Dövlətin və dilin əsarəti

Hit: 372
Dövlətin və dilin əsarəti
Məsələ dildə deyil, əlifbadadır
Ey dili qafil fil faili məchul fani f....
 
Derlər,
Unudulmuş oxucu, 
Ölkədə hər kəs rus dilinin zərərindən, rus dilinin tədris proqramlarından çıxarılmasından danışır. Bu söhbətlər, əlbəttə ruslar tərəfindən Qroznıda uçağımız vurulduqdan sonra gündəmə gəlməyə başladı və mövzu dartışmaya açıldı. “Rus” dediyin zaman Azərbaycan və Qafqaz üçün fərqli, dünya üçün başqa, Rusiya üçün tam ayrı bir anlam kəsb edir. Bizim üçün “rus”, “Rusiya”, “rus dövləti” və ardınca saya biləcəyimiz dili, tarixi, mədəniyyəti birbaşa “hegomonluq”, “istibdad”, “köləlik”, “əsarət” anlayışından o yana keçmir. Elə rus dili də bu mahiyyəti bizim kimlik və varlığımıza pərçimləyir. Bir dövlət və xalq sizi özündən asılı vəziyyətə salıbsa, demək onun kimliyi, mədəniyyəti və dili də səni özündən asılı vəziyyətə salacaq, kölə durumuna düşürəcək.
Biz, “köləlik”, “imperializm”, “hegomoniya” dediyimizdə rus dövlətini və rusiyanı düşünürüksə, rus dili dediyimiz zaman Tolstoyu, Puşkini, Dostoyevskini, Çexovu, onların mütərəqqi fikirlərini düşünürük. Rus dili bizim üçün həm də rus dövləti, Rusiya demək deyildir. Rus dili həm də ruslara, rus xalqına heç bir dəxli və aidiyyatı olmayan faktora çevrilib. O zaman rus dilinə qarşı bizim duruşumuz, mövqeyimiz nə olacaqdır, sualı isə başqa bir tavr almağımıza şərait yaradır. Biz, rus dilini nə qədər ki Tolstoyu, Dostoyevskini, Çexovu qəbul etdiyimiz səviyyədə ediriksə, biz, rus dilini Rusiya dövlətinin bizə qarşı siyasi və ideoloji, tarixdən gəlmə hegomon üstünlüyü müstəvisində də rədd edirik. Rus dili mədəni olaraq qəbulumuz, dostumuz, siyasi, ideoloji müstəvidə düşmənimizdir. 
Derlər,
Unudulmuş oxucu,
Biz, rusun siyasətini, ideologiya və tarixini rədd edirik, mədəniyyyətini qəbul ediriksə, bu o deməkdir ki, rus dilini ölkəmizdə rəsmi olaraq yasaq, mədəni olaraq necə ki, digər dillərə qarşı bir baxış açısı sərgiləyiriksə, eyni səviyyədə və məsafədə öyrənə, səsləndirə, münasibət bəsləyə bilərik. Çünki biz qəbilə toplumu deyil, mədəni bir xalq, özəlliklə millətik!
Ancaq bunların heç biri çözüm deyildir. Çünki bu gün rusa və rus dilinə hansı bucaqdan baxırıqsa, eyni bucaqdan bir gün də ingilis, fars, çin dilinə baxacağımız şübhəsizdir. Niyə? Çünki bütün bunların alt yapısında dildən öncə əlifba dayanır. Nə qədər ki, Azərbaycan mədəniyyəti, (eğitimi), elitar energetikası öz Orhun(Orxan)-Yenisey əlifbasını tərgidib, tarixin toz qatına itib, rusun kirilini, ingilisin-anqlo-saksonun latın qrafikasını, ərəb-farsın əlifbasını özünə mal edib, bir gün də rus dilinə qarşı sərgilədiyi tavrını, çin(liy)ə, ingilisə, ərəb-farsa qarşı şahlandıracaqdır. Bu oyunlar beləcə sürüb gedəcək, heç bir mədəni-mənəvi-energetik çözüm öz həllini milli kimlik arealında  tapa bilməyəcəkdir. Sabah da anqlo-sakson-latın əlifbasından imtina edib, ingilisə qarşı gələcək bizlər, Çini, çin heroqliflərini qəbul etdikdən sonra, tarixin hansısa bir məqamında Çini də dışlayıb heroqilifindən (əlifbasından) imtina edəcəkdir. Belə yerdə deyirlər ki, əvvəl-axır “özün” olmaq, kimliyini təsdiqləmək zorundasan. Belə bir yanaşma və düşdüyümüz durum onu diqtə edir ki, Azərbaycan coğrafiyası, toplumu, cəmiyyəti və mədəniyyəti hələ də asılılıq laqqırtısının təranələri altında qol götürüb süzməyindədir. Bu bizim qısıtlı özgürlük kürlüyümüzün züy tutma mərasiminə yığışmağımızdan xəbər verən siptomlardır. Buyur, əlifbanı dəyiş, öz əlifbanda yaz - yarat, sonra da , bax, sənin rusla, ingilislə, ərəb-farsla, çinlə bir sorunun olurmu, olmurmu?! 
Digər bir yöndən, Azərbaycan xalqının qarşıda bütövləşmə, sonra isə türk dünyası ailəsində bir yer alma kimi missiyaya dönüşən kimliyi gələcəyin prinsipial salnaməsini yaratmaqsa, bütün var olma aşamasından öncə mədəni -mənəvi-energetik boyutunu həll etməkdə israrlı və qərarlı olmalıdır. Təəssüf ki, bu yolda aydınlar ordusunun yanlış seçim aktı, səsləndirdikləri əzbərçi zorakı-barbar dönəmlərdən qalma fikir mələrtisi az qalır bütün ilahi qatlarımızda varlıq bilincimizi alt-üst etsin. 
Derlər,
Unudulmuş oxucu,
Artıq dünya elə bir aşamaya gəlib çıxıb ki, hər bir xalqın mədəni iradəsindən öncə onun siyasi-ideoloji iradəsi dastan yazır, boy boylayır, soy soylayır. Siyasi-ideoloji qavramlar, anlayışlar, təbəddülatlar günümüzün mədəniyyət təyinatının bütün nazını çəkib, eybini örtüb əzabına qatlanma tarixi dönəmini yaşayır. Bu bir prosesmi, keçid sürəcimi, aşamamı, bunu iki nəhəng sistemin:- qlobalistlərlə ulusalçıların (millətçilərin) gəldiyi (hələ sonuclanmamış) qarşıdurmadan  sonrakı gedişatda görəcəyik. İndi isə, gerçəkdən hər notumuzu öz ritmi üzərində səsləndirməyimiz üçün, əlifbadan başlamağımıza tarixi-mədəni zərurət yarandığını anlayacağıq. 
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi