Bu gün dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar Novruzu böyük sevinclə qarşılayır

Bu gün dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar Novruzu böyük sevinclə qarşılayır, müqəddəs bayramı ən ülvi hisslərlə qeyd edirlər.
Milli birlik, xalq böyüklüyünün rəmzi, qədimliyimiz, kökümüzdən gələn, damarlarımızda axan mərdlik, ərənlik xüsusiyyətlərinin təcəssümü Novruz gəlişi ilə yurdumuza sevinc, bol bərəkət, bəxtəvərlik gətirir. Əzəməti ilə seçilən bu bayram xalqımızın çoxəsrlik tarixindən bu gününə qədər bütün məhrumiyyətlərə, qadağalara rəğmən yaşamış, milli bayram səviyyəsinə ucalmışdır.
Bu el bayramı bizlərə sülhü, mehribanlığı, vətənsevərliyi, eyni zamanda hərb meydanlarında hünər göstərib ad qazanmağı, torpaq, vətən uğrunda mübarizliyi öyrətdi. Min illər boyu qanımıza, canımıza, ruhumuza hopmuş bu hisslər son nəticədə özünü torpaqlarımızın bütövlüyündə, döyüş meydanında nümayiş etdirilən şücaət və qəhrəmanlıqda büruzə verdi.
Məhz həmin sevginin böyüklüyündəndir ki, qeyrətli analarımızdan, igid atalarımızdan qqəhrəman oğullarımız yetişdi. Məhz həmin yetişən oğullar sayəsində artıq beşinci ildir ki, gözəl Qarabağımızda, qəhrəmanlıq rəmzi qədim Şuşamızda, Xankəndində, ölkəmizin hər yerində el bayramı böyük təmtəraqla qeyd olunur.
Xalqımız böyük sevinclə tüstüsü göylərə ucalan bayram tonqalları yandırır, el birliyinin rəmzi Yallı gedərək, ulu Novruzu qarşılayır. Bayramın əsas simvolları olan kosa və keçəl meydanlarda çıxış edərək Novruzun gəlişini elan edirlər. El-obaya xeyir-duasını, alqışlarını bəxş etmək üçün türk dünyasının ağsaqqalı Qorqud Dədə meydanın ən mötəbər yerində görünür. O, əlbəttə ki tək deyil, yeni ilə xeyir-bərəkət, bolluq, yaşıllıq rəmzi, əli səmənili Bahar qızı ilə birlikdə insanları salamlayır. Bu gün dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar Novruzu böyük sevinclə qarşılayır, müqəddəs bayramı ən ülvi hisslərlə qeyd edirlər. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bizlərə bu sevinci yaşadan, müqəddəs torpaq uğrunda canından keçən, qazi olan, qəhrəmalıq, şücaət göstərən Azərbaycan oğullarına xalqımız əbədi minnətdardır. Əziz bayramın mübarək Azərbaycan xalqı!.
Elmira Kazımova;
Neftçala rayonu, mədəniyyət işçisi


