Azərbaycanın enerji və kənd təsərrüfatı sahələrində qazandığı təcrübə Afrika ölkələri üçün maraqlı bir model ola bilər

Azərbaycan digər ölkələrdən fərqli olaraq, Afrika ölkələri ilə münasibətlərində bərabərhüquqlu tərəfdaşlıq prinsiplərini əsas tutur
Somali Prezidenti Hasan Şeyx Mahmudun 12 fevral tarixində Azərbaycana səfəri bir çox məqamlarla əlamətdar oldu. Ali qonağı ən yüksək səviyyədə qarşılayan Möhtərəm Prezident cənab İlham Əliyev beynəlxalq münasibətlərdə ölkələr arasında fərq qoymadığını, xüsusilə inkişaf etməkdə olan dövlətlərə xüsusi dəstək verdiyini bir daha nümayiş etdirmiş oldu. Səfər çərçivəsində hər iki ölkənin Liderlər ikitərəfli münasibətləri müzakirə etdikdən sonra mətbuata bəyanatla çıxış etdilər. Bəyanatdan da göründüyü kimi iki ölkə arasında önəmli sənədlər də imzalandı.
Qeyd edək ki, Somali Prezidentinin Azərbaycana rəsmi səfəri hazırkı dövrdə vacib əhəmiyyət daşıyır. Afrika qitəsinin aparıcı dövlətlərindən biri kimi Somali ilə münasibətlərin qurulması ölkəmizin xarici siyasətində əsas prioritet istiqamətlərdən biridir. Azərbaycan kimi inkişafını uğurla həyata keçirən ölkələrin təcrübəsi də Afrika üçün faydalı ola bilər. Afrika ölkələri Azərbaycana xüsusi simpatiya bəsləyir.
Bunun əsas səbəbi Azərbaycanın heç bir gizli geosiyasi gündəliyinin olmaması və səmimi əməkdaşlıq təklif etməsidir. Azərbaycan digər ölkələrdən fərqli olaraq, Afrika ilə münasibətlərində bərabərhüquqlu tərəfdaşlıq prinsiplərini əsas tutur və qitənin inkişafına real dəstək göstərməyə çalışır. Humanitar və mədəni əlaqələr də bu münasibətlərin dərinləşməsinə töhfə verir. Azərbaycanın müxtəlif humanitar fondları və təşkilatları Afrika ölkələrində səhiyyə, təhsil və ekoloji layihələr həyata keçirir ki, bu da qarşılıqlı etimadı daha da artırır. Bundan əlavə, Azərbaycanın enerji və kənd təsərrüfatı sahələrində qazandığı təcrübə Afrika ölkələri üçün maraqlı bir model ola bilər.
Ölkəmiz Afrikada müxtəlif infrastruktur layihələrinə sərmayə yatıraraq yerli iqtisadiyyatı stimullaşdırmaqda maraqlıdır və bu addımlar Afrika dövlətləri tərəfindən müsbət qarşılanır.
Belə bir yanaşma Afrika ölkələrinin inkişafına real töhfə verməklə yanaşı, Azərbaycanın da beynəlxalq nüfuzunun artmasına şərait yaradır. Ölkəmiz, eyni zamanda, Afrika ölkələrinin enerji, kənd təsərrüfatı və nəqliyyat sahələrində inkişaf etməsinə töhfə vermək məqsədilə ortaq layihələrdə iştirak edir. Azərbaycan Afrika ölkələrinin təhsil sahəsində inkişafını dəstəkləmək üçün tələbələrə təqaüdlər ayırır və akademik mübadilə proqramlarını təşviq edir. Qeyd edilənlər bir daha göstərir ki, ölkəmizin xarici siyasət vektorları çoxşaxəlidir.
Məsud Rüstəmbəyov;
Neftçala rayon ziyalısı


