Bu gün Azərbaycan, Türkiyə və Pakistan üçtərəfli əməkdaşlığın yeni bir mərhələsinə qədəm qoyub

30 il ərzində düşmən işğalı altında qalan Laçın şəhərində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin tarixi Zirvə görüşü, həm də dünyaya verilən növbəti qardaşlıq mesajı idi. Bəli, bu birliyin hər addımı, hər görüntüsü sadəcə birgə iştirak deyil – dərin və çoxqatlı rəmzi məna daşıyan tarixi bir hadisədir. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqı yalnız öz ordusunun qəhrəmanlığına deyil, eyni zamanda Türkiyə və Pakistanın göstərdiyi birmənalı dəstəyə də güvəndi. Türkiyənin və Pakistanın siyasi, mənəvi və diplomatik dəstəyi bizi ruhlandırdı, birliyimizi daha da möhkəmləndirdi.
Həmin çətin günlərdə bu iki qardaş ölkənin nümayiş etdirdiyi açıq və qətiyyətli mövqe Azərbaycanın ədalətli mübarizəsinin beynəlxalq səviyyədə tanınmasına böyük töhfə verdi. Bu dəstək, təkcə dövlət rəhbərləri səviyyəsində deyil, həm də xalqların qəlbində yaşayan səmimi hisslərin ifadəsi idi. Pakistan Parlamentinin qəbul etdiyi qərarlar, Türkiyənin ali rəhbərliyinin sərgilədiyi prinsipial mövqe, bütün bunlar Azərbaycan xalqına güc verdi, iradəmizi möhkəmləndirdi. Bu səbəbdən biz daim minnətdarıq – həm qardaş ölkələrin liderlərinə, həm də bu xalqların səmimi və dəyanətli insanlarına. Bu gün artıq Azərbaycan, Türkiyə və Pakistan üçtərəfli əməkdaşlığın yeni bir mərhələsinə qədəm qoyub. Laçında keçirilən tarixi görüş, azad torpaqlarda yeni bir səhifənin – sülhə, inkişaf və strateji tərəfdaşlığa əsaslanan bir dövrün başlanğıcıdır. Laçında aparılan müzakirələr, əldə olunan razılaşmalar və gələcəyə dair ortaq baxış hər üç ölkəni daha da yaxınlaşdırır, əməkdaşlığımızın dərinləşməsinə zəmin yaradır.
Bu mənada ortaq maraqlara əsaslanan bu münasibətlər, təkcə üç ölkə üçün deyil, bütövlükdə region üçün sülh, sabitlik və rifah vəd edir. Əminliklə deyə bilərik ki, bu birlik zamanın sınaqlarından çıxmış, çətinliklər qarşısında daha da möhkəmlənmiş bir qardaşlıqdır. Qoy Laçında başlanan bu yeni əməkdaşlıq dövrü, Azərbaycan-Türkiyə-Pakistan qardaşlığının daha da möhkəmlənməsinə və dünya üçün nümunəvi bir əməkdaşlıq modelinə çevrilməsinə xidmət etsin!
Vüsal Atayev;
Neftçala rayonu


