Beynəlxalq hüquq istənilən sülh üçün universal platformadır

Hit: 279
Beynəlxalq hüquq istənilən sülh üçün universal platformadır
Azərbaycanda cəmi bir ildən az müddətdir ki, sülh şəraitində yaşayırıq. Biz 30 il müharibə şəraitində yaşamışıq. Əvvəl Birinci Qarabağ müharibəsi oldu, sonra atəşkəs dövründə müxtəlif qarşıdurmalar yaşandı, ardınca müxtəlif gərginliklər baş verdi və nəhayət, İkinci Qarabağ müharibəsi oldu. Beləliklə, biz müharibəsiz həyatı təsəvvür belə edə bilmirdik. Cəmi bir ildən azdır ki, sülh şəraitində yaşayırıq və bunun inkişaf, investisiyalar, insanların psixoloji durumu və cəmiyyətdə hökm sürən ab-hava baxımından verdiyi faydaları görürük. Bunun çoxsaylı müsbət təsirləri var.
 
Əlbəttə, biz istərdik ki, cənubumuzda da, şimalımızda da mümkün qədər tez sülh bərqərar olsun. Lakin bu sülh ədalətli olmalı, beynəlxalq hüquqa əsaslanmalı, hər hansı bir tərəfin ambisiyaları və ya gündəliyi üzərində qurulmamalıdır. Beynəlxalq hüquq istənilən sülh üçün universal platformadır. Ermənistanla müharibəmizə nəzər salsaq, biz hər zaman beynəlxalq hüququn tərəfində olmuşuq. Biz özümüzü müdafiə edirdik.1990-cı illərin əvvəllərində torpaqlarımız işğal olundu və bundan sonra biz münaqişəni sülh yolu ilə həll etməyə çalışdıq. Lakin bu, mümkün olmadı. Biz dayandıq və bu, çox vacib idi. Düşünürəm ki, silahlı qarşıdurmanın ən qızğın mərhələsi başa çatdıqdan sonra ən vacib məqamlardan biri məhz vaxtında dayanmağı bacarmaqdır. Bu, asan deyil və biz bunu yaxşı anlayırıq. Biz 30 il qəlbimizdə bu yara ilə yaşamışıq. Lakin dayanmalı olduğumuz anda dayandıq.
 
Biz müharibəni sonsuz etməmək üçün dayandıq. Başqa seçimlərimiz də ola bilərdi. Lakin məsuliyyət və müdriklik tələb edirdi ki, biz dayanaq. Çünki dayanmasaydıq, Ermənistanla müharibə davam edəcəkdi. Bəlkə də, aşağı intensivliklə davam edən bir müharibəyə çevriləcəkdi. Müəyyən vaxtdan sonra yenidən alovlanacaq, sonra yenidən səngiyəcəkdi və insanlar həlak olacaqdılar.
 
Ona görə də Yaxın Şərqdə də silahlı qarşıdurmanın ən qızğın mərhələsi başa çatdıqdan sonra Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlər və İran dayanmalıdırlar. Əlbəttə, biz ermənilərin xalqımıza qarşı törətdiklərini heç vaxt unutmayacağıq. Onların şəhərlərimizi necə dağıtdıqlarını, günahsız qadınları və uşaqları necə qətlə yetirdiklərini, Xocalıda soyqırımı törətdiklərini heç vaxt unutmayacağıq. Biz bunu heç vaxt unutmayacağıq.
 
Biz Avropa Şurasına qəbul olunarkən mən Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri idim və Strasburqa gəlmişdim. Nümayəndə heyətimizin Avropa Şurası rəhbərliyindən eşitdiyi ilk fikirlərdən biri bu idi ki, insan hüquqları heç bir ölkənin daxili işi hesab edilə bilməz. Biz yaxşı tələbələr idik və bunu öyrəndik. İndi isə Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik, müstəmləkə əsarəti və müstəmləkəçilikdən irəli gələn bərabərsizlik məsələlərini qaldıranda, onlar ittiham olunurlar. Təkcə onlar deyil, hətta Azərbaycan Hökuməti də Fransanın daxili işlərinə qarışmaqda ittiham olunur. Halbuki biz belə etmirik.
 
Çünki insan hüquqları ilə bağlı məsələlər ümumbəşəri məsələlərdir. Bakı Təşəbbüs Qrupu isə bu mövzunu qlobal gündəliyə çıxaran, bəlkə də ilk və ən səmərəli qeyri-hökumət təşkilatıdır. Uzun illər ərzində Fransanın qondarma dənizaşırı əraziləri, əslində isə faktiki müstəmləkələri təzyiqlərə məruz qalıblar. Orada müxtəlif qanunsuz əməllər törədilib, o cümlədən nüvə sınaqları keçirilib. Polineziyada nə qədər nüvə sınağı keçirilib? Bəlkə 100, bəlkə 200, bəlkə də daha çox. Bunun nəticəsində çox sayda insan zərər çəkib. Çox sayda insan həyatını itirib, sağlamlığına ciddi zərər dəyib. Bakı Təşəbbüs Qrupu isə bu məsələni gündəmə gətirdiyinə görə, təəssüf ki, əsassız olaraq hansısa hibrid müharibə aparmaqda ittiham edilir. Bu, tamamilə ədalətsizdir. Hesab edirəm ki, müstəqil medianın rolu çox böyük əhəmiyyət daşıyır.
Fransa ilə münasibətlərimizə gəlincə, bəli, Fransanın ölkəmizin suverenliyinə münasibəti və qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə bağlı Fransada qəbul edilmiş qərarlar münasibətlərimizə müəyyən dərəcədə mənfi təsir göstərib. Hətta bu gün də Fransada mövcud olmayan qondarma “Dağlıq Qarabağ”ın qondarma səfirliyi fəaliyyət göstərir. Lakin bunlar nisbətən kiçik məsələlərdir. Söhbət Fransa ilə münasibətlərimizdən getmir. Söhbət beynəlxalq davranışın fundamental prinsiplərindən gedir. 






Redaktorun seçimi