Laçın zəfəri milli iradənin, dəmir diplomatik qətiyyətin və - Şanlı Qayıdışın parlaq təntənəsidir
26 Avqust – Laçın Şəhəri Günü təkcə təqvimdəki əlamətdar bir tarix deyil, həm də müasir dövlətçilik tariximizdə milli qürurun, siyasi iradənin və tarixi ədalətin böyük qələbəsidir. Otuz ilə yaxın davam edən ağır həsrətdən və mənəvi sınaqlardan sonra Laçının yenidən öz doğma sahiblərinə qayıtması Azərbaycanın hərb, diplomatiya və quruculuq salnaməsinə qızıl hərflərlə yazılmış müstəsna zəfər səhifəsidir. Məhz bu tarix yalnız bir şəhərin işğaldan azad edilməsi deyil, həm də bütöv bir regionun yenidən dirçəliş layihəsinin – Böyük Qayıdışın ən parlaq, konseptual mərhələsinin rəsmi təməlinin qoyulması kimi tarixdə əbədiləşmişdir.
1992-ci ilin mayında hərbi təcavüzə və geopolitik ədalətsizliyə məruz qalan Laçın öz zəngin yeraltı-yerüstü sərvətləri, füsunkar təbiəti və bənzərsiz coğrafi-strateji mövqeyi ilə təkcə Şərqi Zəngəzurun deyil, bütövlükdə Qarabağın "qızıl qapısı", milli təhlükəsizliyimizin vacib istinadgahı hesab olunurdu. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan müzəffər Zəfərin ardınca imzalanmış üçtərəfli bəyanata əsasən Laçın rayonunun böyük hissəsi dekabrın 1-də işğaldan azad edilsə də, şəhər mərkəzi, Zabux və Sus kəndləri müvəqqəti olaraq dəhliz zonasında qalmışdı. Lakin Dövlət başçımız cənab İlham Əliyevin nümayış etdirdiyi dəmir iradə, dərin diplomatik uzaqgörənlik və Azərbaycan Ordusunun yüksək peşəkarlığı sayəsində alternativi olmayan strateji infrastruktur layihəsi – yeni Laçın dəhlizi yolu çox az müddətdə başa çatdırıldı.
2022-ci il avqustun 26-da Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Laçın şəhərinə daxil oldu və üçrəngli bayrağımız yenidən Laçın səmalarında əbədi olaraq dalğalandı. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə məhz bu şanlı günün Laçın Şəhəri Günü kimi təsis olunması tarixi yaddaşımızın bərpası və dövlətçilik şüurumuzun möhkəmlənməsi yolunda atılmış müstəsna addımdır.
İşğaldan azad olunan digər ərazilərimiz kimi, Laçın da bu gün tamamilə yenidən qurulur, özünün ikinci, daha möhtəşəm ömrünü yaşayır. Şəhərin yeni inkişaf xəritəsi müasir şəhərsalma prinsipləri, "ağıllı şəhər" konsepsiyası və milli memarlıq ənənələrinin təkrarsız harmoniyası üzərində bərqərar olub.
Tarixi-mədəni kimlik və coğrafi-ekoloji mühit diqqətlə qorunmaqla həyata keçirilən irimiqyaslı yenidənqurma işləri Laçına fərqli bir estetika, zəriflik və müasir şəhər mədəniyyəti bəxş etmişdir.
Bölgədə uğurla tətbiq edilən "Yaşıl Enerji" konsepsiyası zəngin su və günəş resurslarına söykənərək ekoloji cəhətdən təmiz hidroelektrik stansiyaları və smart-enerji şəbəkələrinin qurulmasını təmin edir. Eyni zamanda, yaradılan Laçın Sənaye Parkı, sənətkarlıq emalatxanaları, aqrar, ekoturizm və rekreasiya sektorlarının inteqrasiyalı inkişafı regionun iqtisadi potensialını tam gücü ilə hərəkətə gətirərək yerli əhalinin dayanıqlı məşğulluğu üçün möhkəm bünövrə formalaşdırır. Bütün bunlarla yanaşı, ən yüksək standartlara cavab verən mənzil fondu, məktəblər, tibb müəssisələri və zəruri sosial-mədəni obyektlər sakinlərin layiqli, təhlükəsiz və rahat yaşaması üçün hazır vəziyyətə gətirilmişdir.
Yüzlərlə ailənin artıq öz ata-baba ocaqlarına, doğma yurd yerlərinə qayıtması Laçının küçələrinə, məktəblərinə və həyətlərinə yenidən ruh, həyat və uşaq gülüşləri gətirib. Şuşadan Laçına uzanan bu zəfər və quruculuq yolu xalqımızın yenilməz iradəsinin, milli birliyinin, dövlət-xalq sarsılmazlığının əbədi rəmzidir. Dağlar qoynunda yenidən dirçələn və bərpa olunan Laçın bu gün təkcə keçmişin nisgilini və həsrətini silmir, həm də gələcək nəsillərə qürurla ötürüləcək, qalib bir xalqın qüdrətli dövlətçilik mirasını təmsil edir.
Bu gün Laçında dalğalanan üçrəngli bayrağımız əbədi suverenliyimizin və quruculuq əzmimizin təntənəsidir. Şanlı Qayıdış həm də tarixi ədalətin bərpası, həyatın və sülhün bu torpaqlara qayıtmasıdır. Azərbaycan xalqı əmindir ki, bundan sonra da hər bir qarış torpağımızda sülh və əmin-amanlıq hökm sürəcək, viran qoyulmuş yurdlarımız daha da gözəlləşəcəkdir. Torpaqlarımızı qanı və canı bahasına bizə vətən edən, azadlıq bayrağımızı ucaldan əziz Şəhidlərimizin müqəddəs ruhu qarşısında dərin ehtiramla baş əyir, qazilərimizə şəfalar diləyir və bütün xalqımızı Laçın Şəhəri Günü münasibətilə təbrik edirik.
Bayramın mübarək, müqəddəs və əbədi azad Laçın!
Professor Mahirə HÜSEYNOVA,
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Əməkdar müəllim

































































