Zəngəzur qartalı

Hit: 172
Zəngəzur qartalı
Ey dili qafil fil faili məchul fani f....
 
Derlər, 
Unudulmuş oxucu, 
Azərbaycanın hər qarışı tarixə  kişiliyini, qeyrətini yazdırmış şəxsiyyətlərimizlə doludur. Haqqında danışacağım şəxsiyyət çoxlarına tanış deyildir. Qədim Zəngəzur mahalının Qubadlı rayonunun Fərcan kəndindən olan bu KİŞİ uşaqlıq illərindən böyüklərin dilindən tez-tez eşitdiyim Yüzbaşı Baba Məmmədov olub. Ailəmizdə, eləcə də kəndimizdə, yaşlı nəslin nümayəndələri onun haqqında danışanda, ya iç çəkərdilər, ya boğazlarını qəhər sıxardı, ya da gözlərini nəm basardı. Baba Məmmədov haqqında orta məktəb müəllimim, son dərəcə mükəmməl yazı üslubu olan Xeybər Göyyalının illər öncə yazdığı bir kitabı nəzərə almasaq, demək olar ki, əlinizə elə sanballı bir bilgi, məlumat, qeyd, yazı, məqalə, kitab keçəsi deyil. Bir də yanlış deyilsə, araşdırmaçı - yazar Hacı Nərimanoğlunun Baba Məmmədov haqqında bir məqaləsi işıq üzü görüb. Bu kişini oxuculara tanıtmaq üçün, öz yaddaşımda qalan qısa bir məlumatı vermək, bölüşmək istəyirəm. 
Baba Məmmədovun doğulub böyüdüyü yurt Zəngəzurun Almalıq kəndidir. Mən uşaq olanda Almalıq kəndinin meşənin içindəki xarabalıqlarını görmüşdüm. Bu kəndi ermənilər 1918-ci ildə yandırıblar. Bizim geridə sağ qalan camaat Almalıq kəndini tərk edib bir az aşağıda Hərtiz dağına yaxın Fərcan kəndində məskunlaşmağa başlamışlar. Baba Məmmədov 1887-ci ildə o yandırılmış olan Almalıq kəndində dünyaya göz açır. Olduqca qeyrətli, namuslu, qorxmaz, mərt bir kişi olub. Bu sözləri mən yaşlı rus dili müəllimiz, özü də Babanı görmüş Həzi müəllimdən eşitmişdim. 
 
Derlər, 
Unudulmuş oxucu, 
Zəngəzur qəzasının yüzbaşısı olan Baba Məmmədov 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının parlamentində millət vəkili olmuşdur. Bakıda və rayonlarda erməni daşnaklarına qarşı misilsiz mübarizə aparmışdır. Nuru Paşa Gəncəyə gəldiyində onunla görüşərək  erməni daşnaq birləşmələrinə qarşı vuruşmaq məqsədi ilə Zəngəzur bölgəsi üçün silah-sursat əldə etmişdir. Bildiyimə görə, millət vəkili olduğu zamanlarda H.Z.Tağıyevlə yaxın, isti münasibətləri olmuşdur. 1929-cu ildə Baba Məmmədov sovet höküməti tərəfindən həbs edilir. Hansısa bir yolla Şuşa həbsxanasından qurtularaq Arazı adlayıb Cənubi Azərbaycana keçmişdir.  Yenə bildiyimə görə, sovet qoşunları Təbrizdə olanda 1942- ci ildən söhbət gedir:x. t) bizim kənddən Xankişi baba onu görüb tanıyır. Kimsəyə güvənə bilmədiyi üçün Cənubi Azərbaycanı da tərk edərək ordan Türkiyəyə üz tutur. İstanbulda Nuru Paşa və Xosrov bəy Sultanovla yenidən görüşür. Nuru Paşanın Silah zavodunda üst düzeydə bir müddət çalışır. O dönəmin bütün millətçi kəsimiylə yaxından ünsiyyət qurur. 
1974-cü ildə qardaş Türkiyədə üzünü Azərbaycana tutub gözlərini əbədi olaraq qapadır. 
Kəndimizdə hər kəs onunla fəxr edirdi. Sovet sisteminə tabe olmayan bu qeyrətli vətən övladının özünə məxsus olan evində (məktəb olaraq) biz kənd uşaqları dərs oxuyur, müəllimlərimizdən elmin sirlərinə gücümüz yetdiyi qədər vaqif olurduq. O uca, enli divarlı sinif otaqlarında Baba Məmmədovun nəfəsi vardı. Çox sonralar anlayıb başa düşdüm ki, Zəngəzurun ucqar bir guşəsində, dağlar qoynunda sovetlərə, bolşeviklərə, ruslara, daşnaklara meydan oxuyan necə ər oğlu ərimiz varmış. İstanbulda təhsil illərində kəndimizin varlığını, onun sadə insanlarının, müəllimlərimin, gənclərinin, qocalarının, qadınlarının, kişilərinin mükəmməlliyindəki ecazı sanki Baba Məmmədovun kimliyi, keçdiyi həyat yolu açıb söyləməyə başlamışdı. 
 
Derlər, 
Unudulmuş oxucu, 
Baba Məmmədovun törəməsi olan Bəbir mənim sinif yoldaşım idi. Bəbiri tanıyanlar bilirlər ki, birinci Qarabağ savaşında ermənilərə necə qan uddururdu. Təkbaşına onlarla erməni kəndlərini keçib erməni ovuna çıxar, gələndə bir sürü erməni dığalarını qabağına qatıb kəndə tökərdi ki, bizim əsir düşən insanlarımızla heç olmasa bunları dəyişə bilsinlər. Bəbir əsl qurt ürəyi yemiş biridir. Bu gün də Bəbirə imkan verəsən, yenə eyni qayda ilə yüzlərlə erməni dığasını mal kimi qabağına qatıb sənə təslim edər. Aslandan aslan törəyər, elədir.
Baba Məmmədov haqqında kəndimizdə ən çox bilgiyə sahib Həzi müəllim idi. Artıq mən Baba Məmmədovla maraqlanmağa başlayanda, 1991-ci ildə rus ordusundan qayıdanda, Həzi müəlllim də dünyasını dəyişib haqqın rəhmətinə qovuşmuşdu. 
Aradan illər keçir. Hər kəs, hər kəsin varı-dövləti, yaşayışı, çəkdiyi zövqü-səfa, sürdürdüyü eyiş-işrət unudulur. Minlərlə insanı heç bu gün onların törəmələri, nəvə-nəticələri, kötücələri xatırlamır, xatırlaya bilmir. Ancaq xalqı, milləti, el-obası üçün yanan, ruhunda azadlıq, özgürlük sevdası əbədi məşəl olub şölələnən kişiləri isə kimsə unutmur. Baba Məmmədov kimi şəxsiyyətlər nəyin ki öz dövrünün insanlarına böyük dayaq olublar, onlar illər keçəndən sonra da yeni nəsillərə qeyrət, kişilik, insanlıq nümunəsi kimi dərs keçirlər. Allah belə oğulları  vətən,- xalq təəssübkeşi olduğu üçün unudulmağa qoymur. 
 
Xanəmir Telmanoğlu
 
P.S: Bakı Mərkəzi Hospitalında (CENTRAL HOSPİTAL) ürək əməliyyatı keçirdim. Əməliyyatı uğurla həyata keçirən həkim Allahverdiyev Samir bəyə və digər tibbi personallar Məhərrəmova Ülviyyə, Quliyeva Ülviyyə , Məmmədova Səma, Mehdizadə Qumral, Bilalova İlahə, Stavseva Fatimə, Stavseva Günel, Əsgərova Rasiməyə dərin təşəkkürümü bildirirəm.








Redaktorun seçimi