Məna aləminə keçə bilməyənlərin aqibəti

(ezoterik yazı)
ey dili qafil fil faili məchul fani f...
derlər,
Unudulmuş oxucum,
1. sufizm görüşünə görə, məna aləminin mahiyyəti əxlaqda təcəssüm edir. Allahın yaratdığı gözə görünən və görünməyən nə varsa, mütləq məna kəsb edər, məna anlayışında özünə kimlik qazanar. Bu kimlik həm də üst kimlik, kamil kimlik qazancı da hesab edilir. Allahın yaratdığı bütün əşya və canlılar, dəlillər onun peyğəmbərlərə endirdiyi və insanlarla cinlərə ünvanladığı sözdə, fikirdə, düşüncədə, inancda əksini tapar. Ən ali, ən kamil məna isə sözlərin, fikirlərin, düşüncələrin, inancların ifadə məqamı, anlam tərzidir. Məna həm də aləmlər içində bir aləm, məkan içində bir məkan, zaman daxilində bir zamandır. İnsan məna olmadan, məna dünyası ilə tanış olmadan onun Allahın istədiyi, onu yaratdığı doğrultusunda heç bir dəyər kəsb etməz, qiymət almaz, məzənnəyə minməz. İnsanın gəlişi və geriyə dönüşü, bu gəliş- dönüşün sürəci Allahın təqdim etdiyi məna bürüncəyində, məna qarışımında gerçəklikdir. Digər gerçəklik, digər anlam və əsaslanmalar puç, bihudə, boşluqdur. Varlıq necə bir məna fövqündə özünü yaradıcı gücün törəyişi hesab edirsə, yoxluq da eyni minvalla o yaradılış iksirinin arealında, platformunda öz sahəsini və qədərini müəyyən etmişdir.
2. Məna sözü dilimizə yəqin ki, ərəblərdən daxil olmuşdur. Hər şeyin bir mənası, məğzi, mahiyyəti, məzmunu, anlamı, işarəsi, qəsdi olmalıdır. Məsələn, “almanın mənası nədir?”,- dediyimiz zaman, o qədər də effektli səslənməz. Ancaq almanı yeməyin, yeməməyin, almanı əkməyin, yığmağın, dərməyin bir mənası olub- olmadığı məntiqcə uyğunluq yaradır, bizə belə bir yanaşmaya gəlməyimizə əsas verə bilir. Hətta almanı yemək nə anlamına gələ bilərsə, almanı yeməmək də daha fərqli bir anlam təqdim edə bilir. Burdan anlaşılan odur ki, "almanın mənası nədir?"-sorusundan daha çox, "almanı yeməyin-yeməməyin" mənası nədir, kimi yanaşma daha düzgün və əxlaqidir. Çünki birinci sualda (almanın mənası) mahiyyət bir başa yaradıcı gücün üzərində öz həllini tapırsa, ikinci yanaşmada (almanı yeməyin mənasında) danışanın, onu yeyənin varlığında bir gerçəklik, bir işləm, bir hərəkət ortaya çıxarır. Demək insan oğlu məna deyiləsi dünyaya da, öz məsuliyəti və hərəkətləri üzərindən daxil olmalı, orda özünə yer-yurd edinməlidir.
3. İlk cümləmizdə "MƏNA" haqqında danışmağa başlarkən əxlaqi kateqoriyadan bəhs etmişdik. İkinci məqamda misal çəkdiyim almanın yeyilmə örnəyindən çıxardığımız sonucdakı məsuliyyəti almanı yaradan gücə deyil, almanı yeyən mənin məsuliyyəti öz üzərinə alması üzərindən məna anlayışını əxlaq zəmininə oturtmuş olduq. Yəni məna elə bir aləm, elə bir mənadır ki, ona giriş bir nöqtədən olsa DA, çıxış hər məqamından və hər nöqtəsindən açılış təşkil edir. Əsas məsələ ondan ibarətdir ki, yetər ki sən mənanı verə biləsən, sən mənanın toruna düşməyi bacarasan, ordan çıxmaq səni narahat etməyəcək və yaxud da çıxmaq haqqında düşünməyəcəksən. Çünki aradığını bulduğun üçün, onu əlindən qaçırmayacaqsan.
4. Hər bir şeyin mənası, onun mahiyyəti olaraq insanın əlində-ovucunda qalandır. Məna bir az da sonuc, son sığınacaq təşkil edir, oluşdurur. Əgər almanı yemək bir səbəb yarada bilirsə, bir gün o almanı yeməyin həsrəti, yaxud almanı yeməyin, yığmağın, görməyin həsrəti də səndə bir xatirə, bir yaddaş oluşdura bilir. Bu fərqli oluşumlar, bax, burda deyərlər ki, mənanın fərqini, yəni məqamını da bərabərində gətirir. O zaman əgər alma yemək konkret bir səbəbə, mənaya bağlanırsa, almanı nə zamansa görmək, dərmək, yemək də bir xəyal ürünü olaraq səndə təsirini buraxır. O xəyalın yaranma səbəbi bizi məna aləminin metafizik tərəfinə, sonsuzluğuna da alıb aparır. Məna həm də burdan çıxarışla deməyə imkan verir ki, insan, varlıq üçün ötə bir sığınacaq, başqa dünya, aləmlərdə sənin ümidlə gözləyəcəyin, hətta etibar edəcəyin məkan -zaman özləmini, istəyini qarşına çıxarır. Birbaşa deməyə cəsarət tapıram ki, məna, insan varlığı və kimliyi üçün mahiyyət etibarı ilə sonsuz, ötəki aləm, həyat, yaşam təqdim edir. Bu təminatını insan varlığından heç zaman əskik etmir.
5. Bəs yaxşı, nəyə görə insan bu qədər anlayışları, mahiyyətləri kənara itib də, məna aləmində, mənanın ölkəsində özünə sığınacaq tapmağı ən etibarlı və ən məsuliyyətli məqam hesab edə bilir? Yəni məna aləmi insana, onun kimliyinə nə vəd edir ki? Bir gün bütün gördüklərin, şahidi olduqların, anladıqların bir sonucla nöqtələnir. Hər şey yoxluğa çəkilir. Bəs məna? Sənin bildiklərin, görüb anladıqların yox olduğu təqdirdə öz sonucunu, səninlə rabitə və sənin şahidliyində olduğu müddətdən sonra özünün gerçək sonucunu, əsli-zatını məna olaraq sənə verdiyi, verə bildiyi və sənin bunu ala bildiyin üçün, sənin mənanla mənalanmaqla bir anlam qazanır. Bax, o sənin anladığın, alqıladığın, digərlərindən qopara bildiyin mahiyyət səninlə birgə nə sən olur, nə də özü, ancaq və ancaq ilkinliyinə dönüşüm sağlayaraq onu Yaradanın kimliyində görünür. Elə əsl məsələnin əxlaqi yönü və sonsuzluğu da burdan başlayır.
6. Məna sözü dilimizdə mən, yəni mənim özüm, mən etmək, uzaqlaşdırmaq, mənasız, yəni heç bir dəyəri qalmayan, min, yəni saysız-hesabsız, mon, yəni (mno) yenə çox, mono, yəni tək, bir, men, yəni canın cövhəri, ma, yəni su, maa, yəni mənə ver, (dəyərli olanı, lazımlı olanı istəyərlər), min-(mək) yəni yüksənsə üzərinə qalx, çıx, yüklən, atlan (ata minmək, uzaq yola çıxdığın üçün minik olaraq istifadə et) mina, dişin mina qatı, yəni qoruyucusu, qoruyucu təbəqəsi kimi sözlərin tərkibində özünü biruzə verməklə elə bizim bu fani dünyamızda öz çeşidli məqamını, dərəcəsini dışa vurur. Maniheizmin qurucusu Mani-nin də adının anlamının məna sözündən gəldiyi qənaətindəyəm. Bu dinin fəlsəfəsinə görə, hər qaranlığın qarşısında mütləq bir aydınlıq vardır. İnsan həyatının ən gözəl tərəfi isə bu aydınlığı arayıb tapmasıdır. İşığa çatmaq isə son hədəf olaraq burdan da nura yüksəlmə mərhələsinə yol açılmış olur. Hətta dilimizdə işlətdiyimiz ana kəlməsinin digər qarşılığı olan ana kəlməsinin (mama) ilk hecası “ma” sözü də məna sözünün tərkibindən intişar tapmışdır. Hətta doğuş zamanı kömək göstərməklə məşğul olan (keçmişdə təhsilsiz, indi isə xüsusi təhsil görmüş) qadına da mama deyilir. (Mama çox olanda, uşaq tərs gələr.atalar sözü.) Dilimizdəki məmə sözünün kökü də məna sözüylə əlaqədardır. Qadının döş hissəsidir ki, təzə dünyaya gələn körpə bu məmə hissəsindən mayalanır, qidalanır, yaşam qazanır.
7. Var olan yox olmaz. silinməz. Ya dönüşür, ya da yenidən yaranır. Allah sürəkli var edir, ya da var etdiyindən yenisini yaradır. Məna aləmi əsasən sufizmdə röya aləmiylə, insanın gördüyü yuxuyla əlaqələndirilir. C.Bağdadi der ki, min müridim gecə yatsa, mini də eyni yuxunu görsə, sabah qalxdıqlarında mənə danışsalar, minini də fərqli yozaram. Məna da hər adamın həqiqəti ilə bağlıdır. Yuxunun dəyəri həm də onun necə yozulmasından asılıdır. Demək bu dünyada, bu aləmdə gördüyümüz, şahidi olduğumuz, anladığımız nə varsa, bizim yozumumuza bağlıdır. Yozumumuz sonrası bir həqiqətə çatmaq imkanı bizə verilir. Məna da o yozumda ortaya çıxırsa, bir mənanın həqiqətində yaşayırıq demək, gördüyümüzün, anladığımızın, baş vermiş hadisənin reallığında, həqiqətində deyil. Burdan bir anlayış da zühur edir ki, hər şeyin həqiqəti yozulursa, o əsl həqiqətin kökü qaybla əlaqədardır. Çünki dəyərləndirmə burdan stimul alır, burdan istiqamət götürür, burdan, bu dünyanın ölçüləri əsasında özünü insanla bütövləşdirir. Qeyb aləmindən, xəyal dünyasından, ötə aləmin ölçülərindən həqiqəti anlamlandırdığın (bu mümkünsə əgər) zaman, digər bir mənaya talib olursan. Burdan başa düşülən odur ki, mərkəzləşmiş nöqtə rolunda çıxış edən, görən, anlayan, bilən obyektdir. Sonra da C.Bağdadi der ki, elə kişilər vardır ki, röyada gördükləri birə bir həqiqətə isabət edər. Burdakı həqiqətin isabət etdiyi anlam məna aləminin dəyişilməz, yozulmaz, ancaq görünən sürəti, şəkli, anlamı üzrə qəbul edilir.
Xanəmir Telmanoğlu


