Dəmir yumruğun gücü: - Azərbaycan Ordusunun şanlı yolu
Hər il 26 iyun Azərbaycanda böyük qürur və ehtiram hissi ilə Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu əlamətdar tarix dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün keşiyində dayanan qəhrəman hərbçilərimizin şərəfinə təsis edilmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuşdur. Müstəqilliyin bərpasından sonra isə Ümummilli Lider Heydər Əliyevin 1998-ci il tarixli fərmanı ilə 26 iyun rəsmi olaraq Silahlı Qüvvələr Günü elan edilmişdir.
Bu gün Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür. Son illərdə Azərbaycan Ordusu peşəkarlığı, döyüş hazırlığı və müasir silahlanması ilə dünyanın güclü orduları sırasında öz layiqli yerini tutub. Xüsusilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər ordumuzun gücünü, xalq–ordu birliyini və Ali Baş Komandanın rəhbərliyi ilə nümayiş etdirilən yüksək hərbi məharəti bütün dünyaya göstərdi. Ardınca həyata keçirilən antiterror tədbirləri ölkəmizin suverenliyinin tam bərpasını təmin etdi.
Bu gün Azərbaycan əsgəri yalnız Vətənin sərhədlərini deyil, xalqın təhlükəsizliyini, sabitliyini və gələcəyini qoruyur. Onların xidməti fədakarlığın, vətənpərvərliyin və dövlətə sədaqətin ən parlaq nümunəsidir.
26 İyun münasibətilə bütün hərbi qulluqçularımızı, veteranlarımızı və şəhid ailələrini dərin ehtiramla yad edir, ordumuzun hər bir üzvünə möhkəm cansağlığı, şərəfli xidmət və yeni uğurlar arzulayırıq.
Yaşasın Azərbaycan Ordusu! Yaşasın müstəqil və qüdrətli Azərbaycan!
Aslan ABBASZADƏ
FaktorNews xəbər portalının təsisçisi
və Baş Redaktoru







































































