Tarixi irsi qoruyaraq müasir şəhərlər qurmaq Azərbaycanın inkişaf modelidir
Prezident İlham Əliyevin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı çıxışında Azərbaycanın qədim memarlıq irsinin qorunması və müasir şəhərsalma siyasətinin uzlaşdırılması məsələləri xüsusi yer tutdu. Dövlət başçısı vurğuladı ki, Azərbaycan xalqı təkcə zəngin musiqisi və poeziyası ilə deyil, həm də əsrlərin yaddaşını yaşadan memarlıq abidələri ilə fəxr edir. Xalqımızın əsrlər boyu yaratdığı memarlıq nümunələri bu gün də qorunaraq yaşadılır və gələcək nəsillərə ötürülür. VI əsrə aid Qız qalasını Azərbaycanın qədim tarixinin və memarlıq məktəbinin mühüm simvollarından biri kimi qeyd etdi. Bildirildi ki, müxtəlif dövrlərdə işğallara, dağıntılara və talana məruz qalan tarixi abidələr azərbaycanlılar tərəfindən yenidən bərpa olunaraq qorunub saxlanılıb.
Azərbaycanın tarixi irsə münasibəti həmin abidələrin insanlara açıq olmasında, onların qorunaraq yaşadılmasında özünü göstərir. Bu gün hər kəs həmin tarixi məkanları ziyarət edə, onların daxilinə girərək əsrlərin yaddaşına toxuna bilər. Bu isə Azərbaycanın öz tarixinə, mədəniyyətinə və milli irsinə olan hörmətinin ən parlaq göstəricilərindən biridir.
Tarixi abidələrin qorunması gələcək nəsillər qarşısında mühüm məsuliyyətdir. Dövlət başçısı əminliklə vurğuladı ki, bugünkü nəsil necə bu irsi qoruyursa, gələcək nəsillər də həmin dəyərlərə eyni həssaslıqla yanaşacaq.
Prezident İlham Əliyev müasir şəhərsalma prosesində balansın qorunmasının vacibliyinə də diqqət çəkdi. Bakıda keçirilən Formula 1 yarışını buna maraqlı nümunə kimi göstərdi. Bakı Qran-Prisi şəhər halqasında keçirilən nadir yarışlardan biridir və burada yüksək sürətlə hərəkət edən pilotlar qədim qala divarlarının yaxınlığında son dərəcə ehtiyatlı davranmalıdırlar.
Prezident İlham Əliyev bu nümunə ilə şəhərsalma siyasətinin fəlsəfəsini izah edərək qeyd etdi ki, inkişaf və müasirləşmə prosesində cəsarətli addımlar atmaq vacibdir. İnsanların daha rahat yaşayışı, müasir infrastrukturun qurulması və şəhərlərin inkişafı üçün yenilikçi yanaşmalar tətbiq olunmalıdır. Lakin bununla yanaşı, tarixi irsin qorunması məsələsində maksimum diqqət və həssaslıq nümayiş etdirilməlidir. Azərbaycanın şəhərsalma modeli məhz bu prinsiplər üzərində qurulub — müasir inkişafla qədim irsin vəhdəti. Bu yanaşma ölkənin həm milli-mədəni dəyərlərini qoruyur, həm də şəhərlərin müasir dünya standartlarına uyğun inkişafına şərait yaradır.
Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan öz tarixi irsinə sahib çıxaraq gələcəyin şəhərlərini qurur və bu prosesdə milli dəyərlərlə müasir inkişaf arasında uğurlu tarazlıq yaradır.
Nigar Abdullayeva
Neftçala rayonu










































































