Yazı mədəniyyətinin yeni ontologiyası

Hit: 201
Yazı mədəniyyətinin yeni ontologiyası
Ey dili qafil fil faili məchul fani f...
Derlər,
Unudulmuş oxucu, 
Azərbaycan yazıçısından danışa bilərəm. Bu gün ən çox oxunan və təqdir olunan bir çox yazıçılarımızın xarici filmlərdən götürdükləri ideya, süjet, mövzu və ya məzmun əsasında yazdıqları kitabları bir yana qoysaq (hansı ki , ədəbi prosesdə ərsəyə gələn ədəbi-bədii, ictimai və elmi fikirlərin formalaşması da bu zəmin və mühitdən təkan alır və fikir formalaşdırmaqda öz məharətini göstərir), məncə, yazarlarımız bir az da başqa cəmiyyətlərə, coğrafiyalara və yaşamlara səfər etməlidirlər.
Üzərindəki uydurulmuş yazıçı obrazını atıb qurtulmalı, yazıçı kimliyinin diktatorluğundan və istibdadından xilas olub insanlıq kimliyinə, əzəldəki səmimiyyətinə qayıtmalı, özünün insanlıq haqqını tanımalıdır. Eyforiyalara qapılmaq gərəkməz. İndi əvvəlki dövr deyil. Dünya və kosmik hərəkətlənmələr böyük dəyişikliklərini mənəviyyat üzərindən davam etdirir.
 
Derlər,
əzəldən unudulmuş oxucu,
Bir az da Azərbaycan yazıçısı hicrətlilik, tibetlilik, məbədlilik və inzivalılıq prinsiplərinin təkamülü ilə hərəkət etməli, yaşamalıdır. Sonra isə yazarlıq səriştəsi coşanda, dəmə gələndə, ona olan olacaq, yazdığını yazacaq. Amma bir şərtlə: çağdaş yazar mühit və ortamların tilsimlərinə olan təslimçilikdən də azad olmalıdır.
Əlbəttə, bir qarışqanın rəngi və yürüşü, bir damla suyun çıxardığı səs yazara öyrədəcəyini yüzillik akademiyalar öyrədə bilməz. Bunlar aydın “konseptlərdir”. Sadəcə bu gün elə bir tarixi dövrdə yaşayırıq ki, yazar ədəbiyyatın, poetikanın, bədii düşüncənin sərhədlərini aşmalı, digər sənət və elm sahələrindən aldığı gərginliyi və təlatümü öz düşüncə-sənət coğrafiyasına daşımalı və ya uyğunlaşdırmalıdır. Bu artıq yazarın öz işidir.
Sadəcə anladığım qədəri ilə bizim qəbul etdiyimiz ölçülərdə artıq yazarlıq anlayışı, yazıçılıq qlamuru və stereotipləri dağılmaqdadır. Əvvəllər yazar insanlara oxumağı öyrədirdisə, bu gün yazar oxucuya həm də yazmağı öyrədir. Bu gün oxucu yazarla eyni məsafədə yürüyə bilir, eyni dünya problemlərinə dair fikrini ifadə edə bilir. Bəzən oxucu yazardan daha çox irəligörüşlülük nümayiş etdirir.
Demək, yazarlıq var, amma missiya dəyişib. Yazı, yazı və yazmaq sözlərinin kökündə “yaz” – yəni yazılan, yozulan illuminativ bir proses dayanır. Yazarın müəlliflik etdiyi fikir, ideya və mətn min illərdir xəyal gücü və yuxu iyerarxiyası üzərindən dünyaya və mədəniyyətə meydan oxuyur.
Bu gün isə o yozulan, şərh edilən xəyal və yuxu məhsulu olan mətn, fikir və ideya mənəvi və batini təcrübə ilə dünya ilə üz-üzə gəlir. İnsan nə qədər mənəvi-əxlaqi və metafizik səriştəsini işə sala bilsə, bir o qədər yozumdan uzaqlaşıb yazıya yaxınlaşacaq. Yəni yazı yozumdan, yazıçı isə yozumçuluqdan tədricən uzaqlaşır.
 
Derlər,
Lap unudulmuş oxucu, 
Adəmin varlıq təminatçıları olan insanlıq məhz bu gün yazıya başlayıb, zənnindəyəm. Adımızda yazıçılıq statusu olsa da, bu söz yalnız ilkin mənası ilə yozulan bir hadisədir. Bəşəriyyət indi-indi şifahilikdən yazıya keçid edir. Şifahilik erası bitir, yazıçılıq-yazarlıq, yazı erası başlayır. Şifahi ənənə yazıya təslim olur və öz estafetini şifahi dövrdən yazı dövrünə, çətin də olsa, dözülməz də olsa, vermək zorundadır və bu gedişatı olduqca usta və sinsi şəkildə reallaşdırır.
Dini kitabdakı “oxu!” əmrinə (yəni danış, özünlə, zamanla, kosmosla dialoqa gir) qarşılıq olaraq “yaz!” əmri də sabitdir. Bu gün mədəniyyət oxumaqdan çox yazmaq vasitəsilə özünü ifadə edir. Oxumaq konseptində dialoq, ünsiyyət və birgəlik şəbəkəsi vardısa, yazı–yazı–yazmaq psevdokonsepsiyasında inventar, individual təklik, kimsəsizlik və antitoplumçuluq cığallığı baş alıb gedəcək. Bu da bir səriştə və mədəniyyət ölçüsü kimi formalaşıb, kosmik-metafizik zərurətin bir təyinatı kimi yenidən (yazarlıq) üzə çıxacaq. Bəli, yazmaq yeni bir dövrün əsas hərəkətidir.
 
Derlər,
Lap belə həddən artıq unudulmuş oxucu, 
Yazmaq öz antioxu vərdişini varlığın dövriyyəsinə buraxır və yeni deyilən mədəniyyətin qoxusunu yaxından hiss edir. Yazmaq keçmişi yozumdan çıxarıb yazıya çevirən yeni mədəniyyət formasının hələlik yasını tutur. Bir azdan yeni şaxseylər-vaxseylər baş alıb gedəcək. Qara çadırlardan yüksələn ah-nalələr, mollalarımızın yeni avazı, məzarlıqlarda yeni dəfnlər və üçlər, yeddilər, qırxlar, üç yüz altmış beşlər növbəti ədəbi şəriətin pan-yazıçılıq alqısını İsanın dönəmindən alıb Məhəmmədin epoxasına necə təslim etdiyini görəcəyik.
 
Xanəmir Telmanoğlu






Redaktorun seçimi