Qurban bayramı - milli-mənəvi həmrəyliyin simvolu

Hit: 757
Qurban bayramı - milli-mənəvi həmrəyliyin simvolu
Qurban bayramı İslam dininin ən müqəddəs və əlamətdar bayramlarından biri olmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində də xüsusi yer tutur. Hər il Zilhiccə ayının onuncu günündə qeyd olunan bu bayram, həm dini, həm də sosial mahiyyət daşıyır.
 
Qurban bayramı, Həzrət İbrahimin Allah-Təalaya itaətkarlığının rəmzi olaraq oğlunu qurban etməyə hazır olması ilə bağlı əhvalata əsaslanır. Bu fədakarlıq nümunəsi İslam dünyasında Allaha yaxınlaşma, iman gücü və səmimiyyətin təzahürü kimi qəbul olunur. Müsəlmanlar bu gündə qurban kəsərək, əldə etdikləri ət məhsulunu yoxsullara, qohumlara və qonşulara paylayaraq yardımlaşma və həmrəylik nümunəsi göstərirlər.
 
Azərbaycan xalqı tarixən Qurban bayramını böyük coşqu ilə qarşılamış, onu mənəvi saflaşma və dini borcun yerinə yetirilməsi ilə yanaşı, sosial ədalətin və bərabərliyin ifadəsi kimi də qəbul etmişdir. Qurban bayramı günlərində imkanlı şəxslərin imkansızlara yardım etməsi, qohumların bir araya gəlməsi və insanların bir-birinə qarşı mərhəmət və sevgi ilə yanaşması bayramın əsas qayəsini təşkil edir.
 
Müstəqil Azərbaycan Respublikasında Qurban bayramı dövlət səviyyəsində qeyd olunur. Hər il bu münasibətlə rəsmi təbriklər verilir, kütləvi tədbirlər keçirilir, sosial layihələr həyata keçirilir. Bu da onu göstərir ki, Qurban bayramı təkcə dini bayram deyil, həm də xalqımızın milli birlik və bərabərlik ruhunu gücləndirən bir hadisədir.
 
Qurban bayramı həm də dəyərlərimizin təbliğ olunduğu, gənc nəsillərə vətənə, ailəyə və cəmiyyətə xidmət etməyin zəruriliyinin aşılandığı bir tərbiyə məktəbidir. Bu bayram Azərbaycan xalqının zəngin mədəniyyətinin, dərin mənəviyyatının və əxlaqi kamilliyinin parlaq göstəricisidir.

Aslan Abbaszadə
Faktor.az xəbər portalının Baş Redaktoru








Redaktorun seçimi