Dünyaya nur təki saçan sima! - ŞƏRH

Hit: 407
Dünyaya nur təki saçan sima! - ŞƏRH
Əminliklə demək olar ki, Azərbaycan qadını adını çoxəsrlik tariximizə qızıl hərflərlə yazdırıb. O, gözəl ana olmaqla yanaşı, klassik poeziyanın ən gözəl nümunələrini yaradıb, dövlət idarəçiliyində öz sözünü deyib, azadlıq yolunda canından keçib.
 
Tariximizin ən şərəfli səhifəsini, Şanlı Zəfərimizi yazan igid, qəhrəman oğullarımızı dünyaya gətirən də, onlara sağlam həyat bəxş edən də, vətənpərvərlik hissi aşılayan da analarımızdır. Bu mənada Azərbaycan qadını dedikdə ilk növbədə ağlımıza öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutan ali varlıq gəlir. Tarix boyu milli-mənəvi zənginlikləri ilə Azərbaycanın ailə simasını təmsil etmiş qadınlarımızın cəmiyyətdəki rolu ötən əsrin əvvəllərindən etibarən getdikcə artmağa başlamış, ictimai həyatın müəyyən mövqelərində görünməyə, mariflənməyə başlamışlar.
 
Təsadüfi deyil ki Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk dəfə olaraq qadınlara seçki hüququ verən ilk dövlət olmuşdur. Müasir Azərbaycan qadınının cəmiyyətimizdə yeri və roluna nəzər saldıqda, həm xalqımızın, həm də dövlətimizin ali dəyərlərinə verdiyi hörmətin əyani şahidi oluruq. Bu gün Azərbaycan qadını, həm bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, həm də xalqın inanıb səs verdiyi deputatdır. Ulu Öndərin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır”.

Qeyd edək ki,  Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edib və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. Ümummilli liderin1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Qadın problemləri üzrə Dövlət Komitəsinin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunması və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur.
 
Bu gün əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət qadın siyasəti, Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən layiqincə davam və inkişaf etdirilir. Ölkə başçısı qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə xüsusi diqqətlə yanaşır. 2006-cı ildə Milli Məclis Ölkə başçısı cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul edib. Qürurvericidir ki, bu gün Azərbaycan qadınının siması yarandığı ilk gündən xeyirxahlıq və ümid məbədinə çevrilən Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın simasında dünyaya nur təki saçır!.
 
Tammella Hümbətova;
Neftçala rayonu, müəllim
 








Redaktorun seçimi