Xalq öz övladlarını qorumalıdır

Hit: 268
Xalq öz övladlarını qorumalıdır
 
Ey dili qafil, fil, faili-məchul, fani-f...
 
Derlər,
 
Unudulmuş oxucu,
 
Həyatım boyunca sayğı duyduğum az sayıda siyasi liderlər olub. O liderlər kimliyindən, dinindən, irqindən asılı olmayaraq xalqının mövqeyini və mənəviyyatını ayaqlar altına atmayıb, kimlərəsə taviz verməyib. Mənə görə, bu liderlər dünyanı dərk etməyə başlarkən, özləri üçün həyatlarının bir tərəfində ölümü, bir tərəfində xalqın mənafeyini seçməkdə tərəddüd etməyiblər. Bu siyasi kimliyə sahib liderlərdən biri də qardaş Pakistanın 22-ci baş naziri İmran Xandır. Mən onu siyasi səhnədə gördükdən sonra, etiraf edirəm, hiss elədim ki, qırışlarım açılır, ruhum sakitləşir-gah alovlanır, özümü olduqca güclü, əyilməz, yenilməz hiss etməyə başlamışam.
 
İmran Xan dünyanın ən gərgin siyasi dönəmində xalqının başına keçdi. Onun oturuşu, duruşu, sərgilədiyi siyasi tavır bütün dünyanı silkələdi. Onu görən hər kəs dərk edirdi ki, bu adam xalqının və uğrunda yola çıxdığı ideyası naminə canını qurban verməyə, şəhid olmağa niyyətlənib. Siyasi gedişatı izləyən və dərk edənlər də zamanında dilə gətirirdilər ki, İmran Xanı bu gedişlə ya öldürəcəklər, məhv edəcəklər, ya siyasi səhnədən bir türlü uzaqlaşdıracaqlar. Deyilənlər də oldu. Müsəlman və türk dünyasının, özəlliklə də fəqirlərin, əzilənlərin ümidinə, xəyalına çevrilən İmran Xan bütün bunları, ona qarşı dünya imperializmi səviyyəsində aparılan kampaniyanı görə-görə, hədəfindən bir addım da olsun yayınmadı, geri çəkilmədi. Şərə qarşı apardığı o müdhiş savaşına inancı gərəyincə bağır basdı, can qoydu.
 
Özü də inancı baxımından müsəlman olan İmran Xan bu kimliyinin böyüklüyünü şəxsiyyətindən ideallarına daşıyan bir cürəti ilə sionist-imperialist güclərin qarşısında siyasi səhnədə olduğu müddətdə zərrə qədər geri çəkilmədi. Hər addımı, hər mimikası, hər üz-göz hərəkətləri ilə bu adam kimlərlə savaşdığını, nə üçün savaşdığını, bu savaşın bizləri hara apardığını açıq və net şəkildə bəyan edirdi. O özünü gizlətmirdi. Onun başqanlığı dönəmində Azərbaycan, Pakistan, Türkiyə dövlətlərinin hərbi müstəvidəki müttəfiqliyi bütün şər qüvvələrin kürkünə birə saldı. İmran Xan hər baxımdan çəkici və xarizmatik avtoritetini ortaya qoydu və bu “məhsulun” gələcəyimiz açısından şəxsən mənim dadı-damağımdan getməyən bir özləmə, həsrətə də şərait yaratdı.
 
Derlər,
 
Unudulmuş oxucu,
 
İmran Xan bir müsəlman və insan kimi daşıdığı məsuliyyəti dərk etdi, xalqı yolunda bütün maneələrə baxmayaraq gərəkli addımı atdı. Hətta bu addımların müsəlman aləmi üçün də hansı müdhiş azadlıq və hürriyyət doğuracağı dərki də açıq-aydın bilinməkdədir. Bəs bu gün sionist-imperialist şər gücləri tərəfindən min türlü haqqında ləkələr uydurularaq həbs edilən, içəridə başına olmazın əzabı açılan İmran Xan haqqında nədən səs-soraq yox, kimsənin cınqırı çıxmır? Bəs uğrunda savaşıb siyasi səhnəyə çıxdığı, şərə qarşı ölümsüz mübarizə apardığı, xalqın-ümmətin əzmini, iradəsini dirçəltdiyi bir kişini hər kəsin gözü qarşısında linç edirlər, aşağılayırlar, öldürürlər, ancaq o xalq-o kəsim seyrçi halında nəyisə gözləyir. Nədən gedişata, baş verənlərə, konkret olaraq İmran Xan kimi bir şəxsiyyətin rəzilliklə yox edilməsinə göz yumur, susqun qalır? Demək, bu xalqın uğrunda mübarizə aparmağa dəyməz, savaşmağa yer yoxdur, onların mənəvi və hər türlü hüququnu müdafiə etməyə ehtiyac yox imiş. Bu yerdə demək istədiyim budur: xalq hər zaman öz övladlarından inciyər. İnciyər ki, ağır gündə onun yanında olmadı, ən çətin dönəmlərində onun səsinə çevrilmədi, onun azadlığını, özgürlüyünü müdafiəyə qalxmadı. Haqlıdır. Bəs övladları, əsl oğulları şər qarşısında aşağılanıb, xəyanətə qurban gedəndə, o xalq nədən öz övladını şərin-iblisin caynağından almır, ala bilmir?
 
Derlər,
 
Unudulmuş oxucu,
 
Məncə, qardaş Pakistan kimi bir ölkənin nüvə silahına sahib olmağı o qədər də önəmli olmamalıdır. Niyə? Çünki onun o nüvə silahından böyük şərə qarşı daha kəskin, qorxulu bir silahı var, o da İmran Xan və onun kimi övladlarıdır. Ən azından xalq bu şəxsiyyətə onun ən dar günündə, ağır günündə sahib çıxmalı, yanında olmalıdırlar.
 
Pakistan həm də Məhəmməd İqbalı, Məhəmməd Əlini, Məhəmməd Əli Cinnahı, Liaquat Ali Xanı, Əbdüs Salamı, Əbdül Qədir Xanı, Bənazir Bhuttonu, Əbdul Səttar Ədhini, Faiz Əhməd Faizi yetişdirib. Bu adlarını saydığım şəxsiyyətlərin xalqı yetişdirib, İmran Xanı. Bu xalq bu qədər də laqeyd ola bilməz.
 
Mən neçə vaxtdır özümü İmran Xanla bir yerdə zənn edirəm. Elə bilirəm ki, mənim də ruhum məhbəsdədir. Həqiqətən, xalq İmran Xan kimi oğullarını qorumalı, müdafiə etməlidir. Əks təqdirdə, o xalqların yer üzündən silinməsi yaxın gələcəkdə elə də çətin bir proyekt olmayacaq.
 
Xanəmir Telmanoğlu






Redaktorun seçimi