Azərbaycan - Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir

Hit: 161
Azərbaycan - Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir
Azərbaycan Respublikasının xarici siyasət fəaliyyətində Mərkəzi Asiya dövlətləri arasında Özbəkistanla əlaqələrin özünəməxsus yeri var. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev daim qardaş Özbəkistanla münasibətlərə xüsusi önəm vermiş, hələ Sovetlər dövründə onun Türkdilli qardaş ölkələrə xüsusi rəğbəti olmuşdur.
 
Məhz Özbəkistanla münasibətlərin yüksək səviyyəyə qaldırılması, ölkələrimizin strateji partnyor olması, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ölkələrimizin bir-birini bütün beynəlxalq platformalarda dəstəkləməsində bu dostluğumuzun müstəsna rolunu görmüş oluruq.
 
Ümummilli Lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasi fəaliyyəti və qətiyyətli mövqeyi sayəsində Azərbaycan bölgədə böyük nüfuz sahibi olan ölkəyə çevrilmişdir. Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq edərək, beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə nail olmuşdur. Azərbaycan Mərkəzi və Orta Asiya ölkələri ilə də sıx siyasi və iqtisadi əlaqələrə malikdir. Xalqlarımızın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması bu əlaqələrə təsir göstərən mühüm amillərdəndir. Ölkəmizin Mərkəzi və Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətlərinin yüksələn xətlə inkişaf etməsinə Azərbaycanın Özbəkistanla olan əlaqələrini misal göstərmək olar. Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə uğurla inkişafı, iki ölkə arasında imzalanan sənədlər strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin daha da mökəmlənməsinə, ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə gətirib çıxarır.
 
Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı səfərləri, imzalanan sənədlər, keçirilən görüşlər təkcə protokol tədbirləri yox, həm də xalqlar arasında mənəvi bağların, ortaq tarixin və taleyin təntənəsidir.
 
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin cari ilin iyulun 2-də Azərbaycan Respublikasına dövlət səfəri iki ölkə arasında çoxəsrlik dostluq münasibətlərinin inkişafında tarixi hadisə olmaqla yanaşı, dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə öz töhfəsini verir. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü keçirilib.
 
Səfər çərçivəsində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə mübadiləsi mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının Qərarını imzalayıblar. Dövlətimizin başçısı çıxışında qeyd edib: "Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirilən plan və layihələrlə nümayiş etdiririk".
 
Bir məqamı da diqqətə çatdırmaq yerinə düşər ki, hər iki ölkə başçısının iştirakı ilə Bakıda Özbəkistanın Azərbaycandakı səfirliyinin inzibati binasının açılış mərasimi də keçirilib. Müasir üslubda ərsəyə gətirilən bina qardaş ölkələr arasında əlaqələri daha da genişləndirəcək. İqtisadi əlaqələrə nəzər salaraq qeyd edək ki, iki ölkə arasında, xüsusilə Mərkəzi Asiya ilə Azərbaycanın olduqca interaktiv iqtisadi əməkdaşlıq prinsipi mövcuddur. Bu ilin ilk beş ayında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artaraq 200 milyon dollarlıq sərhədi aşıb. Azərbaycan və Özbəkistan rəhbərləri artıq daha böyük hədəfləri müəyyən ediblər. 2030-cu ilə qədər ikitərəfli ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması planlaşdırılır. Bu isə strateji tərəfdaşlığın göstəricisidir.
 
Göründüyü kimi, qədim tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Özbəkistan Prezidentinin Azərbaycana səfəri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsində öz sözünü deyəcəkdir.
 
Professor Mahirə HÜSEYNOVA,
 
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, Əməkdar müəllim








Redaktorun seçimi