Sapıq zehniyyət sorunu

Hit: 268
Sapıq zehniyyət sorunu
Ey dili qafil fil faili məchul fani f….
DERLƏR, 
Unudulmasını tarixdən qisas almaqda görən və  mutluluq hiss edən oxucu, acınacaqlı durumdur ki, bu gün dəhşətli bir zehniyyətlə üz-üzəyik. Elə bir şüura və düşüncə əxlaqına sahibik ki, Təbrizdən, İstanbuldan Səmərqənddən, Bağdaddan, Bozkırlardan, Tuna boylarından, Məkkədən, Qüdsdən danışırsan, deyirlər, bu sapıq yolunu azıb. Ya da bu azğın səyləməyə başlayır, deyəsən. Bir qism torpaqlarımız (bir zamanlar bu fikri Qarabağla bağlayırdılar:-x.t.) işgal altında (Zəngəzur, İrəvan..:-x.t.) inləyir. Bir kəndi, kəsəyi qurtara bilmirlər, qalxıb ümmətdən, millətdən dəm vururlar. Ümmətin, millətin ideoloji boyutları kimlərisə haralara qədər aparır bəlli. Bu gün Amerikası, Avropası, osu-busu olduqca güclü ola bilər. Sizin təsəvvürünüzü belə aşar. Bizlər texnoloji, elm, iqtisadi baxımdan çox gerilərdə ola, qala, inləyə bilərik. Hətta zaman etibarı ilə, deyək 50 il  fərq bəlirtisində  bizləri bir-birimizdən ayrı tuta bilər. Ancaq yer üzünə göndərilmiş, bu gəlişini də fürsət bilib özünü insan zənn edənlərin ən azından insiyativi olması gərəkir. 
DERLƏR, 
Unudulmaq fəlsəfəsini süni zəkaya da öyrətməyə çalışan sünni və şiə oxucu,
Ən azından dəyişən bu dünya düzənində bir fərd olaraq varlığında daşıya biləcəyi bir dava olması, istədiyinə  etiraz edə biləcəyi bir şeylər olması gərəkir. Bu istəklər  və etirazlar içində planetin bir sakini kimi Qüds davasında öz iradəsini və insiyativini də görə bilməsi doğal və möhtəşəmlik sərgiləyər.(di.) Onun meymunluqdan (zehniyyət baxımından) deyil, insanlıq kimliyindən verilən bir mesajdır. Boşunamı yaradıldıq zənn edirsiniz? Bu coğrafiyada doğulub, dar günündə Qüdsü savunmaq, səsini qaldırmaq nəyin gülüncüdür, ya kimlərin oyununa gəlməyimizdir, düşünürsünüz? Bəlkə bu dava elə gerçəkdən bir həssas toplum olaraq Azərbaycan  xalqının davasıdır. O mübarizə üçün ölmək öldürmək lazım deyil, bəzən. Belə durumda və şəraitdə, şərtlərdə o mübarizəni sadəcə yaşatmaq, dilə gətirmək o acıları canımızda daşıya bilməyimiz yetərlidir. Gerisi artıq öz özünə səni heç düşünmədiyin, xəyal etmədiyin yerlərdə tutacaq. Allah da səni sevəcək. Heç gözləmədiyin yerdə, anda sənə bu doğru olanları yaşadığından və kainatın nizamına nizam qatdığından dolayı təşəkkürünü bildirəcək. O təşəkkürün nə olduğunu gec-tez gözlərinlə görəcəksən. 
DERLƏR,
Unudulmaqla görəvləndirilmiş oxucu,
Bu  gün elə bir zehniyyətə sahibik ki, Qudsdən danışsan səni gülünc yerinə qoyacaqlar. Çünki bu toplumda fərqli və kiçik dəyərlərlə yetişdirildik. Allahdan danışanda ərəbmisən, İslamdan, Qurandan danışanda ərəbin çöl vəhşisi derlər sənə. Oysa, Quranın da, Allahın da, Peyğəmbərin də ərəblik bir şey olmadığının sübuta ehtiyacı qalmadığı kimi, Qüdsün də ərəbə heç bir dəxli yoxdur. Mən bu planetə, yer üzünə göndərilmiş bir canlı varlıq və üstəlik də ağıl sahibi kamil insan kimliyini fəxrlə daşıyan biri olaraq nələrinsə gəldiyim yerdə tərs getdiyinin fərqindəyəm. Bu tərsliklər məni qırıb- incidir. İradəmə aykırı və zor tətbiq edildiyinin ağrısını ruhumda hiss edirəm. Elə isə bu iradəmə ayqırılıq uyğulanan tərsliklərdən biri də Qüds adlı bir şəhərin mənim inancım içində yer almasından dolayı başqaları dediklərimin zorən mənimsəmə duyğularına qurban getməsidir. Mən dərk edirəm ki, bu zorla və haqqı olmadan mənimsənilmə planı daxilində mənim də inancımdan dolayı varlığımın çıxılmaz bir məngənəyə salındığı şəksizdir. 
DERLƏR,
Unudulması ənənəyə dayanan, əbədi oxucu,
Qüdsün kimliyimdə və varlığımdakı yeri bütün boyutlarıyla açılıb şölələnir. Bir mülk də, külçə də haqq sahibi  sən ola-ola,  başqası tərəfindən məcbur qaldığın üçün dədə malı kimi istifadə edilə bilər.  Biz hər əşyanın belə mahiyyətini, energetikasını dərk etmiş millətik. Sənin istəyin və kimliyin o malda-mülkdə ola-ola, kimsə o mala sahib çıxa bilməz. İstəyir o əşyanı o malı min dəfə həzmi rabedən keçirsin. Qüdsün karması həm də müsəlman və türk kimliyi ilə yoğrulub. Yəhudi və ingilis zənn etməsin ki, ona sahib çıxmaq asandır. Məni güldürən bir məsələdir. Yəhudilər olduqca ağıllı və ilahi gerçəkləri dərk etmiş millətdir. Görəsən bu qədər sadə və bəsit formulu necə oldu ki, dərk edə bilmədilər. Qüdsü işğala almaq da olar. Sökmək və tikmək də olar. Ancaq inanc karmasının hegamoniyası altında qalan inanc cəzbinə talib tutulan bir məkanın başqalarınca mənimsənilmə səriştəsi sonu hüsran və qorxunc fəsadlarla İlahi qədərə tuş gələcək. Yəhudilərin bunu bilməyəcək qədər də avam olduğunu sanmıram. O insiyyativ gec- tez səni bir yerlərə götürüb aparır. Səni durduğun yerdəcə hərəkətə gətirir.
Zəruri qeyd: Olduqca yaxın bir tarixdə yer üzündəki İstanbul və Qüdsün nə qədər önəmli olduğunu, hansı işlərə yaradığını, varlıq üçün hansı mahiyyət kəsb etdiyini açıq aydın görüb, anlayıb, qəbul edəcəksiniz. Tələsməyin, hər şey öz yerini almağa başlayacaq.  Qüdsün və İstanbulun həm də şəhər, məkan, bir coğrafiya olmadığını bağıraraq etiraf etməyinizə az qaldı.
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi