Çin dilinin yenilməz kölələri

Hit: 211
Çin dilinin yenilməz kölələri
Ey dadi bidad danəndə dəhan dərviş d....
 
Derlər,
Unudulmuş oxucu,
Əgər fikir vermiş isəniz, bizdə böyüklərin kiçiklərə əsasən verdiyi belə bir sual var: böyüyəndə nə olacaqsan? Bu sualla böyük nəslin, yol göstərən nəslin, gələcəyi qaranti altına almaq insiyavtivini özündə daşıdığını hər vəchlə biruzə verən, bəzən hayqıran bir mesajın ayaq səslərini duyun: böyüyəndə “kim” deyil, “nə” olacaqmış bu biçarə balalar. Xeyr, bu bir dil yanılqısı, dil sürüşməsi deyil. Bu deyim dilə işləmiş, qalıb şəklini çoxdandır almış bir kurala, qaydaya, yöntəmə çevrilib. Biz adətən “cansız”, dediyimizin nə qədər yanlış düşüncə alqılayışı olduğunu gələcək yazılarımızda dilə gətirəcəyimdən əminəm. Çünki Allahın yaradılış əsəri olan nə varsa, bu “nə var”ların içində nəyin “nə”, nəyin “kim”, nəyin “necə” olduğunu da bu qədər bəsit, sadəlövh, abdalca qaydalaşdıraraq təfəkkür malına çevirmək, insanlığın içəriylə deyil, dışarıyla həşir -nəşir olmağından xəbər verməsidir. 
Heyvanın kimliyini “nə” sualı ilə öyrənirik. Biz, gələcək nəsillərin kimliyini də onları heyvanlarla eyni rızaya qoymaqla kifayətləndikmi? 
Daha rahat ola bilərsiniz, bu təfəkkürə görə, insanın həqiqətində kim hardan başlayırsa, yenə ora dönüş edəcək. Doğru düşüncə və yanaşma deyilmi: özlərini meymundan törəyən, təkamül yolu ilə əsrlərin üzərindən kamillik qazandığını iddia edən bu sinif nədən insana, gələcəyin sahiblərinə “kim” deyil , “nə” deyə müraciət etməsin? Haqlı olduqlarını kanıtlandırmaq (təsdiqləmək həm də) şərəfinə nail olduqlarını bir daha ortaya qoydular: bala, yavrum, cocuğum, ürəyim, canım, ciyərim, iki gözüm, sən böyüyəndə “NƏ” olacaqsan? 
Derlər,
Unudulmuş oxucu, 
Bu ölkədə, bu dildə, bu təfəkkürdə əsrlərdir eyni, dəyişilməz bir gerçəklik nəsillərarası düzənini, ritmini sürdürməkdədir. Bir zamanlar ərəbin, sonra farsın, sonra rusun(kiril) sonra, ingilisin (latın-anqlosakson) diktəsinə qol götürüb oynayanlar, üstəlik şabaş verənlər, har vurub harman sovuranlar, indi də öz çatlaq səsləri ilə qaragözlü toplumun, gücün diktəsinə rəqs etməyə qollarını sıvazlayırlar. Yaxın tarixin şahidliyinə əsasən söyləyim: sovetlərdə rusun -kirilin əlifbasıyla rus dilini, mədəniyyətini ululaşdırmaq məcburiyyətinə imza atdılar. Müstəqillik dedikləri dönəmdə rusdan üz döndərib ingilisin -anklosaksonizmin əlifbasına(latına) bağır basıldı. Lütfən, mənə Türkiyəni kimsə misal  gətirib örnək göstərməsin. Qanan-qanmayan, bilən- bilməyən, imkanlı- imkansız öz bala-bulalarını gələcəklərini qaranti altına almaq ümidiylə ingilis dili öyrənmək üçün kurslara göndərir, kimi müəllim tutur, lap əndazəsin aşanlar uşaqların uzaq ingilis dilli ölkələrə dil eğitiminə göndərməklə uğraşdı-lar. Çünki dünyanın, o cümlədən, bizim gələcəyimiz, göründüyü qədərincə ingilis siyasətindən-dilindən-çörəyindən asılı olacaqdı. Ancaq saydığını keyfin istəyən qədər say, görək bu zalım fələk nə sayır. Zaman gəldi, qədər döndü, bəşəriyyət anqlo-sakson boyunduruğundan Çin boyunduruğuna girmək üçün əsl marafon yarışına qoşuldular. Təsəvvür edin, bu gün Bakıda rus dili köhnəlib, ingilis dili şübhə altına alınır(ağzımızda artıq dilimiz titrəyir yəni), çin dilində kurslar açılır, mütəxəssislər ölkəyə dəvət edilir, camaat da, fürsətçilər öndə olmaq şərti ilə öz bala-bulalarını çin dili kurslarına göndərir-lər. 
Bir sual verib əsl mətləbə adlayıram: sizcə, belə bir dünyada kim əminliklə deyə bilər ki, 5-10 ildən sonra, dünya rusdan, ingilisdən qurtardığı kimi (daha doğrusu rus-ingilis bu dünyayla haqq -hesabını çəkib işlərinin tamamalandığını zənn etdiyi kimi:-x.t.) sabah çin dilini də, çin dilinə qarşı bu vətən övladlarını da eyni aqibət “ləyaqətlə” ağuşunu açıb gözləməzmi, qarşılamazmı? Siz saydığınızı saymağa davam edin..... kölələr, mütilər, qullar, itaətkarlar, çörək bazlar, qarın- qarta düzəni üçün sinov gedən boynu yoğun müstəmləkə bazların dəllalları. Siz həmişə bu dünyaya gərəkli və lazım olduğunuzu sübut etmək üçün də gündəmi işğal etmiş iblisin lap aşağı pillədə sürünən son sort  törəmələrisiniz. Sizlərin gerçəkliyi, illah da Haqqı görmək, hiss etmək fürsətiniz olmadığından şükran duyğularınız da əsrlər öncə- ta əzəldə korşalmışdır. 
Derlər,
Unudulmuş oxucu, 
(Dünya təcrübəsində xalqların üstünlüyü, kamilliyi mədəniyyət sferasında müəyyən edilir. Mədəniyyətin başında əlifba gəlir.:-x.t.)
İndi gələk həqiqətin tam üzərinə: mən çox uzağa getməyəcəyəm. Bəyənmədiyimiz, Qafqazın lideri dediyimiz, öyündükcə şişdiyimiz bir ölkə, xalq, toplum kimi, erməni və gürcülərdən nə qədər əsrlərcə geridə qaldığımızın fərqində olmadıq və əsla olmayacağıq. Bizə görə, bizim həqiqətimiz, bizim pul çoxdur, onlarınkı azdır, bizim millət sayımız çoxdur, onlarınkı azdır, biz dünyanın hər yerinə yayılmışıq, onlar bizə nisbətən zəifdirlər, biz bayrağımızı ən hündürə qaldırmış ölkəyik, onların isə iqtisadi durumu böyük bayraqlar, bayraq meydanları quraşdırmaq üçün yetərli deyil, biz türkük, türk dilli ölkələrlə qardaşlıq bağlarımız var, arxamızda qardaşımız Türkiyə dövləti, onların erməni dilli, gürcü dilli topluluqları və dövlətləri yoxdur. Biz Turan dövləti, ordusu, ölkəsi qura bilərik, onlar isə əsla buna qadir deyillər və belə bir şansları olmayacaq. Biz neft ölkəsiyik, yer altı zənginliklərimiz, sərvətlərimizlə dünyaya daş çıxardırıq, onlar isə altı-üstü qupquru bir ərazinin möhtaclarıdır, biz qədim xalqıq, musiqimiz, ədəbiyyatımız, xalçaçılığımız, var, onların isə musiqisi, ədəbiyyatı, incəsənəti olsa da, bizim kimi  belə bir qədimliyə malik deyillər.  Biz, hər sahədə dünya arenasına idmanın hər sahəsində çoxlu idmançılar çıxarmışıq, onlar isə bu qədər idmançı verməyiblər dünyaya. Beləcə, saymaqla bitməyən, sadaladıqca qurtarmayan faktları yaza bilərik.  Ancaq  nə erməni, nə gürcü xalqı bizi 3-4 əsrdə 4-5 dəfə əlifba dəyişdirdiyimiz təqdirdə, bir dəfə də olsun əlifba dəyişdirmədilər. Çünkü əlifba namus demək və bir əlifba hər hansı bir millətin gerçək mənəvi energetikasını dizayn etməyi üzərinə götürmüş spirtual mutluluq vasitəsidir. Bu gedişatı anlamaq olduqca çətin bir məsələdir. Gürcü və erməni bizim kimi nə ərəbin, nə farsın, nə rusun, nə ingilisin indiyə kimi əlifbasını qəbul etməyib. Öz milli əlifbaları- şifrələri, kodları, mənəvi energetik şüuraltı düsturları ilə öz millətlərinin zehinsəl yapısını inşa edib, varlıqlarını sürdürüblər. Əlifba məsələsi hər bir millətin, mədəniyyətin energetik-metafizik alt yapısını, fitrət özgürlüyünü ifadə və ehtiva edəcək gizli gücə sahibdir. Əlifba həm də səs deməkdir, söz deməkdir, fikir-düşüncə-ideya, dil deməkdir. Hər kəsin kimliyi etnos kimi onun əlifbası ilə mədəni dünyada ölçülür. Öz əlifbası olmayan millətlərə gülünc və aşağılayıcı komplekslərlə baxılması bilinən gerçəklik qədər həm də qəbul edilmiş kuraldır. Üstəlik, öz əlifban ola, üstəlik bir deyil tarixdə bir neçə əlifba yaradasan, sonra da onların heç birindən istifadə etməyəsən, sən axı hansı mədəni kimlikdən, üst insan topluluğundan danışa bilərsən? 
 
Xanəmir Telmanoğlu






Redaktorun seçimi