Bakı Enerji Həftəsində verilən mesajlar Azərbaycanın artan nüfuzunun göstəricisidir - ŞƏRH

Bakı Enerji Həftəsi ölkəmizin ev sahibliyi etdiyi, coğrafi baxımdan geniş regionu əhatə edən və mühüm beynəlxalq əhəmiyyət kəsb edən tədbirlərdən biridir.
Ölkəmizin ev sahibliyi etdiyi, coğrafi baxımdan geniş regionu əhatə edən və mühüm beynəlxalq əhəmiyyət kəsb edən tədbirlərdən biri də Bakı Enerji Həftəsidir. Bu ilki Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas” sayca 30-cu olmaqla yubiley, Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgisi isə 13-cüdür. Dünyanın bir sıra beyin mərkəzləri və dövlət nümayəndələrinin bir araya gəldiyi bu tədbir qlobal enerji məsələlərinin müzakirəsi və onun həlli imkanlarına əhəmiyyətli təsir göstərir.
Göründüyü kimi, ilbəil genişlənən, yüksək səviyyədə davam etdirilən “Enerji Həftəsi” çərçivəsində həyata keçirilən tədbirlər, atılan addımlar dünya dövlətlərinin, həmçinin işıqlı layihələrdə öz töhfəsini əsirgəməyən Azərbaycanın icrada olan ənənəvi enerji və icrasına yeni başlanan yaşıl enerji layihələrinə maraq və diqqətinin nə qədər böyük olduğunu aydın göstərir.
Qeyd edək ki, Xəzər Neft və Qaz Sərgisi ilk dəfə 1994-cü ildə təşkil olunub. Bununla Azərbaycan siyasi və iqtisadi sahədə böyük uğurların, gələcək zəfərlərinin əsasını qoydu, ölkəmizə birbaşa xarici investisiyaların cəlb edilməsi təmin edildi. Ümummilli Lider Heydər Əliyevin misilsiz xidməti, uzaqgörən siyasəti ilə əsasını qoyduğu “Əsrin müqaviləsi” dövlətimizin bugünki yüksəlişinə, dünyanın suveren ölkə olaraq maraq istiqamətinə, regionun söz sahibinə çevrilməsinə səbəb oldu. Məhz həmin ildən etibarən Azərbaycan öz müstəqillik zəfərini enerji sahəsindəki böyük uğuru ilə tamamladı. Ümummilli liderin uğurlu siyasi addımı Azərbaycanın enerji sektorunda böyük dönüş yaratdı. O dövrdə əsası qoyulan enerji siyasəti dövlətin möhkəmlənməsinə və millətimizin xilasına səbəb oldu. Məlum olduğu kimi hazırda dünyada iqlim dəyişmələrinin fəsadlarına qarşı qlobal mübarizədə enerji siyasətinin seqmenti də genişlənib.
Bu əhatəyə yaşıl enerji də əlavə edilib. Yaşıl enerji sahəsində artlıq yeni imkanlar yaradılır, yeni potensiallar dəyərləndirilərək yeni əməkdaşlıq imkanlarına yol açılır. Ətraf mühitin qorunması, iqlim dəyişmələrinə qarşı mübarizə və yaşıl texnologiyaların tətbiqi məsələsi Azərbaycanın sosial-iqtisadi inkişafının prioritetlərindən biridir. Göründüyü kimi, Bakı Enerji Həftəsi çərçivəsində aparılan müzakirələr, dövlət rəsmiləri tərəfindən verilən mesajlar, həyata keçirilən tədbirlər, Azərbaycanın artan nüfuzunun göstəricisidir.
Gündüz Əsgərov;
Neftçala rayonu


