Qarabağ və Şərqi Zəngəzurda yeni infrastruktur layihələri - ŞƏRH

Bu gün Qarabağ və Şərqi Zəngəzurda yeni infrastruktur layihələri, avtomobil və dəmir yolları, hava limanları, konqres mərkəzləri, məktəblər, xəstəxanalar, yaşayış məntəqələri tikilir.
Bu gün işğaldan azad edilmiş hər qarış torpağımızda hazırda misli görünməmiş genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Bu proses Azərbaycan dövlətinin siyasi iradəsi, iqtisadi gücü və milli birliyi sayəsində sistemli şəkildə aparılır və tarixi torpaqlarımızın yenidən dirçəlməsi üçün əhəmiyyətli zəmin yaradır. Məlum olduğu kimi Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı həyata keçirilmiş təcavüz nəticəsində ölkəmizin təxminən 20 faizlik ərazisi – Qarabağ və ətraf yeddi rayon – 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılmışdır.
Bu işğal dövründə Ermənistan beynəlxalq hüququ, o cümlədən BMT Nizamnaməsini, Helsinki Yekun Aktını və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozmuşdur. İşğal zamanı Ermənistan Azərbaycan ərazilərində sistemli şəkildə etnik təmizləmə siyasəti həyata keçirmiş, yüzlərlə şəhər və kənd yerlə-yeksan edilmiş, tarixi, mədəni və dini abidələr dağıdılmış, təhqir olunmuşdur. Nəticədə, bir milyondan artıq soydaşımız öz dədə-baba yurdlarından didərgin salınaraq, məcburi köçkün vəziyyətinə düşmüşdür.
Bu, təkcə Azərbaycanın deyil, bütövlükdə regionun sabitliyinə və insan hüquqlarına qarşı yönəlmiş bir cinayət idi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan hərbi-siaysi yolla öz ərazi bütövlüyünü bərpa etdi və işğala son qoydu. Bu tarixi Zəfərdən sonra ölkəmiz dərhal azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə başladı. Bu gün Qarabağ və Şərqi Zəngəzurda yeni infrastruktur layihələri, avtomobil və dəmir yolları, hava limanları, konqres mərkəzləri, məktəblər, xəstəxanalar, yaşayış məntəqələri tikilir. "Ağıllı kənd", "yaşıl enerji zonası" kimi müasir yanaşmalar əsasında planlaşdırılmış layihələr həyata keçirilir. Məqsəd təkcə fiziki bərpa deyil, həm də bu torpaqları həyat, rifah və inkişaf məkanına çevirməkdir. Təsadüfi deyil ki, bu günlərdə tarixi Xankəndi şəhəri ölkəmizin də təmsil olunduğu İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə qürurla ev sahibliyi etdi. Ali qonaqların qürurla ayaq basdıqları Qarabağ torpaqları onlarda növbəti dəfə silinməz xatirələr buraxdı.
Müzəffər Ali Baş Komandan Zirvə görüşündə dərin məzmunlu çıxış edərək bir çox məqamlara toxundu. Uzun illər didərgin düşmüş soydaşlarımızın doğma yurdlarına qayıtmalarını tarixi hadisə adlandıran Ölkə başçısı Böyük Qayıdış proqramının sürətlə davam etdirildiyini vurğuladı. Bu, fakt yalnız ölkəmiz üçün deyil, ümumilikdə beynəlxalq ədalətin təntənəsi kimi qiymətləndirilməlidir.
Ataş Əsədov
Neftçala rayonu


