Zərifə Əliyevanın peşəkarlığı hər zaman böyük nümunə və örnəkdir

Hit: 351
Zərifə Əliyevanın peşəkarlığı hər zaman böyük nümunə və örnəkdir
Cəmiyyətin hər zaman inandığı belə bir fikir vardır, qüdrətli liderlərin, dahi kişilərin  arxasında böyük iradi qüvvəyə malik qadınlar dayanır. Onlar məhz belə qadınlara arxalanaraq tarix yazır, böyük imzaların sahibinə, zamanın fövqündə duran şəxsiyyətlərə çevrilirlər. Dahi şəxsiyyət, müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev kimi insanın kölgəsində də məhz Zərifə Əliyeva kimi qüdrətli bir sima dura bilərdi.
 
Heydər Əliyev həyat sirdaşını, ömür-gün yoldaşını hər zaman belə xatırlamışdır: “Zərifə xanım mənə xoşbəxtlik bəxş etmişdi”, “Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini  qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur”. Akademik Zərifə Əliyeva haqqında danışdıqda Azərbaycan xanımını xarakterizə edən  qüdrətli bir qadın obrazı canlanır göz önündə. Onun ömür yoluna nəzər saldıqca, müasir Azərbaycan qadınına xas keyfiyyətləri əks etdirən yüksək simanı tanımış oluruq. Gözəl ailə başçısı, qayğıkeş ana, peşəkar ixtisas sahibi, dünya şöhrətli alim, cəmiyyətdəki mövqeyi və uğurlu fəaliyyəti ilə sözün əsl mənasında böyük şəxsiyyət idi Zərifə xanım. Bəli, bir insanda cəmləşmiş bütün bu keyfiyyətlərin sahibi hər zaman sevilməyə və ehtirama layiqdir. Həm sağlığında, həm də özündən sonra qazandığı sevgini isə təbiətindən doğan mərhəmət, şəfqət, həyatını həsr etdiyi ixtisası, ziyalı mövqeyi və yüksək fəaliyyəti sayəsində əldə etmişdi. Ananın ən böyük bəxtəvərlik nəsibidir övladlarının xeyir əməllər sahibi olması, xalq tərəfindən sevilməsi, millət yolunda yüksək xidmətləri ilə tanınması. Bir pedaqoq üçünsə tələbələrinin nailiyyətləri, qazandığı ən böyük uğurlar onun ucalığı deməkdir.
 
Bütün bu arzulanan səadətə, insan amalının ən yüksək dəyərlərinə sahib idi Zərifə Əliyeva. Lakin onun həyat amalını bununla nəhayətləndirmək əlbəttə ki, kifayət etməz. Möhtərəm Prezident cənab İlham Əliyev demişdir: “Azərbaycan alimləri, ziyalıları ölkəmizin, cəmiyyətimizin elitasıdır”.
 
Bəli, Azərbaycan məhz dünya şöhrətli alimlərimiz, ölkənin inkişafında böyük rol oynayan ziyalılarımız sayəsində tanınır, inkişaf edir, gələcək tərəqqiyə doğru irəliləyir. Belə şəxsiyyətlərdən biri olan Zərifə Əliyeva zəkası, şəfqəti ilə sözün əsl mənasında nur bəxş edən alimlərimizdəndir. Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sisteminin mahir təşkilatçısı, qurucusu və yaradıcılarından olan görkəmli dövlət xadimi, ömrünün sonunadək xalqın xidmətində olmuşdur. Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açan Zərifə Əliyeva tibb elminə bəxş etdiyi töhfələri, istedadlı alim, həm ziyalı, həm də fəal ictimai xadim olaraq bu müqəddəs ocaqdan gələn ənənəni, vətəninə, millətinə sevgisindən doğan böyük fəaliyyətləri ilə davam etdirmişdir.
 
Onun əvəzsiz tədqiqatları bu gün də tibb elminin böyük nailiyyətlərindən sayılır. Son dərəcə sadə, təvazökar, lakin bir o qədər də inadkarlığı, qətiyyəti və böyük zəhmətsevərliyi sayəsində dünya şöhrəti qazanmış Akademik Zərifə Əliyeva tibb sahəsindəki yenilikləri ilə də tanınır. 1 ixtira, 12 səmərələşdirici təklifin, bir sıra dərslik və dərs vəsaitlərinin, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın müəllifi olan alim, oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə, görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə bu sahənin ən yüksək dərəcəsinə, M.İ.Averbax adına mükafata layiq görülmüş ilk qadın mütəxəssis olmuşdur. Onun peşəkarlığı və fəaliyyəti tibb sahəsinin bütün mütəxəssisləri üçün hər zaman  böyük nümunə, örnəkdir. 
 
Fatma İmanova
Neftçala rayonu, həkim
 








Redaktorun seçimi