Hüseyn Cavid kim deyildir

Hit: 209
Hüseyn Cavid kim deyildir
 
Ey dadi-bidad danəndə-dəhan dərviş...
 
Derlər,
Unudulmaqdan ötəri törən keçirən oxucu,
Mənə elə gəlir ki, mövcud şərait “kontrolunda, “nəzarətində”  H.Cavidin kimliyinin açıqlanması önəmlidir. Ancaq bu kimlik açıqlığa qovuşarkən öyrəşdiyimiz yolla getmədən bir az fərqli və tərs bucaq altından cavablandırılmalıdır. Ona görə də, şairin yaşadığı dönəm və sistem, tarix olduqca önəm kəsb edir. Məsələn, sual versək ki, H.Cavid kimdir? Yaxud sual edilsə ki, H.Cavid kim olmayıb, kim deyildir? Məncə, Cavid bəy öncəliklə üç dövrü yaşamış, hiss etmiş bir düşünürdür: Azərbaycan Xalq Cümhuriyyəti dönəmindən əvvəlki çarlıq rusiyası dönəmi, Azərbaycan Xalq Cümhuriyyətindən sonrakı rus-sovet dövrü və iki illik Azərbaycan Xalq Cümhuriyyəti dövrünün azadlığına ilahi qədərlə bağlanmışlığına sığmayan inanacı, idrakı və  imanı danılmazdır.
H.Cavidin “kim olmadığı”nı anlamaq üçün əgər desək ki, o, S.Vurğun, M.Müşfiq, S.Rüstəm, M.Rahim, S.Rəhimov, Ə. Vəliyev deyildi, cavabı da düzgün olmadığı kimi, doğru anlaşılmaz, bu yanaşma qarşımızdakı sualın anlaşılma qayəsini idrak dışı saxlayar. Əlbəttə ki, Cavid "26-lar”ı, "Leninin kitabı"nı, "Təbrizim", "Leninqrad göylərində" tipli mətnləri yazmaz və yazmaqda heç bir istedad və ustalıq nümayiş etdirə bilməzdi. Ancaq Cavid əfəndinin gerçək kimliyini bir az da yaxından anlamaq baxımından belə bir yanaşmanı göz ardı etməmək gərəkir: məsələn, görəsən S.Vurğun, M. Müşfiq, S. Rəhimov, S. Rüstəm, M. Rahim "Topal Teymur", "Peyğəmbər", "Şeyx Sənan", "İblis" əsərlərini və bu tipli fərqli estetik, ədəbi-bədii, poetik təfəkkürü ehtiva edən mətnləri yazardılar? Demirəm ki, yaza bilməzdilər, bəlkə də yazmağı bacarardılar, ancaq yazardılarmı, bu mənim üçün sual altında qalan, hələ də bu istiqamətdə şübhələrimi dağıtmayan ədəbi həyəcanlarımdandır.
 
Derlər,
Yediyini deməsə, sakitləşməyən unudulmuş oxucu,
Yuxarıda göstərdiyim arqumentlərin ardınca, Cavidin yazacağı hər hansı bir əsərdən dolayı Lenin, Stalin ödülü, xalq şairi adı, partiya və dövlətin qiymətləndirdiyi dəyərləndirmə (mükafat-ad) ilə təltif ediləcəyini  təsəvvür edə bilmirəm. Olsun, bu arqumentlər zahiri və keçici xarakter daşıma özəlliyini hələ də qoruyur. Ancaq Cavidin “kim olmadığı” (bəlkə də “kimlər”) üzərinə düşünməyim bu zahiri və gündəmi zəbt edən, kütlə emosiyasını şadlandıran, sevindirən təəssüratdan uzaq bir səbəblə yayqın düşüncə alqılayışına göz açdırmadan, imkan vermədən aristokrat - elit əda təmayüllü həyati qaydaları inanc-düşüncə müstəvisində hökmə dayatması, ehkamın öhdəsinə buraxması kimi bir incəliklə məni tanış edir. Doğrudur, bu sual: “H.Cavid kim deyil”, “Cavid kim deyil ki?” sualını da diksiya və intonasiyamıza əlavə etmək olduqca sakıncalı, təhlükəli və əxlaq dışı bir müşahidə olaraq anlaşılar. “Əxlaq dışı” ona görə yazdım ki, Cavid təklər -seçilmişlər üzərindən üstünlüyünü və önəmini kimlik-mədəniyyət xəzinəsinə qazandırmış, sahib olduğu, məsuliyyətiniu mənimsədiyi inanc sisteminin əbədi hakimiyyətinə tanıtmışdır. Yoxsa ki, Cavidin kütlə düşüncə-əxlaq yaxınlaşmasının mübarizəsini aparmış, savaşını vermiş, zəfərini qazanmış bir etnos-mədəniyyət səltənətinə fürsət tanımış səxavətiylə müstəsna məsuliyyətinin fərqindəyəm. Bu müstəsna məsuliyyətin elitarlıq təbiəti etibarı ilə kütləvi düşüncə dünya duyumunun xalq-millət-etnos-mədəniyyətlə necə mayalanıb bəsləndiyini görmədən, 100 il öncəki bir mənəvi-poetik dəyəri bu günün ZAMANCAZİBƏLİ mühakiməsinə təslim etmək düzgün sayılmaz.
 
Derlər,
Unudulmağın faturasını gələcəyə kəsən hesabdar-kitabdar oxucu,
Madam ki, Cavid adlı bir şairin Azərbaycan dilinin bütün imkanları, verimliliyində "kim deyil" sualıyla mahiyyətcə məna dünyasında sirrini-sehrini çözmək, dirəncini heç bir məcaz, epitet mərhəmliyinə, şişirtmə ekstazına yol vermədən, ÜFÜQÜMÜZƏ zəmanət verəcəyimiz hicrətimizi zamandan dövrə, zamandan ideologiyaya, zamandan mədəniyyətə yetəcək qədər biliriksə, onda Azərbaycan ədəbiyyatında təqdir etmək istədiyiniz mətnlərin altına Cavidin imzasını qoysanız, hansı estetik-fəlsəfi uyğunsuzluğun beyninizdə qıcqırtı-köp verdiyini hiss edərsiniz.
Cavid, əlbəttə, Azərbaycan sovet dilində bir cümlə də olsun yazmadı. Məncə, elə əsas savaş və əldə ediləcək olumlu sonuc heç bir macəra aramadan burda-burdaca həll olunur.
Cavid üçün ərəb-fars sözlüyünün türkcələşmiş qaydalarından daha çox istifadə və yerində, təyinatı üzrə işlədilmə məharətini gizlətmədi.
Cavidin mətnlərində ideya ucalığının önəm kəsbindəki qutsallıq hansı olayla, təsvirlə baş verirsə versin, mahiyyəti ilahi qaynaqlı bəslənmələrlə siqlətini artırmış, metafizik dayanışmalarla anlaşılma gücünü azadlığa dayalı energetik formuluyla gediləcək müstəsna yola çevirməyi bacarmışdır.
Cavidin bir şair olaraq "kimdir"dən çox, "kim deyildir" sualıyla bizim öz həqiqətimizlə izaha cəlb edilməsi, onun varlığından qopan toparlanma, birgəlik, bütövlük mülkündən paramparça, darmadağınıq bir toplum-ümmət həddinin qətiyyən şərə prim verəcək, iblisə münbit zəmin yaradacaq “ötəriliyə” dönüşməyəcəyindən əminliyimizi etiraf edirik. Çünki öncədən Cavid yaradıcılığı mədəniyyət eyhamlı şərə qarşı savaş aparacağını, yəni bu dirənişi sürdürdüyü əxlaqını bütün çılpaqlığı ilə ortaya qoymuşdur.
 
Xanəmir Telmanoğlu






Redaktorun seçimi