Azərbaycan hazırkı enerji siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı - ŞƏRH

Azərbaycan öz enerji resursları, sabitliyi və etibarlı tərəfdaşlıq prinsipləri ilə uzun illərdir ki, Avropa və dünya dövlətləri üçün enerji təminatında mühüm və strateji rol oynayır.
Azərbaycan uzun illərdir ki, zəngin enerji ehtiyatları, sabit və müstəqil enerji siyasəti, həmçinin beynəlxalq əməkdaşlığa əsaslanan strategiyası sayəsində Avropa və region dövlətləri üçün enerji təminatında etibarlı tərəfdaşlardan biri kimi tanınır. Azərbaycanın neft və qaz ehtiyatları regionun ən böyük enerji resursları sırasındadır. “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” kimi zəngin yataqlar sayəsində ölkəmiz regionun ən böyük neft və qaz ixracatçısına çevrilib. Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi kimi beynəlxalq layihələr Azərbaycanın enerji infrastrukturunu gücləndirib.
Qeyd edək ki, Azərbaycanın enerji siyasəti şaxələndirmə və balanslı tərəfdaşlıq prinsiplərinə əsaslanır. Dövlətin enerji sektorunda uzunmüddətli sabitlik siyasəti investorlar üçün etibarlı mühit yaradıb. SOCAR kimi dövlət şirkəti beynəlxalq münasibətlərdə aktiv iştirak edir və əməkdaşlığa açıqdır. Azərbaycan Avropanın enerji mənbələrinin şaxələndirilməsində və Rusiyadan asılılığın azaldılmasında mühüm rol oynayır. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı İtaliya, Yunanıstan, Bolqarıstan, ümumilikdə 12 ölkəyə ixrac edilir. Azərbaycan qazı təkcə iqtisadi deyil, siyasi baxımdan da strateji əhəmiyyət daşıyır. Xüsusi vurğulamalıyıq ki, Azərbaycan beynəlxalq öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirir.
Enerji təchizatında heç bir kəsinti və ya qeyri-sabitlik yaşanmaması Azərbaycanın nüfuzunu artırır. Ölkəmiz öz enerji resursları, sabitliyi və etibarlı tərəfdaşlıq prinsipləri ilə uzun illərdir ki, Avropa və dünya dövlətləri üçün enerji təminatında mühüm və strateji rol oynayır. Ölkənin, həm hazırkı layihələri, həm də gələcək perspektivləri bu rolu daha da möhkəmləndirir. Bu günlərdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında iştirak edən və və nitq söyləyən Ölkə başçısı cənab İlham Əliyev qeyd etdiyimiz xüsusları, Azərbaycanın hazırkı enerji siyasətini və bu istiqamətdə aparılan işləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
Azərbaycan dünya enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini gücləndirmək məqsədilə mövcud qaz boru kəmərlərinin şəbəkəsinin genişləndirilməsində maraqlıdır. Bu maraq, həm iqtisadi, həm siyasi, həm də geostrateji məqsədlərlə bağlıdır. Müstəqil enerji siyasəti Azərbaycanın qaz ixracında sabitlik və şəffaflıq prinsiplərinə əsaslanır.
Əzizağa Cəfərov;
Neftçala rayon ziyalısı


