Kaş Qaçaq Nəbi türk olmazdı

Hit: 96
Kaş Qaçaq Nəbi türk olmazdı
Ey dili qafil fil faili məchul fani f….
 
Derlər,
Unudulmuş oxucu,
Hərdən bir sosial şəbəkələr Babək, Xətai, Koroğlu, Qaçaq Nəbi, Həcər … bizdən deyil, onların bizə dəxli yoxdur kimi hayqırışlarla dolub-daşır. Əlbəttə, bu kütləvi eyforiya riyakarlığı olmasa da, belə bir toplumsal müjdəni karnavala çevirənlər tətikdə bəklərcəsinə fürsəti fövtə vermir. Çünki bu mövzuların belinə minib həm tarixdə, həm kütlə kəmhövsələsində, həm də asilik silsiləsinin birinci olmaq yarışlarında seçgin-intellektuallıq xalı yığmağın da fürsəti, imkan olduğu şəksizdir.
Etibarlı bir əsasnaməylə, sual olunur ki, axı bizim ictimai fikir arealımızda hansı münbit zəmin adını saydığım tarixi şəxsiyyətlərin bizdən olmadığını təsdiqləyir və üzə çıxardır. Yaxud adı sadalanan o tarixi şəxsiyyətlərin xalqdan-millətdən-gələcəkdən uzaq hansı xüsusiyyətləri və otoriteləri talançılıq edir ki, çağdaş şüuraltı refleksiyasında önə çıxır, gözə girir, yaddaşa öncüllük edir, toplum gündəmində maraq ritorikasıyla aksiya təşkil edə bilir, törədir, oluşdurur. O şəxsiyyətlərin hansı xüsusiyyət və xarakterik özəlikləri çağdaş fərdi yaddaşı və ictimai yaddaşı bu qədər təcavüzə məruz qoyur?
 
Derlər,
Unutqan oxucu,
Məncə və həmcə, subyektiv qələt katalizatorluğunu toplum-kütlə kəramətinə buraxdığında öz missiyasındakı asiliyi qəhrəmanlıq aqibətiylə qarşılayır. Yəni, Babəki, Xətaini tənqid edən, sevməyən, bəyənməyən şəxs, hara yozursan yoz, onun bütün hüceyrələrindəki macəralarında Babək, Xətai olmaq içgüdüsü öncüllük oluşdurur.
Əlbəttə, Babəki, Xətaini, Nəbini sevməyən, tənqid edən, aşağılayan şəxs, özü də bilmədən, o şəxsiyyətlərin bu günümüzə sirayət edən obraz yoxluğununun, kasadlığınının, daha doğrusu zəifliynininin tamlığını  bərpa etməklə uğraşmış olur. Bu bütövlüyü, bu zəifliyi gücləndirməyi isə o tarixi şəxsiyyətlərin adından, kimliyindən aldığı güclə bütövləşdirib yaratmaq niyyətindədir. Əlbəttə, onun bu asiliyinin belə bir zəif bixəbər oyunçuluğundan da yetərincə məlumatlı olmadığı anlaşılır. Xalq demiş, özündən xəbəri olmur.
Məsələ əsla yaxşı və pis, ağ və qara, xeyir və şər mahiyyətinə təyinat almaq niyyətində olmaqdan getmir. Tarixi şəxsiyyətlərin illah da yetərsiz kimliyə və obraz dolğunluğuna layiq olmadığı üçün deyil, tənqid edənlərin yaşadığı dövrə (çatışmayan) tarixilik vəd edən mənəvi-mədəni gücünün yetərsizliyindən doğan kompleksdən irəli gəldiyini bildirmək istəyirəm.
Hə, bir də danışıqlar-qarşıdurmalar, konfliktlər şüuraltı təlaşların hər hansı bir zamanlamayla kəsişdiyi, toqquşduğu frekansları hardasa bir az intellektuallıq qlamüruna, vakuumuna düşməyindən irəli gələn ərkdir-ərklənmədir. Tənqid edən özünü intellektuallığın ağıldışı daşqınlığında bir az tox göstərmək üçün, belə bir əyləmə baş vurur. Bu zaman onun ən uyğun malzıməsi, əldə edəcəyi vasitə tarix ola bilir. Bu milli tarix öz ağır dəyərlərini ortaya qoyduğunda yüngül ağıl nisbətini intellekt kargüzarlığına qaldırmaq istəyən bir qırıq küyə gedən, küyləməninin, küyləmçininin iç-ruhsal sakitlik tələbatına yem olur, prim verir. (Tarix bizim kimi toplumlarda hardasa bir az da mentallığı ilə yaxınlıq göstərmək şansını qullanır:-x.t.)
Ümumiyyətlə, bizdə, hələ də tarixlə bağlı şüuraltı bir yarımçıqlıq kompleksimiz məzar qazır, toplumu aşağılama dağallığına gedir, cığallığına itir. Biz, tarixə bağlı olduğumuz qədər, tarixdən yarımçıq duran, əliboş qalxanlığımızla var olan millətik. Bizim tarix zehniyyətimiz həssas işlədiyi nisbətdə, tarix şüurumuz da doyumsuzluq, ac-gözlük hikkəsini o qədər işə salır.
 
Derlər,
Unudulmuş oxucu,
Yuxarıda demək istədiklərimə əlavəm var: tarixdə tam, bütöv olduğumuz qədər, tarixə yönəlik şüurumuzun hardasa azğın olmasının da müəyyən səbəbləri var. Bu səbəblərdən başda gələni, bizim millət olaraq bəlli bir adla tatmin olmağımızla yanaşı, (məsələn, türk) bir millətin fərqli adlar altında bir çox çeşitli coğrafiya və çeşitli kültürlərin əhatəsində (qazax, qırğız, türkmən, özbək, tatar, başqırt, qaraqalpaq, qaraçay, uyğur və s..) eynimahiyyətli energetik təmayüllərlə var oluşumuz, mövcudluğumuzun bir uğurudur.
Üstəlik, bu fərqli fərqli adlar və coğrafiyalarda eyni mahiyyətin məsuliyyətini daşıyan bir millət kimi, bir-birlərimizdən xəbərsiz şəkildə kimlik qoruyur, kimlik yeniləyir, tarixə də elə bu parçalanmış milli energetik gerçəklərin yönəltdiyi cizgilərlə baxdığımızı da etiraf etməliyik.
Mete xanmı, Atillanmı, Gül Təkinmi, Oğuz xaqanmı, Çingizmi, Teymurunmu, Fatehmi, Orxan Qazi mi, Şah Xətaimi, Yavuz Səlimmi, Atatürkmü, Abdulhəmidmi, Ənvər Paşamı, Məmmədəminmi, Xiyabani-Səttarxan-Pişəvərimi sənin deyil və sənə aidiyyatı yoxdur. Yaxud Uyğurstan, Orta Asiya mədəni-milli-coğrafi arealından Qafqaz-Anadolu sloqanına uzanan məzmun-forma-ideyanı necə inkar edə bildiyini sübut etməkdə acizsən.
Ona görə də bizim düşünən kəsimininin parçalanmış bir tarixi şüurunda rəndələnəcək, nizama salınacaq kəm-kəsirlərin zəngin əyər-əskikliyini dilə gətirməkdən də qorxmaq lazım deyil.
Xətaidən, Qaçaq Nəbidən nə qədər qisas almağı düşünəcəyiksə, bir o qədər də Xətaininin və Nəbininin yerində olmağı bilincli-bilincsiz varlıq alqılayışımzda gizlədə bilməyəcəyimizi də etiraf edəcəyik bir gün. Etməliyik.
Çünki Qaçaq Nəbi ədalət tələb edib, sən edə bilmirsən, rus çinovniklərinə qarşı savaşıb, sən savaşa bilmirsən, zəngin bəylərə, xanlara, vicdansız imkanlılara qarşı dirəniş göstərib, yeri gələndə dərsini verib, sən o cəsarəti özündə tapa bilmirsən, dağda daşda yatıb, el-obasından didərgin düşüb, sən əsla bunları bacvarmazsan, sən o cəsarət və kişilik-qeyrət-hünər sahibi deyilsən.
Nəbi həyat yoldaşı ilə illərlə çöl-bayırda can çürüdüb, minlərlə ölümün gözünə dik baxan kişilər arasında bir kişilik, ailə, namus etibarı qazanıb, sən arvadınla qol-qola metroya kimi gedə bilmirsən. Sən qələt edirsən, bu tavr və münasibətini sərxoşca sərgiləməyinlə, kim olursan ol, Nəbiyə nifrət belə edəcək cəsarət və gücdə deyilsən.
Qaçaq Nəbi adı-şəxsiyyəti-obrazı-kimliyi yüz illərdir xalq arasında elə sağlam-saf sevgiyə sahibdir ki, o, düşmən bir millətin məsubluğunu da daşımış olsa idi, ona sayğı və rəğbətimi gizlətməzdim. Hansı ki, o adam ola bir tük övladı.
 
Derlər,
Unudulmuş oxucu, 
Gəlin həqiqəti danışaq. Son zamanlar bir qrup əsli zatı şübhəli hədəf aldığı şəxsiyyətləri etnik milli kimlik üzərindən yargılamaq niyyətindədirlər. Bu adamlar Ramiz Mehdiyevlə əlaqələrini-bağlantılarını ört-basdır etmək üçün ictimai gündəmi belə şərəfzadə mövzuları rəzilxanəyə sığdırmaqla-təpməklə diqqət yayındırma şousu düzənləməkdə mahirlər.
Hər şey bir yana, milli kimlik üzərindən qəhrəman-şəxsiyyət yargılamaq azarı bizim guya ictimai şüur formalaşdırma mərkəzinə nəzarət edənlərin önşakəridir. Guya Nəbi kürtdür, guya Həcər də erməniyə ərə gedib. Bu faktın heç biri kəsinliklə doğru deyildir. Zatən bütün Qubadlılara düşünüb düşünməyən kürt kimi baxır.
Birincisi, insan kürt də ola bilər, türk də, ingilis də, rus da. Bu milli kimlik ilkəsini və mülkünü kimsə sorğulaya bilməz. Çünki bu seçim qayıbla və ilahiylə bağlı adına yazı-qədər deyəcəyin bir olaydır.
İkincisi, çağdaş dünya hər hansı bir sistemində milli qarşıdurma və etnik ədavət içərən heç bir simuliyyətivliyə, real-ireal cizgiyə yer verməz, bu mövzuda insanlıq, birgəyaşayış faktorunu ortaya atmaqda məharət göstərər. İnsanın çağdaş dünyada milli kimliyi və etnik fərqliliyi qabardıldığında, cəmiyyətin ictimai şüurunda birgəyaşayış üçün harmoniya təşkil etmir. Ona görə də bu gün axıdılan qanlar da milli və dini qarşıdurmalarla hardasa özünün başlanğıc fəlakətini hazırlamış hesabındadır. Nə qədər maddi və mənəvi itkilər bu xəstəlik ucbatından gözümüzün önündə öz faciəfi ssenarisini səhnələşdirməyi çəkinmir.
 
Derlər,
Unudulmuş oxucu,
Bəzi üzdəniraq fikir oluşduran-gündəmdə gündəm yaratmaq istəyən populyarlıq yanıxlar, konkret olaraq Qaçaq Nəbini hədəf almaqla, Azərbaycanın bir bölgəsini hədəf aldıqları qənaətimi də ərz etmək istəyirəm. Bilmiş olun ki, Qubadlı rayonunda da bildiyim qədərincə az sayda kürt qardaşlarımız yaşayıb.
Kaş hamısı kürt olardı bütün Qubadlıların. Qaçaq Nəbi kürt deyil. Kaş Qaçaq Nəbi kürt olardı. Millət öz milləti dışında qalmış kim olur olsun, adına dastan bağlamaz. Unutmayın, diqqətinizə sunduğum  arqument elə bir fakt və konsepsiyadır ki, belə bir aktın gerçəkliyi yalnız millət-xalq, tarix və İlahi qanunlar, metafizik düzən, spiritual harmoniya əsasında sonuc bulur, şəkil alır. Dünya dağıla belə bir sakral-spirtual-milli energetik təmayül, təmərgüzləşmə gerçəkləşə bilməz.
Demək istədiyim odur ki, bu ölkədə milli-etnik-irqçi təcavüzçülük zina qismində və fahişəlik babında bir “otorite” zəhmətini-əzmini öz başında çatladacaq. Bu xalqın üzə çıxardığı övladları onun-millətin varlıq şüurununun-qeyrətinin tariixi və kosmik-metafizik həssaslığından barınmış, halallıq süzgəcindən keçirilib spirtuallığından mifə qədər irəliləyərək kimliyində yer aldığından, o şəxsiyyətləri yaddaş və tarixdən silmək heç cür mümkün deyil.
Hətta impulsiv neqativlik belə o şəxslərə-tarixiliyə yeni mif və spirtuallıq qazandıracaq, metqafizik hərəkətlənmə təşkil edəcəyi şəksizdir və kütlə şüurununun fürsətçilləri bunu bilsələr, bu mövzuda ağızlarını da aça bilməzlər.
 
Xanəmir Telmanoğlu






Redaktorun seçimi