Azərbaycan-İtaliya münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilib - ŞƏRH
Azərbaycan ilə İtaliya arasında siyasi münasibətlər ən yüksək səviyyədədir və bu əlaqələr qarşılıqlı etimad və strateji maraqlara əsaslanır
Dövlət başçısı cənab İlham Əliyev tərəfindən Ciorcia Meloninin 2026-cı il mayın 4-də Azərbaycana səfəri çərçivəsində səsləndirilən bəyanatlar İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın həm dərinliyini, həm də çoxşaxəli xarakterini bir daha nümayiş etdirir. Ümumilikdə çıxışlarda siyasi dialoqdan tutmuş enerji, ticarət, investisiya, humanitar və təhsil sahələrinə qədər geniş əməkdaşlıq spektri əhatə olunmuşdur. Möhtərəm Prezident vurğulamışdır ki, Azərbaycan ilə İtaliya arasında siyasi münasibətlər ən yüksək səviyyədədir və bu əlaqələr qarşılıqlı etimad və strateji maraqlara əsaslanır. İqtisadi-ticari əməkdaşlıq da eyni dərəcədə yüksək dinamika nümayiş etdirir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı kimi çıxış edir və ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil etmişdir. Bu göstərici tərəfdaşlığın real iqtisadi nəticələrinin miqyasını aydın şəkildə əks etdirir. İqtisadi əməkdaşlıq çərçivəsində investisiya məsələləri də mühüm yer tutur. Bildirilib ki, Azərbaycan Dövlət Neft Fondu tərəfindən son illərdə İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyulub və bu sərmayələrin gələcəkdə yeni layihələrə yönəldilməsi planlaşdırılır. Bu, iki ölkə arasında qarşılıqlı investisiya axınının gücləndiyini göstərir.
Eyni zamanda, İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti yüksək qiymətləndirilmişdir. Hazırda təxminən 130 İtaliya şirkəti ölkəmizdə müxtəlif sahələrdə fəaliyyət göstərir və onların sayının artırılması arzu olunur. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində 23 İtaliya şirkətinin iştirak etdiyi bərpa və yenidənqurma layihələri həyata keçirilir. Bu, İtaliyanın Azərbaycanın postmünaqişə dövründə inkişaf prosesinə verdiyi mühüm töhfəni göstərir. Çıxışlarda humanitar əməkdaşlıq da xüsusi vurğulanmışdır. Təhsil sahəsində əməkdaşlıq Azərbaycan-İtaliya münasibətlərinin strateji istiqamətlərindən biri kimi qiymətləndirilmişdir. Bakı şəhərində fəaliyyətə başlamış İtaliya-Azərbaycan Universiteti bu əməkdaşlığın ən mühüm nəticələrindən biridir.
Hazırda 500-dən çox tələbənin təhsil aldığı bu universitet gələcəkdə yüksək ixtisaslı kadrların hazırlanmasına və iki ölkə arasında elmi-mədəni körpünün daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Ümumilikdə, səsləndirilən fikirlər Azərbaycan ilə İtaliya arasında münasibətlərin yalnız iqtisadi və siyasi müstəvidə deyil, həm də enerji təhlükəsizliyi, investisiya əməkdaşlığı, regional inkişaf və təhsil sahələrində strateji və davamlı tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərir. Bu əlaqələrin gələcəkdə daha da genişlənməsi və dərinləşməsi üçün möhkəm siyasi iradə və qarşılıqlı maraqlar mövcuddur.
Fərqanə Ağalarova
Neftçala rayonu










































































