Saxta turançılığın anatomiyası

Hit: 143
Saxta turançılığın anatomiyası
 
Ey dili qafil fil faili məchul fani f....
 
Derlər,
Unudulmağı ilahi məsləhətə bağlı oxucu, 
20 il öncələridir. "Ənvər Paşa" adlı bir dərgi çıxarmağa başladım. Qərarı hələ Türkiyədə oxuduğum illərdə (1995-də) vermişdim. Sadəcə o zamanlar məmləkətdəki özünü millətçi-vətənpərvər hesab edən, səviyyəsi üzərində “görünən” bəzi tanınmışlara üz tutsam da, müsbət cavab ala bilmədim. Çoxu onların himayəsində bu işi gerçəkləşdirməyimi, əks təqdirdə əsla müstəqil şəkildə belə bir addım ata bilməyəcəklərini dolayı yolla vurğuladılar da. 
Bir sözlə, kimsə vecinə almadı, tükünü tərpətmədi. Mən də eləmə tənbəllik, Allah bilir hansı zorunluqlar hesabına o dərgini qeyri-qanuni şəkildə açdım və işə başladım.
Azərbaycanda bizim kimilərin dərgi çıxarması sizə o qədər də asan gəlməsin. Onun qeydiyyatını keçirmək lazımdır, ya yox? Nə qədər cəhd etsəm də, mən o dərginin çıxarılması üçün qanuni bir sənəd əldə edə bilmədim. Hər dəfə də üstlərinə gedəndə mənə deyirdilər ki, belə bir dərginin çıxarılması məsləhət bilinmir. Mənə “mümükün deyil” sözlərini deyən insanlarla illər sonra  daha yaxından ünsiyyət qurmaq imkanına sahib oldum. Düzdür, qeyri-qanuni olsa da, mən o dərginin 5-6 sayını bir təhər çıxardım. Sonra heç bir imkan və dəstək tapa bilmədiyimdən, Ənvər Paşa adlı bir dərki Azərbaycanda başını yerə qoydu. 
Günlərin bir günü dərginin dövlət qeydiyyatından keçməsi üçün mənə hər dəfə "yox", "mümkün deyil", "məsləhət bilinmir" kimi ifadələrlə cavab verən, həm də anladığım qədərincə bu sözləri deyərkən utanan o insanlardan birindən soruşdum ki, axı nəyə görə bu məmləkətdə "Ənvər Paşa" adlı bir dərginin çıxarılmasına kimlərsə imkan vermədi? Nəyə görə? Bəlkə Ənvər Paşa şəxsiyyətinin bizim kimi bir coğrafiyaya, mədəniyyətə, xalqa, dövlətə zərəri var? Bəlkə Ənvər Paşa adlı şəxsiyyət, onun qardaşı Nuru Paşa bu xalqın keçmişinə, tarixinə, mədəniyyətinə silinməz bir ləkədir? Axı nəyə görə bu ölkədə Rusiyaya, ingilislərə, xarici missionerlərə qul olan, farsların köpəyi yüzlərlə mətbu orqan rahat şəkildə fəaliyyət göstərə bilir, ancaq "Ənvər Paşa" adlı bir dərgiyə fəaliyyəti üçün icazə verilmir?
 
Derlər,
Böyük oğulların faciəsinə udqunduqca udqunan, unudulmaz oxucu, 
Düzdür, mən bu sualımın cavabını bilirdim: niyə icazə vermirlər. Bir ölkədə ki, bir zamanlar ingilisin, rusun, digər imperialist güclərin uzantısı olan və birbaşa onlara çalışan mətbu orqanlar bol olduğu yerdə, əlbəttə ki, Ənvər Paşa kimi şəxslərə, onun adını daşıyan dərgilərə və dəyərlərə yer olmayacaqdı.
Hər kəs yaxşı bilir ki, Ənvər Paşa dediyin zaman ilk ağla gələn TURAN ideyası, fəlsəfəsi, məfkurəsidir. Turan ideyasını, ideologiyasını Ənvər Paşanı xatırlamadan təsəvvür etmək mümkün deyildir. Gərək qanmaz, ya manqurt, ya da düşmən olasan ki, TURAN, TURANÇILIQ kimi mənəvi zəminli qurtuluş, birlik, vəhdət məfkurəsinə aparan işıqdan bəhs etməyəsən.
Bəli, o dərginin çıxarılmasına mane olanların kimliyini də dəqiq öyrənmək nəsibimiz oldu. Mənə hər dəfə olumsuz cavab verən, "məsləhət bilinmir", "icazə verilmir", "niyə Ənvər Paşa?" deyə üstümə gələn o məsul insanların bir gün səmimiyyətinə şahid oldum. O şəxs mənə dedi ki, müəllim, qayda belədir ki, hər hansı bir təşkilat, dərgi, qəzet, sayt yaradıldıqda biz (bu ölkədə) əsasən söz sahibi, hökümətin də tanıdığı bəzi tanınmış şəxslər var ki, onlara müraciət edirik. Öncə təfərrüatı ilə gərəkli bilgiləri həmən tanınmış şəxslərə ötürürük və onların hər birinin verdiyi cavabı dəyərləndirib sonucda qərar veririk ki, məsələn, siz belə bir dərgi çıxara bilərsiniz, ya yox.
 
Derlər,
100 il öncəki keçmişində işıq kimi yanan, gün kimi parlayan oğulları xatırladıqca vəcdə gələn, əlbəttə unudulmayacaq oxucu, 
İnanın, hər kəsə "hə" deyən bu məşhur tanınmış simalar, xalq yazıçı və şairləri, titullu şəxslər, qələm adamları hər dəfə sizin adınız gələndə bir-birindən xəbərsiz şəkildə deyirdilər ki, qətiyyən onun dərgi çıxarmasına imkan vermək olmaz. O ədəbiyyat generallarını siz də yaxşı tanıyırsınız. Onların qərarı olmadan bizim Ədliyyə Nazirliyində hər hansı bir dərginin qeydiyyatdan keçməsi qeyri-mümkündür.
Mən o 5-6 ədəbiyyat generalının kim olduğunu yaxşı bilirdim və onlara qarşı heç bir olumsuz tavrım, yöntəmim olmayıb. Sadəcə olaraq bir yazar, qələm adamı kimi, özümə qədərki ədəbiyyatla şübhəli qarşılaşmalarım və bu dialoqda qəbul etmədiyim məqamları zaman-zaman açıq şəkildə yazmışam. Başqaları kimi heç vaxt söyüşə, ədəbsiz ifadələrə yol verməmişəm.
 
Derlər,
Ağı qaradan, sossializmi Turan məfkurəsindən seçməyi bacaran və beləcə də unudlamayacaq olan oxucu, 
 
Ancaq bu ölkədə, bu ölkənin yazarlığını edən kim olur-olsun, Ənvər Paşa kimi bir şəxsiyyətin adı gələndə gərək heç olmasa kimlik kodlarının, genetik yaddaşının, vicdanının səsinə də qulaq asa bilərdi. Bizimkilər, təəssüf olsun ki, bu dediyim özəlliyi görməzlikdən gəldilər. Çoxları, kimsə inciməsin, yazıçı, şair olsa da, heç Ənvər Paşanın adını düzgün tələffüz də edə bilmirdi. Çox təəssüf edirəm, ölməz Ənvər Paşanın adının vasitə olaraq bir məfkurə yerində işlədilməsinə, dərgi olaraq qeydiyyatdan keçməsinə imkan vermələri üçün həssaslıqlarını qoruya bilərdilər, bilmədilər. Ona pis oluram ki, 30 il əvvəl bu məfkurə yolunda bir dərgi buraxmağa mane olanlar indi o məfkurə adı ilə hər gün orda-burda saxta çıxışlar edir, TURANÇI OLDUQLARINI gözümüzə soxurlar. Daha dərk etmək istəmirlər ki, yazdıqları əsərlərlə sosialist realizminin iyi verən çürük təfəkkürünün möhtəşəm tərənnümçüsü olmuş bu adamlar bir anda da min illərin dərin metafizik, özüllü yaddaşından qopub gələn bir ÖLMƏZ İDEOLOGİYANIN- İDEYANIN- MƏFKURƏNİN uzaq başı bu sonsuz zaman içində bir anlıq qara kölgəsi ola bilərlər.
Mən bu adamlar var olduqca, onların boğazdan yuxarı saxtakarlıqlarının Turan məfkurəsinin varlığımızdakı ərkanından danışdığı müddətcə, heç nəyə, heç nəyin səmimiyyətinə inanmıram. Elə ona görə də şəxsən mənə, mənim kimi insanlara tutduğu o yoldan ötrü lağ edən, "Qarnımız belə şeylərə toxdur" lafını qusanları indi Turançı idologiyanın az qala banisinə çevrilmiş görüb bu iyrənclikdən özümü, canımı qurtarmaq üçün bir cümlə də yazmıram. Yazmağa da həvəsimin olmadığını bəyan etmək istəyirəm.
Bir zamanlar siz və atalarınız necə kommunist olmuşdunuzsa, necə bu dünyanı, həyatı, insanlığı sosial düşüncə, təfəkkür süzgəcindən keçirib orden-medal alıb uca mövqelərə gəlmişdinizsə, indi də gedin eyni əxlaq və xarakterik özəlliyinizlə Turançı olun, Turan ideallarının banisinə çevrilin.
 
Xanəmir Telmanoğlu






Redaktorun seçimi