Tanrıyamı, İblisəmi uymuş bəşəriyyət

Hit: 225
Tanrıyamı, İblisəmi uymuş bəşəriyyət
Ey dili qafil fil fasili məchul fani f...
 
Derlər,
Hərdən xoş bir unutqanlığa möhtac qalan oxucu, 
Çağdaş elm, insanı-canlını-əşyanı-cismi kopyalama-klonlama, eynisini çıxarma metodu üzərindən gedir. Bir də var düşüncə. İnsana məxsus düşünmə olayı isə, bu artıq yaradılışla, yaradılış prosesi ilə yarışa girmə, ayaqda qalma, varolma isterikasıdır. Bu günün insanı niyə yox olur və yox olma şüuru ilə hərəkət edir? Hətta kütləvi yox edilmə də bu oxşar, bənzər instinktini, mexanizmini işə salma bağlantısı və ya arxetipidir.
“Allah yoxdur” qənaəti, energetik-tarixi proses aktivləşdikcə, “Allah” anlayışı daha da qabarır. İnsanın yaradılış mexanizmi ilə uzlaşma, dialoq yaratma həssaslığı işə keçir, dövriyyəyə buraxılır. O zaman “Yox” mərhələsi şüursal aktivlik qazananda Tanrı geniş ərazidə parlayır (anlayış, tarix, mədəniyyət şüuru, bilinci olaraq). Əks proses yetişəndə, yəni “O VAR” mərhələsi öz növbəsini şüurda aldığında, Allah, Yaradıcı güc, Var-ın energetik özəlliyi öz xassəsində geriçəkimlərlə təzahür edir. Bu məqamda kopiya-klonlaşma, eynilik nüsxəsi üzərindən çoxalma öz uzantısını, bağlamını “yox”un arxa plana keçməsi ilə bir əks, təzadlıq metodunu gündəmə gətirir. Tanrı zatən böyük-böyümə-çoxalma-artma deməkdir. Kopiya (klon), bənzər, eynilik, çoxalma prinsipi ilahi qanuna ziddir və bu cəlbedici, cazibədar kimi bilinən “çağdaş həqiqət” kultu bizi formatladığından, biz sadəcə “Tanrı var-yoxdur” anlayışını heç bir mücadilə vermədən dartışa bilirik. Yəni mən dindar olmadan, sən alim olmadan, birisi filosof olmadan əsl gerçək ilahi qanunauyğunluqların başlanğıcında öz gücümüzü, mənəvi eqomuzu doyuzdurmağa çalışırıq. Bu isə yaradılış prinsiplərinə ziddir. Ona görə nəticə həp şübhələrlə artıb gedir. Bizlər də rahatca toqquşa bilirik. Beləcə mədəni atmosfer, kult dağılır.
 
Derlər,
Əzəldən Tanrıyla “var-yox”-la danışmaq üslubunu seçən unudulması ehtimala qalmış oxucu,  
Eyni şeyin, məsələnin, hadisənin, yanaşmanın, əşyanın, cismin, canlının çoxvariantlılığı, çox sayda olması yaradıcı mərkəzi gücü azaldır, bölür, parçalayır. Eyni gücdən və surətdən eynisini götürmək və çoxalmaq əslində mərkəzləşmiş yaradıcı enerjinin azalıb yox olma xislətini bütün kosmik, metaforik nöqtələrə qədər daşıyır. Belə bir atmosfer, ali şüur sahəsində Tanrısal toxluq hakim kəsilir. Postmodern düzən yenidən dövrəyə girir. “Tanrı varmı-yoxmu?” konkret ad, gücdən çox olaya, hadisəyə, prosesə təqabül edən mahiyyət qazanır. Tam indi. Ən sağlam və fanatik dindar kəsimin şüur və inanc alanı alt qatda, şüuraltında Tanrısallıq əzabı çəkməyə başlayır.
Kopi-klon, eynilik üzərindən çoxalma, insanın oxşarlıq xassəsini həzmedən və buradan yola çıxaraq sistem ortaya qoyan potensialı travma alarkən, çağdaş dövrümüzdəki inanc situasiyası ilə qarşılaşır. Əvvəl var. Sonra yox. Sonra var. Sonra yox. Bir də həm var, həm yox. Ola da bilər, olmaya da bilər. Ən qorxunc qarşılaşma, metafizik üzləşmə və dialoq burada həll olunur. Yaradıcı var, ancaq ölüdür. Ölü mətn, ölü müəllif konfiqurasiyası və bədii təyinatlı təfəkkürün inanc şüurunda hakimliyi. İnsanın inanc sistemi bədii-poetik kulta tabedir, möhtacdır, onun tabeliyindədir. Bəşəriyyətin poetik təfəkkürü gücləndikcə, Tanrı diriləcək və yenidən hakimi-mütləq olacaq. Təfəkkür mexanikləşib rəsmiləşdikcə, bizim metafizik-kosmik şüurumuzda, sakral zamanlamamızda bu çılpaqlıq, şoranlaşma gətirəcəyi nəticə ilə, inkarla üzləşəcək. Necə ki üzləşir də.
 
Derlər,
Həta inkar etsə belə, heç cürə “Tanrı” söhbətindən vaz keçə bilməyən bilgisi bəlkələrə dayalı həmişə dayaq arayan  oxucu, 
Ümumiyyətlə, Tanrı anlayışı insan şüurunun məhsulu deyil. Bu bir tapıntıdır və pisdən-yaxşıdan, mənfi-müsbətdən əsla söhbət getmir. Mənim fikrimcə, Tanrı fikri, Tanrının “olub-olmam”ası, “Var-yox”la bağlı olan təməl qavramlar, zehniyyət bəşər sivilizasiyasına ötürülmədir. Göndərilmədir. Zatən kitabların da gəlişi bu fikri təsdiqləyir. Əks təqdirdə, kitablar zatən enməz, endirilməz, gəlməzdi. Əvvəlcə burada-yerdə bir göndərilmiş, gətirilmiş mənəvi-inanca dayalı zəmin oluşduruldu, sonra da kitab-peyğəmbər-o biri aləmlər üçbucağında sistem işə düşdü.
Məncə, xeyir və şər altşüurunu üst müstəviyə qaldırmaq üçün Tanrı anlayışının zehniyyətinin insana ötürülməsi vacib bir aşama təşkil etdi.
Yəni yer-dünya insanının zehniyyət və qabiliyyəti Tanrı anlayışını kəşf etməyə qadir deyildi. Çünki hələ də insan Tanrının nə olduğunu bilmir. Sadəcə öyrədilib, təsirə düşürülüb, qəbul edib. Əgər insanın “Tanrı var, ya yoxdur?” kimi bir şüuru daşımış olsa idi, bu qənaət onun özünə məxsus olmalıydı. Bu ideya və məsuliyyətin sahibi insan olmalıydı. “Quran” da (digər üç kiktab da ) Allahın kitabı olaraq başqaları tərəfindən yerə-dünyadakılara, bizim atmosferə-orbitə ötürülüb və ötürüldüyündən dolayı da əvvəlcədən göndərilmiş Tanrı ilə bağlı mülahizələrə söykənərək çox sərbəst və azad psixoloji yansıma ilə genişmiqyaslı mədəniyyətlərə sirayət edəcək (baş-ayağını heç bir zamanda və məkanda toparlaya bilməyəcəyin:-x.t.)bir güc oluşdurdu.
Sual həm də budur ki, nəyə görə yerə belə bir uzantı “təşkil edildi?” Bu görəvi yüklənmiş və işi görmüş güclərin buna ehtiyacı vardımı? Onların qazancı nə idi ki, bu addımı atdılar? Onların etdiyi bu jest yer insanına, yerdəki varlıqlara xeyir gətirdimi, yoxsa bu Tanrı qavramını-anlayışını bizə ötürənlərə bir olasılıq, bir gərəklilik, bir qazanc sağladı? Yəni insanın yerdə Tanrı qavramı ilə tanışlığı nəyi həll etdi, kimə nə qazandırdı və bu qazancın mahiyyəti nə ola bilərdi? Yoxsa bütün hallarda uduş, qazanc elə insana-insan tərəfinəmi qalmış oldu, üstünlüyü həmin insanı ələ almalı oldu?
 
Derlər,
Unudulduqca Tanrını önə verən önlənmiş oxucu, 
Mənim anlayışıma görə, Tanrı insanların onun haqqında dekonst­ruktiv düşünməsini, dekon­struksiyalı zehniyyətlə onu qəbul və ya inkar etməsini istəyir. Yəni Tanrı insan zehniyyət və şüurunda-inancında birbaşa deyil, ancaq köhnə-əski mahiyyətlə təzələnməyini istəyir. Tanrı istəyir ki, (sanki) onun var olması və ya yoxluğu köhnə inancın-şüurun üzərindən yenilənsin. Köklü və təməl yenilənməyi, məncə, qəbul etmir Tanrı.  (Tanrı vardır-yoxdur – hər iki halda onun varlığından, Tanrının haqqında söhbət gedirsə,demək insanlar var olan bir məsələdən danışırlar. Hətta yoxluğu barəsində söhbət gedirsə belə:-x.t.) Bu anlayış Tanrının hər zaman insan varlığında və kimliyində yeniləyib təzələnməyə ehtiyacı olduğunu ortaya qoyur. Bu anlayış həm də Tanrının nəyəsə, kiməsə möhtac olub-olmaması konteksində dərkə-idraka-şüura ötürmədiyini bildirmək istəyirəm. Tanrı həm də yaratdıqlarını faili-muxtar yaratmaqla onların Tanrıdan bir az da asılı olmadığını hiss etdirmək, bildirmək, anlatmaq istəyir. Bu o demək deyil ki, Tanrı insanı özünə yaraşdırmır, bu sadəcə Tanrısallıq baxımından gərəkli olan metafizik-kosmik prosesə dayalı anarxiyadır.
 
Xanəmir Telmanoğlu






Redaktorun seçimi