“Xalqı xalq edən, milləti millət edən onun ana dilidir”

Müasir Azərbaycanın ictimai-siyasi və mənəvi dirçəliş yolunda bir çox mühüm mərhələlərə imza atan Ulu Öndər Heydər Əliyev xalqımızın milli kimliyinin əsas dayaqlarından biri olan ana dilimizin qorunması və inkişaf etdirilməsi sahəsində müstəsna xidmətlər göstərmişdir. 1978-ci il aprelin 27-də onun təşəbbüsü və qətiyyətli siyasi iradəsi nəticəsində Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyaya daxil edilməsi təkcə hüquqi akt deyil, eyni zamanda milli mənəvi özünüdərkin rəmzinə çevrilmişdir.
SSRİ-nin ideoloji və siyasi təzyiqlərinin artdığı bir dövrdə, xüsusən 1977-ci il Ümumittifaq Konstitusiyasının qəbulundan sonra ittifaq respublikalarında milli dillərin sıxışdırılması açıq şəkildə həyata keçirilirdi. Belə bir çətin siyasi atmosferdə dil məsələsini gündəmə gətirmək, onu müdafiə etmək böyük cəsarət və vətənə sonsuz sədaqət tələb edirdi. Bu çətinliklərə baxmayaraq, o dövrdə Azərbaycan Respublikasına rəhbərlik edən dahi şəxsiyyət Heydər Əliyev milli dilin hüquqi statusunun qorunmasına dair prinsipial və fədakar mövqe sərgilədi. O, məsuliyyəti öz üzərinə götürərək, ana dilimizin rəsmi status qazanmasına nail oldu. Bu, tarix qarşısında verilmiş cəsarətli və müdrik qərar idi.
1978-ci il aprelin 2-də keçirilmiş Azərbaycan SSR Ali Sovetinin sessiyasında Ulu Öndər Heydər Əliyevin təklifi ilə yeni Konstitusiyanın 73-cü maddəsinə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” ifadəsi daxil edildi. Bu təşəbbüs respublika tarixində ilk dəfə olaraq ana dilimizin hüquqi statusunu təsbit etdi və milli özünüdərkin əsasını formalaşdırdı. Bu hadisə, əslində, gələcək müstəqillik arzularının ilk hüquqi konturunu müəyyənləşdirirdi. Ulu Öndər dilin yalnız rəmzi anlamda deyil, praktik və sistemli şəkildə qorunmasına və inkişafına yönəlik siyasətin də əsasını qoydu. Onun təşəbbüsü ilə dilçi alimlərə diqqət artdı, Azərbaycan dilində çap olunan nəşrlərin həcmi çoxaldı, dilin tədrisi və təbliği gücləndirildi. Ana dili, onun fikrincə, dövlət atributlarımız – bayraq, gerb və himn qədər müqəddəs idi.
1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanması zamanı dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif müzakirələr getdiyi halda, Ümummilli Lider öz prinsipial mövqeyini ifadə edərək “Azərbaycan dili” adının birmənalı şəkildə təsbit olunmasına nail oldu. Bu, onun dilə olan sonsuz sevgisinin və məsuliyyətinin növbəti sübutu idi. 2001-ci ilin 18 iyununda Ulu Öndər tərəfindən imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman dil siyasətinin sistemli şəkildə həyata keçirilməsinə şərait yaratdı. Bu sənəd əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı və dövlət dili ilə bağlı məsələlərin mərkəzləşdirilmiş şəkildə tənzimlənməsi təmin olundu. Eyni zamanda, 2001-ci il 9 avqust tarixində imzalanmış digər Fərmana əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunmağa başlandı. Bu, dilə və yazıya verilən yüksək dəyərin təcəssümüdür.
Daha sonra 2002-ci ilin 30 sentyabrında qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun dilin hüquqi statusunu daha da möhkəmləndirdi. Bu Qanun təkcə dövlət strukturlarında deyil, həm də diaspor təşkilatlarında Azərbaycan dilinin qorunmasına hüquqi zəmin yaratdı. Ulu Öndər Heydər Əliyev hər zaman vurğulayırdı ki, xalqı xalq edən onun ana dilidir. Onun fikrincə, dil təkcə ünsiyyət vasitəsi deyil, həm də mədəniyyətin, milli yaddaşın, tarix və mənəviyyatın əsas daşıyıcısıdır. O deyirdi: “Millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz.” Bu sözlər dərin və uzaqgörən bir dövlət xadiminin dilə, mədəniyyətə və kimliyə baxış bucağının aydın ifadəsidir.
Ümummilli Lider Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində ana dilinə münasibətdə ardıcıl və dəyişməz mövqe nümayiş etdirmişdir. Onun 1994–2003-cü illər arasında dilə dair səsləndirdiyi fikirlər – istər təhsil işçiləri, istər yazıçılar, istərsə də beynəlxalq auditoriyalar qarşısındakı çıxışları – Azərbaycan dilinin milli sərvət kimi qorunmasına çağırış idi. Xüsusilə vurğuladığı “dil, dil, bir də dil” çağırışı sadəcə ritorika deyil, strateji vəzifə kimi dövlət siyasətində ön plana çəkilmişdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dili dövlət dili kimi Konstitusiyaya daxil edilmiş, sonrakı dövrlərdə bu statusun inkişafı üçün ardıcıl siyasi və hüquqi addımlar atılmışdır. Bu, təkcə bir dilin rəsmi statusa qovuşması deyil, milli mənlik şüurunun, mədəni yaddaşın və müstəqillik idealının hüquqi və mənəvi zəfəri idi. Bu gün müstəqil Azərbaycan Respublikası öz ana dilində danışır, düşünür və inkişaf edir. Bu uğurun təməlində isə Ulu Öndərin düşünülmüş və uzaqgörən siyasəti dayanır.


