Qəhraman jurnalistlərimizlə fəxr edirik!
Kütləvi informasiya və təbliğatın əsas vasitəsi kimi mətbuat sosial və siyasi mübarizənin, elmi bilikləri yaymağın, maarif və mədəniyyəti inkişaf etdirməyin, ictimai rəyi və dünyagörüşünü formalaşdırmağın qüdrətli silahıdır. Tarixə nəzər salarkən görürük ki, Milli Mətbuatımızın yaranmasının uzun və maraqlı tarixi var. Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulmuşdur. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olmuşdur.
Dövrünün görkəmli maarifçiləri olan bu şəxsiyyətlər "Əkinçi" qəzeti səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. Mütərəqqi ideyaların carçısı və tribunası olan "Əkinçi" elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin qazandığı ən böyük uğurlar ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti olmuşdur. O, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edirdi. Qəzetdə təbiət elmləri və kənd təsərrüfatının inkişafı ilə bağlı elmi-kütləvi məqalələr verilirdi. "Əkinçi" Azərbaycandan kənarda da - Gürcüstan, Dağıstan, Özbəkistan və başqa yerlərdə yayılırdı.
Milli demokratik mətbuatın "Əkinçi" qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri - maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması idi. Bu qəzet Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl daşları rolunu oynadı. Ümummilli lider Heydər Əliyev hər zaman mətbuat işçilərinə hörmətlə yanaşmış, onlara zaman-zaman lazımı köməkliklər edərək, onların zəhmətlərini qiymətləndirmişdir. Ulu Öndər bir çox sahədə minlərlə peşəkar kadrların yetişməsi üçün hər cür şərait yaratmışdır. Amma jurnalistlər üçünsə məhz Milli liderlə görüş, müsahibə peşəkarlığı formalaşdıran əsas amil olub. Çünki bir çox sahəyə incəliklərinədək bələd olan Heydər Əliyev jurnalist peşəsinin xüsusiyyətlərindən də xəbərdar idi.
Elə buna görə də o, hər zaman jurnalistlərin ən çox sevdiyi müsahib olub. Bu siyasətin davamı olaraq bu gün də cənab İlham Əliyev mətbuat işçilərinə rəğbətlə yanaşaraq onların peşələrinə olan sevgisini yüksək səviyyədə qiymətləndirir. Jurnalistlər hər zaman üzərlərində dövlət dəstəyini ən yüksək formada hiss edirlər. Əlbəttə ki, bu gün biz ön cəbhədə vuruşaraq şəhid, qazi olan oğullarımızla fəxr edirik. Arxa cəbhədə xidmət edərək həyatını risk altına atan qəhrəman jurnalistlərimiz də vardır ki, bu gün qazandığımız qələbədə onların da əvəzolunmaz payı vardır. Qəhrəman jurnalist deyerkən ağıla ilk Çingiz Mustafayev gəlir. Çingiz Mustafayev tarixə öz adını qızıl hərflərlə yazdıran ilk jurnalistimiz oldu.
Onun canı bahasına çəkdiyi kadrlar erməni daşnakları tərəfindən xalqımızın başına gələn müsibətləri dünyaya sübut etməkdə ölkəmizə çox yardımçı oldu. Vətən Müharibəsi zamanı isə qardaş ölkədən gəlmiş Fulya Öztürk igidlərimizlə çiyin-çiyinə cəbhədə vuruşan jurnalistlərimizdən idi. Biz hər zaman bu fəxrediləsi peşənin sahibləri ilə qürur duymuşuq və duyacağıq.
Əli Məmmədov
Neftçala rayonu


































































