Azad Xocalı!

Çoxəsrlik tariximizin müqayisəsiz ən dəhşətli, hər birimizin ürək ağrısı ilə xatırladığımız səhifələrindən biri olan Xocalı soyqırımının törədilməsindən 33 il ötür. Bir qərinə öncə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə zorla qonşuluğumuza sırınmış məkrli erməni millətçiləri xalqımıza qarşı düşünülmüş şəkildə dəhşətli və ağılasığmaz üsullarla misli görünməmiş vəhşilik törədilər. Xocalıda törədilmiş soyqırımı aktı bəşər tarixinə erməni faşistlərinin siması kimi həkk olundu. Şübhəsiz Xocalı soyqırımı Holokost, Orodur, Lidisa, Xatın, Sonqmi, Srebrenista kimi dəhşətli faciələrlə bir sırada dayanır.
Həmin gün törədilmiş soyqırım aktı təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət aktı idi. Xocalı qırğını, əslində, dünya erməniliyinin türk soyuna qarşı barışmaz düşmənçiliyinin bir daha təsdiqi, sübutu idi. Ermənistan silahlı quldur dəstələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə o zaman Sovet ordusunun tarixi Xankəndi şəhərimizdə yerləşən 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə qədim Azərbaycan yurdu Xocalını işğal edərək şəhəri qan gölünə çevirdi. Həmin gün dinc əhaliyə qarşı analoqu olmayan vəhşilik, qəddarlıq həyata keçirildi. Hətta uşaqlara, qocalara, qadınlara belə rəhm etməyən erməni silahlı dəstələri əsl simalarını dünyaya nümayiş etdirmiş oldular. Bu qanlı hadisə erməni xislətinin göstəricisi kimi də tarixə qyazıldı.
Soyqırım zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Qanlı, faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. Həmin gün 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Bu faciə hər birimizi dərindən yaraladı, amma milli iradəmizi, azadlıq eşqimizi, işğalla bağlı barışmaz mövqeyimizi sarsıda bilmədi, bizi daha da mətinləşdirdi. Dünyada bənzəri olmayan soyqırımı aktı kimi tarixə düşən Xocalı faciəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmaq Ümummilli Lider Heydər Əliyevin qətiyyətli və gərgin fəaliyyəti nəticəsində reallaşdı.
Dahi lider Xocalı faciəsini 200 ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsi adlandırdı: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür”. Ümummilli liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Ulu Öndər siyasi kursunun layiqli davamçısı Qalib Prezident cənab İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində dünya ictimaiyyəti Ermənistan hökumətinin siyasətinin əsasında terrorçuluq və işğalçılıq siyasətinin dayandığının şahidi oldular.
Möhtərəm İlham Əliyevin sayəsində Azərbaycan siyasət meydanı ilə yanaşı hərb meydanında da diqtə edən tərəfə çevrilə bildi. 2020-ci ilin sentyabrın 27-dən başlanan və 44 gün davam edən Zəfər marafonu nəticəsində 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız işğaldan azad edildi. Xalqımızn qəhrəman oğulları Xocalı faciəsi qurbanlarının və doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin qisasını aldılar. 2023-cü ilin sentyabr ayının 19-20-si tarixlərində Şanlı Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində müvəqqəti olaraq düşmən tapdağında qalmış Xocalı şəhəri separatçılardan təmizləndi. Bu gün artıq doğma Xocalımızda həyat yenidən öz qaynar axarına dönüb. Şəhər doğma nəfəslərinə sevə-sevə qucaq açır. Bütün Azırbaycan xalqı kimi xocalılar da Dövlətinə, Qalib ordusuna, Müzəffər liderinə inanır və dəstəkləyir.
Çingiz Əsgərov;
Neftçala rayonu, müəllim


