Təfəkkürümüz Allahı öldürmə və diriltmə iqtidarında deyil

Hit: 538
Təfəkkürümüz Allahı öldürmə və diriltmə iqtidarında deyil
Ey dadi bidad danəndə dəhan dərviş d...
Derlər,
Unudulası oxucu,
Bu inkarı önəmli deyil kim edir. Bunun niyəsini və necə edildiyini analiz eləmək lazım. Əvvəl-axır hər kəs təftiş olunacaq. Heç o tərəfə getməyə də ehtiyac qalmayacaq. Getdikcə bu üsulla insanlıq ötə aləmləri, o biri dünyanı da bura yaxınlaşdırır, o biri aləmi də bu aləmdə, bu üzdə yetişdirir, burda yaradır, burda yerləşdirir. Bütün bunlar gerçəkdən ədəbiyyatın qiyamət əlamətlərindən başqa bir şey deyil. Bu pisdirmi əcəba? Xeyr. Min illərdir insanlığın şüurunda və ruhnda özünə dərin izlər açmış bu düşüncə, bu səhnə zühur eləməzsə, bu dünyanın heç bir dəyəri qalmaz. İnsanlığın da, kamilliyin də, Allahın ölməsi, Allahın dirilməsi, Allahın yaxınlaşması, uzaqlaşması anlayışının da bir anlamı qalmaz. Bəlkə dünya bizim şüurumuzdan və ruhumuzda qurtulmaq istəyir. 
Ya bəlkə insan bu dünyadan imtina etmək, başqa dünyalar, planetlər istəyir. Bəlkə bu dünya insanlığının şüurunun, ruhunun, instiktinin qarşılığını kitablarda vəd edilmiş şəkildə qarşılaya bilmir. Bəlkə bu dünya insanlığın, kamilliyin qarşılığında acizdir, ola bilərmi? Bu baxımdan insnaların başqa dünyalar axtarışına çıxma instinkti, istəyi hələ də səngimək bilmir. Nizaminin dirilik suyu axtaran İsgəndərindən bugünkü insanın heç bir fərqi yoxdur. 
 
Derlər,
Unudulası oxucu,
 
Gələk əsas məsəlyə. Sözsüz ki, Bəxtiyar Vahabzadə və bunun kimi dəyərli şairlər, ziyalılar elə də güclü şair deyildirlər. Onlarda publisistik cəsarət vardı. Onların romantik və bir az da poetik publistik şeirləri ciddi şeir mətnlərindən olduqca uzaq idi. Eləcə də digərləri. Məsələn, Qabil, Nəbi Xəzri, Hüseyn Arif. (Məncə, 20-ci əsrin başlanğıcındakı təlatümləri yaşamış bu şairlərdən əvvəlki nəslə mənsub olan şairlər, Mikayil Müşfiq, Hüseyn Cavid, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Əliağa Vahid, Rəsul Rza bunlardan dil, mövzu, texnik, üslub baxımından daha çox yeni, daha çox orjinal, daha çox şair idilər). Bu qədər şairlərin birinin də bir misrasında poetik imkanlar müstəvisində bir qımıldama da olmayıb. Nə dildə, nə mövzularda, nə üslublarda şair manevrləri etmək imkanları sıfıra bərabər olub. Ancaq o şeirləri Azərbaycan toplumundan ayırmaq da düzgün deyil. Çünki 200 ilə yaxındır ki, Azərbaycan şeiri xalq, kütlə, toplum üçün sinov gedib, şöhrət azarına tutuldu, eqo qazandırdı şeriyyətə. Oysa insanlıq bu energetik gedişlə çölə itildi, dışlandı. Əvəzində isə insanımıza köləlik təşnəliyini təlqin edən sossialıq təklif etdi, sundu.
Bizim düşüncə və təfəkkürümüz heç vaxt Allahı öldürməyə, nə də diriltməyə yaxın bir məkana ayaq basa bilmədi. (Bizim poetik təsəvvürümüz Allahı öldürməyə və diriltməyə yetmədi). Bu dirənişlər ancaq bizim kimi toplumlarda şeirlə gerçəkləşə bilərdi. Bu yanaşma nəydi. Bu yanaşma bizə, insanlığa sonucda texnologiyanı, həyatınıza girən, taleynizə rəng qatan texnologiyanı özünüzün yarada bilmək instiktini təlqin edəcəkdi. Bu yanaşmalar imperiya və dövlət olma, dövlət qurma istiqanlılğında manevrlər etmək kimi arınma - durulmalar gətirəcəkdi zehniyyətimizə. Biz Avropadan qabaq Avropa, Şərqədən öncə Şərq olacaqdıq. (Daha Avropanın Avropa parçası, Avropa quyruğu olmayacaqdıq) Bu fürsəti başqalarına buraxdıq. Ancaq ən yaxın tarixində belə, poetik şüurunda, təhtəlşüurunda Hüseyn Cavid kimi şairi olan bir ədəbiyyat xatırlatdığım devrimi gerçəkləşdirməyə imkanları yetərli qədər idi.
Eləcə də əlifba şüurunu da bu anlamda heç ağlmızın ucundan da keçirmədik. 
 
Derlər,
Unudulası oxucu,
 
Əgər bir gün qiyamət baş versə və Azərbaycan xalqı bir etnos kimi öz genefond toxumunu qiyamətdən sonra bu coğrafiyaların sakrallığında qoruma şansı olsa, yazı yenidən gündəmə gəldiyində bu xalq Orhun Yenisey əlifbasından istifadə edəcək. Hətta öncəki ərəfələrdə nədən də bu əlifbadan istifadə etmədiyinin əzabını yaşayacaq, ağrı-acılarını çəkəcək, bu sonsuz itkinin bədəlini ödəyəcək. Bax, bizim kimi toplumların İlahi təyinatlı zamanı bu aralıqlarda, bu aşamalarda havaya sovrulur. İçimiz də beləcə boşluğa züy tutur.
Bizim etnosun və mədəniyyətin iki tənməl sorunu var: 1. Poeziyaya qarşı fikrini, münasibətini dəyşib, şeirdə, poeziyada dəyişiklər etmək zorundadır. 2. Poeziya işlərini sürdürərkən, buna paralel olaraq istifadə elədiyi əlifbasını dəyişib Orhun-Yenisey əlifbasıyla əvəz etməlidr. Bizim nişan aldığımız ovu əlimizdən tarix boyunca qaçırmağımızın kökündə bu iki vazkeçilməz prinsip dayandığı qənaətindəyəm. (Bu versiyaların açıqlamasını bir başqa yazımda dilə gətirəcəm)
 
 
Derlər,
Unudulası oxucu,
 
Bizlər bu gün Bəxtiyar Vahabzadəni tənqid etməklə, bizə zaman və güc baxımından, anlayış baxımından yaxın olan şairləri tənqid etməklə, görünür Nizamidən tutumuş Sabirə qədər olan klassikləri olduqca dərindən dərk edə bilməməyimizin qisasını alırıq. Elə doğru yerə də tənqid hədəfi bu yaxın dönəmin şairlərdir. Bu tənqidə məruz qalan şairlər atəş altında qalmamaları üçün, (ən azından) onlara qədərki klassikləri yaradıcılıqlarında həzm eləyib, əsərlərinə sindirməyi bacarmalıydılar. Təəssüf ki, bu ədəbi centlmenlik yox dərəcəsəindədir. Məsələn, Nəsimi Bəxtiyarda ya Hüseyn Arifdə nə dərəcədə, ya nə qədər iz qoyub, yer buraxıb. Qətiyyən söhbət gedə bilməz. Eləcə də Nizami sistematik və poetik təfəkkür baxımından Nəbi Xəzridə, Məmməd Rahimdə, Süleyman Rüstəmdə, Səməd Vurğunda, ya kimdəsə nə dərəcədə özünün çəkisini əridə bilib? Görünür, bu gün gənc nəslin tənqid hədəfindəki bu yaxın tarixin şair və yazarların olması, həm də birbaşa bu günə qədərki bir ədəbiyyata qarşı olan, gedib bir yerlərdə dirənən baxışların, zövqlərin anlayış üfüqlərinin qaranlıqla qapsanmasıdır. Daha geniş üfüqləri, sonsuzluğu görmək istəyi və bu istəyin fiaskoya uğrama ehtimalı kəsinləşdiyindən, obyektə ağır zərbələr gətirdiyindən, yerində saymaq “təşkil elədiyndən”, od püskürmələr, əsəblər qınanılası deyil. Könül istər ki, tənqid edilənlər mədəniyyət naminə mədəni şəkildə təzahür eləsin.
 
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi