Varlıq-yoxluq arasındakı yurd

(Bir zamanlar itirdiyimiz torpaqlarımızın canlı əfsanəsi ustad Umud Rəhimoğlunun adına bağışlayıram bu yazını)
Aradan 28 il keçdi. Gecələr yuxularımızda gördüyümüz, xatirlərimizi canlandırdığımız o doğma yerləri görmək ümidiylə bağrımız alışıb yandı. Dünyasını dəyişənlərimizin son nəfəslərində o yerlərin ilğımının gözlərinə necə vurduğunun az şahidi olmadıq.
Gün gəldi, qalib ordumuz gavurları torpaqlarımızdan silib süpüb atdı. Ancaq yenə də yurt yerlərimizi görməkdən ötəri yanıb yaxıldım.
Müharibədən az keçmişdi. İş elə gətirdi ki, bir səbəbdən dolayı 2021-ci ilin avqust ayının 6 - sında Avrasiya Mətbuat Şurasının başqanı Umud Rəhimoğlunun səbəbkarlığı ilə nəhayət yola çıxmalı oldum. Gecə sabaha kimi yata bilmədim. Sabaha saat 6-da dedikləri yerdə Umud müəllim və qonaqları ilə görüşdük. Umud müəllimin Qətərin Əl -Cəzirə televiziyasından da qonaqları gəlmişdi. Əvvəlcə Şuşaya, ordan da Qubadlıya, həm də bizim kəndə gedəcəkdik. Gerçəkdən Umud Rəhimoğlunun sözlərinə inana bilmirdim. O anlarda Umud Rəhimoğlu bu dünyada mənə bütün insanlardan doğma və əziz idi ki, hətta mən o doğmalığı kimsəylə bölüşməmək, yaxut o doğmalığı kimsəyə ünvanlamaq üçün, bəlkə də sevincimdən o gözəl kişini öldürə bilərdim. Etiraf edirəm, həyatım boyu bundan böyük sevinc görməmişəm. Demək istəyirəm, mənim üçün hər şey olduqca adi olub. Bu adiliklər içində bu yaşıma qədər varlığımı heyrətləndirəcək heç bir şeyi xatırlamıram. Hesab etməyin ki, bu bir manqurt etirafıdır. Ancaq torpaqlarımızın alınması, 28 ildən sonra kəndimizə getməyim inanıram ki, bir vücuda sığacaq sevinc deyildi. O sevinc dediyiniz mənim həyatıma ilahi müjdə şəklində gəlmişdi. Onun da elçisi Umud Rəhimoğlu idi. Bəlkə də Allah yaratdığı bəndələrə bu dünyada bir anlıq peyğənbər olmaq şansını verir. O peyğənbərlik də bir başqasının tək bircə dəfə dünyanı lərzəyə gətirəcək, dağları çökdürəcək, sularda tufan qopardacaq bir fürsət verir. O fürsəti, o xoşbəxliyi yaşayan peyğımbərdən daha çox, müjdəni gətirdiyi insan olur. Var ol, Umud
Rəhim oğlu, var ol.
Bu da kəndimiz. Hərtiz dağının sağ boynundan Göyyal kəndinə enirik. Dağ o dağ deyil. Göyyal kəndi o kənd deyil. Bir- iki evin yerindən başqa hər yanı talalıq, ağaclıq basıb. Göyyalın bulağının gözünü kimsə bizdən qabaq açıb. Üzü dərə aşağı axıb gedir. Yəqin axıb - axıb Mavdanın dərəsindəki sulara qoşulub, ordan da Dəli çaya, ordan da Araza qarışır. Göyyalla kəndimiz Fərcanın arasında bir dərə və bir dəyirman vardı. Elə biləsən bu iki qonşu kənd bir kənd yox e, kiminsə bir həyəti boyda olub. Sonralar bildim ki, orda ikən özümdə deyildim. Evimizdən, həyət-bacamızdan əsər-əlamət yox idi. Orda içim titrədi, bilmirəm neçə bal gücündə isə, ətrafda 7-8 nəfərdən çox insan mənim o dalğamdan ola bilməzdi ki, çilik - çilik olmasın. Yaxşı ki, hər kəs məndən uzaq məsafədə gördüklərindən heyrətə gəlmişdilər.
Bax, bu yerlərdə böyümüş, dostlarımla oynamış, dağının, dərəsinin, düzünün ən guşənişin nöqtəsində dünyanın ən maraqlı kitablarını oxumuş, hər qarışında bir xatirəmi qoymuşam. Etiraf edirəm ki, kəndin ərazisinə girəndə öz evimizin yerini, həyətimizi çətin müəyyən etdim. Çünki, qəbrstanlıq yoxa çıxıb, Şiştəpə əriyib hara qarışıb, Şahalıdan, Ağamurad kişinin bağından xəbər - ətər yox. Qayalar dağı da öz görkəm və formasını əməlli-başlı itirmişdi. Hər yeri ağaclıq, talalıq basmışdı. Diqqətlə baxanda bizdən 7-8 km aralıdakı 3 erməni kəndi (Ağavurt-Ağayurt, Ücənis, Novruzdar :-x.t.) elə biləsən qoyub getdiyimiz kimiydi. Bizim yerlərdən o zamanlar necə görünürdülərsə, indi də bir - birləri arasında eyni məsafədə, eyni böyüklükdə görünürdülər. Döyüşdən zəfələ çıxmış igid əsgərlərimiz isə Zəngəzurun bu qədim məskənində keşiyimizi çəkirdilər.
Doğrudur, torpağımız işğal olundu, aradan 28 il sonra azad elədik. Gedib yer-yurdumuzu gördük. Ancaq məsələ qətiyyən bu deyil və məsələ bununla da bitmir. Sevinmək, coşmaq, atılıb düşmək əvəzinə, bu nəydi İlahi, məni boğurdu. Özümü tuta bilməyib o ki var hönkürdüm. O ki var hönkürdüm. Bütün varlığım, canımın bütün zərrələri hərəkətə gəldi, taleyim bir anda öz missiyasını pozdu, sanki özümə yönəldim, bir an içində özüm öz qarşımda durdum. Bu nəydi, bu nə sirdi? Dünyaya gəldiyim gündən bu vaxta kimi, mən belə bir hal, belə bir yaşantı, belə bir dərkolunmazlıq, belə bir vakkum, boşluq içində varlıq - yoxluq sərhəddini itirən daxili titrəşimində heç olmamışam. Yəqin belə bir vəziyyətdə məni oğlum, qızım, anam görsə tanımaz, tanıya bilməzdi. Bircə onu bilirəm ki, sinəm qalxıb enir, köksümün altından sellər axırdı. Bir də onu yadıma salıram ki, eləcə ölmək, orda qalmaq istəyirdim. Bu istək necə də şirin, şipşirin bir duyğuya çevrilmiş, baldan betər bir tutquya dönüşmüşdü. Bu duyğulardan, bu yaşantıdan ayrılmamaq üçün nəsə edə bilərəmmi? İstəyirdim, o boşluq, o ölüm şirinliyi uzansın, daha da uzansın. Heç bilməzdim, ölümlə bu şəkildə, bu üsulla, bu müstəvidə tanış olmaq da varmış. Elə biləsən,Yaradan bu kəndlə bağlı olan dünyasını dəyişmiş və dəyişəcək bütün insanların ÖLÜMÜNÜ birləşdirib bir ölüm eləmişdi. Bu ölüm də mənimlə əməlli-başlı çilik - ağac oynayırdı.
Kənarda durub mənə baxaraq Umud Rəhimoğlunun içinin necə dağıldağını sonra bildim. Umud bəylə göz-gözə gəldiyimiz o anı heç vaxt unutmayacam. Bir də məni çoxdan tanıyan Zəngilanlı balası qardaşım AZ.TV-nin qədim -qayım operator Fikrətin üzündəki o təssüratı, o sakitliyin altındakı ağrını yaddan çıxarmayacam.
Bilmirəm, mən o yerlərə yəqin ki, bundan sonra da gedəcəm. Övladlarımı da aparıb o torpağın hər qarışı ilə tanış edəcəm. Bəlkə geniş şəkildə təəssüratımı bir daha yazacam, yenə bilmirəm. Ancaq onu bilirəm ki, gənc ikən o yerlərdən ayrılıb 28 il sonra ilk dəfə kəndin çöllük, meşəlik, yabaniləşmiş varlığına döndüyümdə içimi kəsib doğruyan o acının atam, əmim, nənəm, bibilərim, kəndimizin doğma insanları və bizdən sonrakı nəsillərin olduğundan şübhələnmədim. Mən o acının kimliyini, əsli-zatını yaxşı ki, tapdım. Tapıb bir - bir hər kəsi gözümün önündən keçirdim. Onları, hər kəsi öz qıl körpümdən yenidən kimliyimə, varlığıma doğru keçirdim. ( Bu dünyanın qoynundakı bir kəndlik torpağımda bir ZAMAN anlayışı əkdim. O ZAMANın ilahi mahiyyətində o kəndin keçmişində və gələcəyindəki insanları yığışıb bir arada olacaq, birgə ağlayıb birgə güləcəklər.)Yaşasın kədər, yaşasın acılar, yaşasın o acıların diriltdiyi müqəddəs torpaqlar, ocaqlar, yurdlar, evlər, eşiklər, kəndlər...sözsük ki bir də dostlar.
Not: İllər öncə yazmışdım: Eldar Baxış mənim vətənimdir. Bu gün bu cümləni bu şəkildə də yaza bilmə haqqını o adam özü mənə verdi: Umud Rəhimoğlu mənim vətənimdir.
Xanəmir Telmanoğlu


