Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyi güclü təşviq edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı müsəlman ölkələri arasında həmrəyliyə də toxunaraq bildirib ki, gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına ev sahibliyi edəcəyik. Xüsusilə indiki təlatümlü dövrdə bu, bizim üçün böyük məsuliyyətdir. Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyi güclü təşviq edib. Azərbaycanda keçirilən çoxsaylı tədbirlər və irəli sürdüyümüz təşəbbüslər həmrəylik, qarşılıqlı anlaşma və birliyə xidmət edib. Zirvə Toplantısınadək hadisələrin necə cərəyan edəcəyinə baxacağıq. Təəssüf ki, bu gün biz bir o qədər həmrəyliyin şahidi olmuruq. Əksinə, biz gərginliyin artdığını, qarşılıqlı ittihamları, təkcə Körfəzdə və Yaxın Şərqdə deyil, dünyanın müxtəlif bölgələrində müharibələrin şahidi oluruq. Bu isə olduqca məyusedicidir.
Çünki İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik təhlükəsizliyin və sabitliyin əsas amilidir. Daha çox həmrəylik və qarşılıqlı anlaşma olduğu təqdirdə, çətin dönəmlərin də sayı azalacaq.
İslam Əməkdaşlıq Təşkilatının üzvləri həm də Qoşulmama Hərəkatının üzvləridir. 120 ölkəni birləşdirən Hərəkat Azərbaycanın sədrliyini tam dəstəklədi. Biz bütün üzv dövlətlərin yekdil qərarı ilə sədr seçildik. Üstəlik, sədrliyimizin müddəti də bütün ölkələrin yekdil qərarı ilə daha bir il uzadıldı.
Bu, bir-birindən uzaq mövqelərdə dayanan tərəfləri yaxınlaşdırmaq istiqamətində oynadığımız müsbət rolun yüksək qiymətləndirilməsinin bariz nümunəsi idi. Məhz bu potensial COP29-a sədrliyimiz dövründə mühüm qərarların razılaşdırılmasında da bizə böyük dəstək oldu. Bu, daha mürəkkəb bir proses idi. Çünki tamamilə fərqli baxışlar, ziddiyyətli mövqelər və ciddi fikir ayrılıqları mövcud idi.
Lakin buna baxmayaraq, biz buna nail olduq.










































































