Dilin qurduğu dövlət, gətirdiyi köləlik

Ey dadi bidad danəndə dəhan dərviş d...
Derlər,
Unutqan oxucu, nədən son zamanlar təkrarən “Türkı̇yə bizı̇m qardaşımızdırmı” kimi soruları gündəmə gətirməkdən usanmırsan?
Son günlərdə "Rusiyamı, Türkiyəmi, ruscamı, türkcəmi?" dartışması gündəmə çevrildi. Görün nə günə qalmışıq ki, mübahisələrimizi “türkmü rusmu?” seçiminə qədər çıxarmışıq.
Tarix boyunca nə qədər ki rus söhbəti bizim mövzumuz, problemimiz olub, torpaqlarımızla birgə heysiyyat və genetikamız da əldən gedib. Məsələn, elə “1813, 1828, 1920, 1937, 1941- 45, 1949 (deportasiya), 1989, 1990, 1992” v. s.. -rəqəmlərini yazsanız, bu tarixləri gözdən keçirsəniz, hər şey aydınlığa qovuşar.
Tarix boyunca nə vaxt özümüz, yəni türk olmuşuqsa, ən azından dövlət qurmuşuq. Elə Şah Xətayi qurduğu dövlət “dilin”, “özün” hesabına törəmişdi. O dövləti quran genetika və dil idi. Yəni mədəniyyət. Mədəniyyət tarixdə dilin diktəsi və çətiri altında qəfil belə dövlət qurur. Eləcə də 19-cu əsrin sonu və 20-ci əsrin əvvəli Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu öndərliyindəki “dildə, fikirdə, əməldə birlik” sloqanı Azərbaycan Xalq Cümhuriyyətini tarix səhnəsinə çıxarmadımı? Fərqindəyəm ki, bunlar artıq köhnə söhbətlərdir.
Derlər,
Unutqan oxucu, sən nədən türk dilinin qarşısına rus , ingilis dilini deyil, elə oğuz türkcəsini çıxarırsan
Bu gün rus dilinin rəsmi eğitim proqramı müstəvisində öyrənilməsi, yaşadılması, tədrisi bir mənalı gülüncdür. Ehtiyacı olan öyrənsin. Necə ki edirlər. Bəs Türkiyə türkcəsinə bu aşamada münasibət necədir? Yaxın, qohum-əqraba dillərdən yazılı mətnlərin tərcüməsi gülünc və qorxunc mənzərə yaradır. Yaxın dillərin tarixi gedişatda sintezi, yaxınlaşması eyni yüklərin fizikadan bir- birini dəf etməsi, itməsi hadisəsini xatırladır. Ona görə türk deyəndə bizim cəmiyyətin 90 faizi diksinir. Bİr-birinə zidd dillər isə həmən rusca ilə türkcəmiz kimi rahat reaksiya( fizikadakı əks qüvvələrin cazibliyi bənzəri:-x.t.) sürəcində qan eləyir, fantan vurur. Mədəniyyət dairəsinə, plastına daxil olan bu dil energetika, qarşılıqlı mübadilə və vəhdətləşmə şəbəkəsi, bizə əsl gerçəkləri az sonrası diktə edir.
Mən Türkiyə türkcəsinin zülmünü yaşamaqla məşğulam. Təsəvvür edin,AZ.TV və tv - lərimiz Türkiyə türkcəsində təqdim edilən Osman Qazi dönəmindən bəhs edən məhşur filmi bizim türkcəmizdə elə hala salır, elə günə qoyurlar ki, dilə də nifrət edirsən, o filmə də, filmin verdiyi böyük möhtəşəm mesaja da. Niyə? Çünki bu filmdəki mübarizə, savaş, özgürlük ruhu Türkiyə türkcəsində əzəldən formalaşıb, bu filmlə deyil. ( Bu filmi şərti olaraq göstərdim.)
Yaxud türkcədəki əsərlər, şeirlər də səsləndirdiyin zaman o əzəmət və mübarizə, özgürlük ruhunu təlqin edir. Bu dilin varlığında, mahiyyətində, ruhunda olan, oturuşmuş bir üst hərəkətləndirici kimlik cövhər olaraq öz sözünü deyir. Dili harda, necə işlətsən o cövhər hərəkətə keçəcək və dil əzəmət, özgür kəhanətini təlqin etməkdən geri durmayacaq. Misal çəkdiyim filmdəki (ləhcəmizə -türkcəmizə) uyğunlaşdırılmış danışıqlar sanki bir yazığın, kölənin, əzilmişin, əsarət zənciri gəmirən qulun səsi, sözü və bu səsin - sözün səslənişinin təlqin elədiyi fikirləridir. Hətta o savaş ruhlu düşüncə və fikirlər dilimizdə bir anda çevrilmə, Kafkadakı "böcəyə dönüşmə" məşəqqətinin də mənzərəsini yaradır.
Derlər,
Bir azərbaycanlı üçün rusu, ingilisi öyrənmək asandır, ancaq Türkiyə türkcəsini öyrənməsinin, yazıb-oxumasının çətin olduğunu bas -bas bağran, Unutqan oxucu,
Bu yerdə onu da qeyd edək ki, bu problemin qaynağı, dil deyil, o dilin daşıyıcısı olan toplumların tarixdəki yaşam şakəri, möhtəkirliyi, yaxud hökmpərəstliyidir. Bizim coğrafiyanın türkcəsini daşıyan toplum əsrlərdir köləlik löhməsinin bülbül kimliyini öz üzərində daşımış və yaşatmışdır. Biz, Türkiyə türkcəsi ilə ona görə yaxınlaşmağa məcburuq ki, öncəliklə özgürlük energetikasının daxili dünyamızda yaradacaq dalğalarına, coşğunluğuna, mübarizə əzminə təslim olaq, biz, öncəliklə azadlığın ağalığını, əzmini dadaq. Azadlıq, özgürlük dillə yaranır. Dillə hiss olunur. Dilin vermədiyi özgürlük ya sənə məxsus deyil(yalandan sinəyə döyməkdir), ya da tez bir zamanda o özgürlük “azadlıq” adı altında səndən sui-istifadə etməklə səni başqasına yarar sağlamağa sövq edəcəkdir.
Xanəmir Telmanoğlu


