sənət müstəvisində yükünü tutur, taxtını düzənləyir? Dərd-qəm-kədər deyirsən, burada da yoxmu?
Birmənalı: xeyir, bu qarşılaşdırmalar ayrı-ayrı istiqamət və yönlərdən, estetik-fəlsəfi təmayüllərdən xəbər verir. Bəs bu ayrıntını, bu həssas fərqliliyi necə izah edə bilərik?
Bu yerdə bir xalqın dərin yaşam kökləri - biçimi, dünya qavramındakı özəllikləri ilə bir xalqın gündəlik və dəyişkən, üstəlik də dünyadakı fiziksəl hərəkətlənmələrindəki ciddi-tarixi mərhələli hesablarına qatılmayan itki və uğursuzluğunu üz-üzə gətirməliyik ki, əsl həqiqət üzə çıxsın və Qarabağ şikəstəsi kimi bir ecazın varlığını kimliyimizdə hələ də diri tutduğu - tutması anlaşılsın.
Qarabağı itirməyimizdən doğan kədər bizim bu dünyadakı tarixi yanlışlığımızdan irəli gələn gerçəkliklər idi. Bu gerçəklik də şeirə, sözə, musiqiyə yansıdıqda, mahiyyəti gərəyi dünyəvi və dəyişkən, fərdin deyil, toplumun xarakterik özəlliyini unudaraq, yaddaşından uzaq düşməsi səbəbindən verdiyi itkiylə bəşəriləşib-ilahiləşə bilmir.
Derlər,
Unudulmuş oxucu,
Ancaq görünür, Qarabağ itkisindən (bir zamanlar) yazılan əsərlərin məğlub təfəkkürü yanında, “Qarabağ şikəstəsi” kimi əsərlərin sənət müstəvisində əbədiləşməsinin kökündə bu sənət nümunəsinin xalqın ilahi itkilərə (təqabül edən, intiqal edən, birbaşa sirayət edən) bağlantılarının durduğu kəsindir və üzə çıxır.
Xalq özündə ilahinin qoruduğu gücünü-əmanətini yaşadıb üzə çıxarda biləndə, sənətlə qovuşduranda, səmimiyyət gerçəkdən həqiqətə rəməl atır.
Ancaq xalq öz yaddaşının unutqanlığı ucbatından, yaddaşına etdiyi xəyanətdən dolayı bu peşmançılığını sənətə yönəldəndə, gülünc vəziyyətə düşür. Necə ki, biz, Qarabağ itkisindən yazdığımız əsərləri bu gün oxuya, ifa edə bilmirik.
Mən axı necə kədərlə deyim ki, “Hər yerə gedə bilirəm, Şuşaya gedə bilmirəm”, əgər bu tipli məğlubiyyətə köklənmiş zehniyyətdən doğan görüşləri təkrarlamış olsaq, xalqın yaddaşını oyatma səriştəsindəki ilahi energetikanın oluşdurduğu yeni bir heysiyyətin də üzərinə qara bulud çökdürmüş olarıq.
Xanəmir Telmanoğlu









































































