Kərbəla hadisəsi nədən canlıdır
Ey dili qafil, fil faili məchul fani f....
Derlər, unudulmuş oxucu,
Yüzlərlə faciəvi hadisələrə baxmayaraq, bu günümüzə çatan və yaşayan Kərbəla hadisəsinin mahiyyətində duran hansı gerçəklikdir? Çünki bu hadisənin canlı qalmasında gerçəklik və insani pay,daha çoxdur, nəyinki uydurulmuş, şişirdilmiş, kontekstindən çıxarılmış yanı.
Əsrlər keçdikcə, zamana uyğun ictimai-siyasi formasiyalar və bu formasiyaların gətirdiyi-doğurduğu yaşam-düşüncə estetikası nə olursa olsun, orada Kərbəla olayı özünə münbit zəmin tapdı. Yəni Kərbəla olayı üçün hər hansı bir zamanda, tarixdə, cəmiyyətdə müsəlmanlar tərəfindən özünə zəmin hazırlanması, münbit şərait yaradılması üçün heç bir sədd, maneəçilik yoxdur. Bu tezisi birmənalı şəkildə qəbul etmək zorundayıq. İndi bu məsələnin mahiyyəti islamdır, islam deyil, dinidir, dini deyil – ayrı bir davadır. Söhbət ondan gedir ki, kitabda heç bir hərflik yeri olmayan olay, Allahın əmr edib yazdığı kitabda heç bir nöqtəsi belə yer almayan hadisə müsəlmanlar üçün tarix keçdikcə daha adekvat və daha gerçəkçi istinadla dövrdən böyük dövrə, çağdan daha təsirli şəkildə çağa çevrilir.
Sual belədir: bu olayın bu qədər təsiredici və yaşar olmasında əsas amil nədir? Bu hadisənin müsəlmanlara dini unutduracaq dərəcədə, yəni din içində din qədər mənəvi-mistik güc qazanması haradan qaynaqlanır? Belə bir situasiyanın əsrlər öncə gerçəkləşməsinə baxmayaraq, əsrlər sonra da yer üzünün müsəlman kəsimi tərəfindən birmənalı şəkildə ilahi intonasiya ilə seysmik şüurumuzu yoxlamağa "dəvət edilmə" "fərmanı" hansı dəvaya məlhəmdir ki, bu qədər taleyə yansımış şövqü ilə yön müəyyənləşdirir, dözüm nümayiş etdirir, dirəniş ahəngini ilk günkü qədər qəm məntiqi ilə yaddaş şəhadətinə çevirə bilir?
Derlər,
Ey qəmli və üstəlik də unudulacaq oxucu,
Öncəliklə, Kərbəlada baş verən ölüm hadisəsi savaş əsnasında gerçəkləşməyib. Öncədən hər iki tərəfin görəcəyi bir hazırlıqla tarixiləşməyib. İkinci məqam, Kərbəla hadisəsində qətl edilən insanların bir dinin peyğəmbəri ilə bağlı olması, bu faciənin birbaşa peyğəmbərlə bağlantısı təsəvvürü önümüzdəki səhnənin faciə, fəlakət, qırğın, müsibət dışında başqa bir anlayışla əvəzlənməsinə heç bir fürsət tanımır.
Əsrlər boyu yəhudi qövmünə göndərilmiş peyğəmbərlərin başına açılan müsibətlərin islam peyğəmbərinin də soyuna eyni minvalla yaşadılması bu inanc sahiblərinin ən yaralı yeri, ən şüuraltı xəncərlənmiş nöqtəsidir. Yəni peyğəmbərin şəxsən öz başına Kərbəla olayını gətirsəydilər, bəlkə də əsrlərcə islam dinində bu qədər yanğıya səbəb olmaz, qəmə-kədərə bu səviyyədə rəvac verilməzdi.
Kərbəla müsibətinin getdikcə daha təsirli olmasının əsas səbəbi, peyğəmbəri haqq dünyasına “anlaşılmış durumda”, öz əcəli ilə yola saldıqdan sonra, sanki bu anlaşmanı pozmuş kimi, bu anlaşmanı pozanlara heç bir müqavimət göstərilə bilməməsinin gətirdiyi qisas hissidir. Kərbəla hadisəsi həm də bir qisas mesajıdır.
Peyğəmbərin varlığından olanların öldürülməsi, peyğəmbərin öldürülməsi ilə eynilik təşkil edir. Bu qəm o qəmdir, bu kədər-müsibət eyni nöqtəyə təkabül edir. Bu müsibətin və olayın yaşadılmasının kökündə alına bilinməyən qisasın acısı və dözülməz psixoloji qarşılığındakı boşluğun yaratdığı, tarixdən mədəniyyətə, dindən duyğuya, yaşamdan və həyatdan şüuraltına uzanan bir bağ, bir rabitə durur.
Derlər,
Ürəyi yaşadıqlarından dolayı soyumayan unudulmuş oxucu,
Qisası alınacaq qarşı tərəfin bir adı bu olay müqabilində, yəqin ki, şərdir. Əsrlər boyunca islamla, inamla bağlı bütün tarixi olumsuzluqlar, müsibətlər, itkilər və əldən fürsət qaçırmaların sitəmləri zərrə-zərrə yığılıb haqqında danışdığımız o şərin bəslənməsinə, yaşamasına, böyüməsinə qarşı bir tavır, əyləm, hərəkətlənmə sərgiləyir. Kərbəla olayı o vaxt ortalıqdan qalxacaq, müsəlmanların yaşam səhnəsindən, inanc üfüqündən çıxarılacaq, ya da arxa plana keçiriləcək ki, şər deyiləsi güc öz elan etdiyi “özgür və toxunulmaz statusunu” itirəcək, öz hegemonluğunu yaşanılacaq çağların mədəniyyət və kimlik kükrəyişində məğlubiyyətə uğradıb yenilgisini qəbul edəcək.
Kərbəla islamda elə bir hadisədir ki, onun bu günə kimi yaşarlığı, təzə-tər qalışı, müsibətin diapazonu insanlığın faciə arenasında yaşaya biləcəyi bütün hüceyrələrinə qədər haqqını ödəmiş bir ilahi özgürlük əldə etmişdir.
Kərbəla hadisəsi sonuncu peyğəmbərin öz qədəri ilə dünyasını dəyişməyinə yenidən müdaxilə və redaktənin, bağışlanılmaz əzab dolu yazqısının səmada yeri olan bir səmərəsidir. Bu boyda dinlə, kitabla uğraşmış, haşır-nəşir olmuş islam peyğəmbərinin həyatı yazılmış və bilinən şəkildə dünyəvi anlamda tamamlana bilməzdi. Bu peyğəmbərin ucalığı öz ölümündən sonra yenidən misli görünməmiş müsibət sərgüzəşti ilə donadılaraq, ilahi dözümlə hüzn yazacaq, yağdıracaq şəkildə səhnələşərək, sonuncu səmavi dinin bu dəfə yenidən canlı-canlı ayətləşməsini, surələnməsini, kitaba dönüşümünü oluşdurması idi. Əlbəttə, bunu anlamaq o qədər də asan baş verməyəcəkdi. (Bir sözlə, Kərbəla hadisəsi Qurani-Kərimin sonuncu surəsidir kimi qənaətlə fikrimizin yanğısını söndürməklə, günaha düşməyəcəyim qənaətindəyəm:-x.t.)
Kərbəla hadisəsinin əbədi, həmişə tər qalmasında əsas səbəblərdən biri peyğəmbərlik müəssisəsinin ilahi təmasla həssaslığından doğan nisgillə bağlıdır. Peyğəmbərin gəlişi Allahın istəyidir. Göylərin məsləhəti, Allahın istəyinə uyğun ritm sağlamaq, ahəng uydurmaq, dəngə yaratmaq diskursudur. Bu varlığa, əbədiyyətə sirayətedici mücadilə, peyğəmbər əgər fiziki baxımdan sağ olsaydı, onun gözləri önündə “bu miqyasda hadisəni kimsə törədərdimi, törədə bilərdimi?”,- bilməcəsinin verdiyi yanıb-qovrulmadır.
Axı o, aləmlərə rəhmət olaraq göndərilən gücün, işarənin, mənanın qarşısında Kərbəla adlı hadisənin ola bilmə ehtimalının sıfıra bərabərliyinin gətirdiyi qıcıq, verdiyi acı, müqayisəyə gəlməyən "belə bir səhnə müsibət baxımından bu dərəcədə ola bilməzdi"- yaddaşı daha çox ilahi situasiyanı qutlama törəni kimi də mənimsəməyə imkan verir. Bu yerlərin-göylərin diqtəsinə bağlı ritmsəllik, ahəng uyğulama, ilahi nizam sərmayəsinə xətər yetirməmək ehtişamı, səriştəsi və tələbatı ilə müsibət, faciə adı altında əksi-müddəa olaraq metafizik qəziyyəni bir toy, bir törən, bir bayram heyranlığı kimi qavramaq zorundayıq.
Niyə?
Tək kəlmə ilə: Şəhidlikdən dolayı.
Məlum mənbələr yekdil şəkildə bu fikirdə ortaqdır: bütün xəbərdarlıqlara baxmayaraq, bütün bildiklərinə rəğmən, peyğəmbərin övladı yenə də sonda qovuşduğu şəhadətə doğru sakit və içsəl üsyanı, ruhsal təlatümü ilə baş alıb gedirdi.
Mən də bu fikrin tərəfdarıyam ki, Kərbəla müsibəti islam dininin təməl yapılanmasından bir parçaya çevrildiyindən, necə peyğəmbər göndərilmişdirsə, necə kitab verilmişdirsə, necə islam bərqərar olmuşdursa, eləcə də Kərbəla müsibəti Yezidin əli ilə gerçəkləşdirilib, ilahi himayə ilə o gün-bu gündür ki, mənəvi-metafizik kontekstdə qorunma hürriyyətini əlində saxlayır. Bu hadisə kiminsə istədiyi üçün deyil, Allah istədiyi üçün, göylər məsləhət bildiyi üçün, aləmlərcə yatımlı, uyarlı olduğundan öz həllini Kərbəlada tapmışdır. Kərbəla insanüstü, dünyaiçi və dünyadışı, aləmlər qatqısı və şahidliyi ilə islam dinində mərkəzi yerini almışdır.
Xanəmir Telmanoğlu





































































