Bizdən törəyən, bizə sığmayan

Hit: 167
Bizdən törəyən, bizə sığmayan
Ey dili qafil, fil, faili-məchul, fani-f...
 
Derlər,
Bizim onu deyil, Xətaininin bizi dartışdığını yaxşı hiss edən oxucu, 
 
Son günlər heç də yeni olmayan bir dartışma cəmiyyəti ağzına alıb. Bu mübahisənin mövzusu və məğzi budur: Şah İsmayıl Azərbaycan türkünün övladıdır, yoxsa düşmənidir? Şah İsmayıl çağdaş İran imperiyasının bu gününə xidmət edib, yoxsa öz xalqına, öz millətinə? Ümumiyyətlə, Şah İsmayıl Azərbaycan tarixi-mədəniyyəti və gələcəyi üçün nə anlam daşıyır, hansı mahiyyət kəsb edir?
Son 30 ildə, müstəqil olduğumuz tarixdən etibarən, hər iki-üç ildən bir Şah İsmayıl Xətai ilə bağlı cəmiyyətdə-ictimaiyyətdə gərgin dartışmalar, mübahisələr gündəmə gəlir. Sizcə, bu mübahisələr Azərbaycana hansısa bir faydanı təmin edə bilirmi?
Bir qisim insanlar düşünür ki, Xətainin yürütdüyü siyasət bölgə və mədəniyyətimiz, xalqımız üçün fəlakət gətirib. Sünni-şiə qarşıdurması pik həddə çatıb. Fars şovinizminə rəvac verib, xalqları, dövlətləri bir-birinə qırdırıb. Ümumtürk tarixini zədələyib. Gələcəyə stimul verəcək sağlam, dəyərli bir dövlətçilik ənənəsi ötürə bilməyib.
Bir qisim insanlar da Xətainin bizim babamız-keçmişimiz olduğunu müdafiə edir. Onun türk dilində yazdığı mətnləri, qurduğu dövlətin rəsmi dilinin ana dili olması həssaslığını yüksək qiymətləndirir. Hətta bir az da irəli gedərək, çoxları özünün nəsl-nəcabətinin Şah Xətaiyə gedib dayandığını irəli sürür.
 
Derlər,
Unudulmuş oxucu,
Məncə, azərbaycanlıların bu şəxsiyyətə qarşı ikili düşünməsi, ikili standartlarla yanaşma şımarıqlığı ilk növbədə Şah Xətainin bütün parametrləri ilə bizimlə bağlı (dəxli yoxdur: pis-yaxşı...) sıx tellərinin olma sərmayəsidir. Hansı ki, Şah Xətai geniş mifoloji-mədəni anlamda bizdən törəmədir. Ciddi təhlil edə bilsən, görəcəksən ki, bizdən törəmiş Xətai bizə bənzəmədiyi, bizim daxili istək və arzularımızı, xəyallarımızı ifadə edə bilmədiyi üçün ona qarşı yanaşmalarımızda birmənalı ola bilmirik. Başlanğıcını bizdən alan, bizdən törəyən Şah Xətai həm də bizi qəbul etməməkdə israrlı davranır. (Çünki biz, özünə çağdaş azərbaycanlılar deyən kəsim, nəsil,  bəllli bir ölçüsü-coğrafi ərazisi olan çağdaş şərtlərlə idarə olunan bir dövlətin siyasi-mədəni-tarixi kimliyini daşıyırıq. Bu mənsubluq siyasi-dini-liberal-demokratik dəyərlərlə Şah Xətai imperiyaya dayalı dövlətçilik sistemininin ideoloji bazasında görünmür, itir və istər istəməz gərginlik yaradır:-x.t.)
Məsələ bundadır ki, Azərbaycan xalqının tarixi və mədəni zamanlamasında Xətainin keçmişi ondan öncəki tarix DEYİL, BİZİK, bu bugünkü Azərbaycandır. Bizim isə keçmiş milli energetik həssaslıq və heysiyyətimizə aidiyyəti olmayan bir mif olaraq Xətainin heç bir dəxli yoxdur. Biz onunla bu gün heç bir əlaqə yarada, irtibat qura bilmirik. Nə dövlətçilik, nə dövlət fəlsəfəsi, siyasəti, ideologiyası baxımından heç bir sağlam əsaslı məsuliyyətimiz dövriyyəyə keçmir.
Böyük bir coğrafiya üzərində ağır bir ideoloji inanc sisteminin ortaya qoyduğu tarixi zamanlama, mədəniyyət həddi bu günkü gerçək coğrafi və mədəni energetik bazamızla dünənə varislik etmək şansından uzaqdır. Hətta yad və ögeydir. Bu gün Yaponiya ilə, Pakistanla daha uyğun bir uzlaşma konturlarını cızıb mədəni dialoq zəmini hazırlamaq mümkündür, nəinki XVI əsrdəki keçmiş tarixi-energetik mədəni tutumu parçalayıcı missiya sərgiləyən bir xələfimizin hər hansı bir kodu-şifrəsi ilə milli şəfaətimizi-ilahi mutluluğumuzu təmin edə bilərik.
 
Derlər,
Unudulmuş oxucu,
Biz Xətaini ona görə dartışırıq ki, bu şəxsiyyətin adı ilə bağlı tariximiz bizə məxsusdur və bizə məxsusluğunda olduqca üzücü, böyük-şanlı qəbul edilən faktlar mövcuddur. Bu faktlar bizim zaman-zaman genetik-ideoloji hədəf üfüqümüzdə ümid çırağına, parıltısına dönüşərkən, bizim əl-qolumuzu həm də bir tərəfdən bağlamış olub. Sünni-şiə ideoloji çatışması ilə üz-üzə qalmışıq.
Hətta Osmanlı-Səfəvi savaşı tarixdə olmasaydı, bəlkə də bu qədər gerçəklər, həqiqətlər, o dövrlə bağlı bu gün bizə lazım olacaq uzantılar, bağlar da üzə çıxmayacaqdı. O savaş tarixdə bu gün baxımından bizə çox hikmətlər və düşünmə imkanları sağladı, nəinki o tarixdə o savaşdan kənarda mövcud olan olay və hadisələr, gedişatlar: siyasi, taktiki, hərbi həngamələr.
Xətai olayı bizim acımızdan Azərbaycan məsələsi üçün tarixi bir vaqeə deyil. O, tarixi bir gerçəklikdən daha çox, mədəni və mədəni-energetik hərəkət nöqtəsi, hərəkətlənmə dialoqu, coşqu yaradacaq cizgilərə vəsilə olan stimullaşdırıcı yarlıqdır.
Xətainin mədəni-milli energetik bazasından bu günə sirayət edə bilən “əməlləri”, “əmanətləri” bir az da hərbi-siyasi-dini identiklikdən daha çox, daha ötə, həm də xəyal və xatirə karmasının oluşumu ilə müşayiət olunur. Orada, Xətainin durduğu nöqtədə,  xeyli (milli-genetik) xəyalımız və bəs deyincə xatirlərimiz vardır. Biz bu xəyal və xatirə təravətini qorumaq üçün həmişə birmənalı deyil, ikibaşlı, ikiqütblü danışıq və gərginlikləri nəzərə almalı, buna tolerantlıq da göstərməliyik.
 
Xanəmir Telmanoğlu






Redaktorun seçimi