Əməkdar jurnalist Tofiq Hüseynovla görüş olub

Hit: 152
Əməkdar jurnalist Tofiq Hüseynovla görüş olub
Azərbaycan jurnalistikasının və ədəbi mühitinin tanınmış simalarından biri, Əməkdar jurnalist, şair və publisist Tofiq Hüseynovun (Tofiq Hüseyn) 80 illik yubileyi münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətində görüş keçirilib.
 
Tədbirdə yubilyarın Azərbaycan mətbuatının inkişafındakı xidmətlərindən, uzun illər ərzində müxtəlif mətbuat orqanlarında göstərdiyi səmərəli fəaliyyətindən, bölgələrin ictimai-siyasi və mədəni həyatının işıqlandırılmasına verdiyi töhfələrdən bəhs olunub. Vurğulanıb ki, Tofiq Hüseyn ömrünün böyük hissəsini xalqın sözünü yazmağa, milli jurnalistikanın inkişafına və ədəbi-publisistik fəaliyyətə həsr edib.
 
Qeyd olunub ki, Tofiq Hüseynovun jurnalistika sahəsindəki uzunmüddətli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. 
O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Tərəqqi" medalı ilə təltif olunub və "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
Görüş zamanı Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov yubilyarı 80 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları və fəaliyyətində davamlı nailiyyətlər arzulayıb.
 
Sonda Tofiq Hüseynov 80 illik yubileyi münasibətilə, mətbuat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə və Şirvan şəhərinin ictimai həyatında fəal iştirakına görə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının Təşəkkürnaməsi ilə təltif olunub, yubilyara xatirə hədiyyəsi təqdim edilib.
Tofiq Hüseynov səmimi təbriklərə görə təşəkkürünü bildirib, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
 
Qeyd edək ki, Tofiq Hüseyn uzun illər ərzində Azərbaycan mətbuatının inkişafına mühüm töhfələr verən qələm sahiblərindən biri olub. 1946-cı ildə Masallı rayonunun Məmmədxanlı kəndində anadan olan Tofiq Hüseyn gənc yaşlarından ədəbiyyata böyük maraq göstərib. 
1967-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Əli Bayramlı (indiki Şirvan) şəhərində jurnalistika sahəsində fəaliyyətə başlayan, “İşıq” qəzetində ədəbi işçi, şöbə müdiri və məsul katib vəzifələrində çalışan Tofiq Hüseyn uzun illər bölgə mətbuatının inkişafında jurnalistikanın peşəkar prinsiplərinə sadiq qalıb. 
Müstəqilliyin ilk illərində isə yeni yaradılmış Hacıqabul rayonunda nəşr olunan “Hacıqabul” qəzetinin ilk baş redaktoru kimi bölgə mətbuatının formalaşmasına mühüm töhfələr verib. Sonrakı illərdə “Həyat” qəzetinin cənub, 1997-ci ildən etibarən “Respublika” qəzetinin Muğan–Şirvan bölgəsi üzrə xüsusi müxbiri kimi jurnalist peşəkarlığı və məsuliyyəti ilə tanınıb. O, müxtəlif illərdə “Xalq” qəzetində də fəaliyyət göstərərək ölkə mətbuatının aparıcı nəşrlərindən birinin inkişafına öz töhfələrini verib. Tofiq Hüseynin həmin dövr yaradıcılıq və peşə fəaliyyətinin ən məhsuldar illəri kimi yadda qalıb.
8 şeir və publisistik məqalələr kitabının, sənədli povestin müəllifidir. 
 
Tofiq Hüseynin yaradıcılığı təkcə qəzet səhifələri ilə məhdudlaşmır. O, oxuculara dərin mənəvi məzmunu, vətən sevgisi və insan talelərinə həssas münasibəti ilə seçilən bir sıra dəyərli kitablar bəxş edib. Müəllifin “Sənə inanıram”, “Sənin yaxşılığın”, “Sabah sənin ad günündür”, “Şərurlu polkovnik”, “Əli Bayramlı hacıları”, “Adamları mənim yanıma dərd gətirir”, iki cilddə nəşr olunan “Seçilmiş əsərləri” və “Üzünə gün işığı düşən” kitabları onun zəngin yaradıcılıq dünyasının parlaq nümunələridir. Bu əsərlərdə müəllif həm insan talelərini, həm də dövrün ictimai-mənəvi mənzərəsini böyük ustalıqla qələmə alıb.






Redaktorun seçimi