Azərbaycan bu gün, həm regionda, həm də beynəlxalq səviyyədə fəal iştirak edən bir dövlətə çevrilib

Azərbaycan, özünün möhtəşəm tarixi və zəngin mədəni irsi ilə dünyanın ən qədim sivilizasiyalarından birinin mərkəzində yerləşir. Bu ərazilər, əsrlər boyu Şərq və Qərbin əlaqə nöqtəsi olub, müxtəlif mədəniyyətlərin, dinlərin və etnik qrupların bir arada yaşadığı məkana çevrilmişdir. Bu səbəbdən Azərbaycanın, həm regionda, həm də qlobal səviyyədə nəzərə alınması, heç bir halda mübahisəsiz bir həqiqətdir. Ölkəmizin ərazisi yalnız coğrafi baxımdan deyil, eyni zamanda tarixi və strateji əhəmiyyəti ilə fərqlənir. Tarix boyu bu torpaqlar Şərq ilə Qərbin qovuşduğu bir körpü funksiyası daşımışdır. Azərbaycanın yerləşdiyi region, həm iqtisadi, həm də mədəni baxımdan çox zəngin və mühüm bir yerdir. Xəzər dənizinin qərb sahilində, Avropa və Asiya arasında keçid nöqtəsində yerləşən Azərbaycan, bu regionun ən mühüm mərkəzlərindən birinə çevrilib. Bunun nəticəsində ölkəmiz, təkcə regionda deyil, həm də beynəlxalq miqyasda mühüm rol oynamış və oynamaqdadır. Azərbaycanın tarixə baxışı, Şərq və Qərb arasında davamlı bir əlaqənin mövcudluğunu təsdiq edir.
Tarixi İpək Yolu üzərindəki strateji mövqeyi, bu ölkəni ticarət və mədəni mübadilənin əsas mərkəzlərindən birinə çevirmişdir. Həmçinin, Azərbaycanın qədim mədəni irsi və dinlərarası münasibətlər, onu sülh və əməkdaşlığın vacib mərkəzi halına gətirib. Müsəlman, xristian, yəhudi və digər dinlərə mənsub olan xalqların əsrlər boyu bir arada yaşaması, ölkəmizin multikulturalizmin və tolerantlığın güclü bir təcəssümü olmasına şərait yaratmışdır. Bu, eyni zamanda, Azərbaycanın dövlətçilik ənənələrinin qədimliyini və müxtəlif mədəniyyətlər arasında harmonik münasibətlərin formalaşmasını da göstərir. Azərbaycan, müasir dövrdə də öz tarixi irsini qorumağa və dünya arenasında öz mövqeyini gücləndirməyə davam edir. Xüsusilə müstəqilliyin bərpasından sonra, dövlətimiz yalnız regionda deyil, qlobal miqyasda da təsirli bir aktora çevrilib. Ərazilərinin zəngin enerji ehtiyatları, bu gün dünyada enerji təhlükəsizliyi sahəsindəki mühüm rolunu daha da gücləndirir. Bu gün Azərbaycan, Asiya və Avropanın arasında yerləşən mühüm tranzit ölkəsidir və beynəlxalq ticarət əlaqələri üçün vacib keçid nöqtəsidir. Təsadüfi deyil ki, Azərbaycan bu gün, həm regionda, həm də beynəlxalq səviyyədə fəal iştirak edən bir dövlətə çevrilib. Bu, yalnız onun coğrafi mövqeyi ilə bağlı deyil, həm də Azərbaycanın özünəməxsus inkişaf yolu, müstəqillik uğrunda apardığı mübarizə və əldə etdiyi diplomatik və iqtisadi uğurlarla bağlıdır.
Bu günlərdə Ada Universitetində keçirilən, artıq ənənəyə çevrilən “Yeni dünya nizamına doğru” adlı forumda iştirak və çıxış edən Ölkə başçısı cənab İlham Əliyev beynəlxalq ictimaiyyətin diqqətini çəkən bir çox məsələlərə münasibət bildirdi. Bu gün Azərbaycanın beynəlxalq siyasətdə oynadığı rola, qlobal məsələlərə verdiyi təşəbbüslərə işıq salan Dövlət başçısı müasir dövrdə inkişafa və tərəqqiyə nail olunması üçün beynəlxalq birliyin əməkdaşlıq, qarşılıqlı prinsip və maraqlara hörmətlə yanaşmalı olduğunu vurğuladı. Qeyd etməliyik ki, Azərbaycanın regional və qlobal əhəmiyyəti yalnız coğrafi mövqeyi ilə deyil, həm də xalqımızın irsi, mədəniyyəti, iqtisadi potensialı və beynəlxalq münasibətlərdəki mövqeyi ilə birləşir. Azərbaycanın yerini yalnız xəritədə görmək kifayət etməz. Bu ölkənin tarixi, mədəniyyəti və gələcəkdəki inkişaf potensialı da onun dünya miqyasında nə qədər vacib və təsirli olduğunu göstərir.
Fəridə Əbilova;
Neftçala rayonu


