Suverenliyimizin bərpası milli qürurumuzun təntənəsidir!

Hit: 445
Suverenliyimizin bərpası milli qürurumuzun təntənəsidir!
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Azərbaycan Ordusu Qarabağın tacı sayılan Şuşa şəhəri başda olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, eləcə də mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Ağdam, Laçın və Kəlbəcər kimi rayon və şəhərlərimiz isə bir güllə atılmadan azad edildi.
 
Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etdi. Qalib tərəf olaraq qarşımızda diz çökən bir ölkəyə sülh əlimizi uzatmaqla necə humanist xalq olduğumuzu bir daha dünyaya nümayiş etdirdik. Lakin Ermənistan tərəfi hər dəfə bu danışıqlardan boyun qaçırdı, hətta bununla da kifayətlənməyərək, suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirdi. Ən müasir texnika və silahlara malik ölkəmiz qarşı tərəfi və onların havadarlarını dəfələrlə xəbərdar etdi. Bu işə məsul olan beynəlxalq qurumlara faktlar təqdim etdi. Həyata keçirilən humanist siyasətin bir nəticəsi olmayınca, Azərbaycan qarşı tərəflə yenə də anlayacağı dildə danışmaq qərarına gəldi. Buna qədər isə düşmən səbr kasamızı əməlli-başlı daşırdı.
 
2022-ci ilin sentyabrında sərhəddə baş vermiş qanlı toqquşma, 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində törətmiş təxribatlar, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması, erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslərin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının şəhid olması və yaralanması, bununla yanaşı, ordumuzun bölmələrinin minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması nəticəsində iki hərbi qulluqçumuzun yaralanması, mülki şəxslərimizin öldürülməsi və bunun kimi onlarla faktlar tarixi qərarı şərtləndirən amillər oldu. Ölkəmiz Üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bir il öncə 19 sentyabr tarixində bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular.
 
Beləliklə, bir sutqadan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.
 
Tarixi Qələbənin memarı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 20 sentyabr – Dövlət Müstəqilliyi Günündə antiterror əməliyyatları nəticəsində düşmən tapdağından təmizlənmiş tarixi Xankəndində Qarabağ Universitetinin təmirdən sonra açılış mərasimində tələbələr önündə çıxışı zamanı son dörd ildə baş verənlərin görünən və görünməyən tərəflərinə bir daha aydınlıq gətirdi. Dünyanın ermənipərəst dairələrini hədsiz narahat edən suverenliyimizin əbədi olacağını, bu tarixin bundan sonra xüsusi təntənə ilə keçiriləcəyini bildirdi. Bəli, cənab Prezident tərəfindən bu günün ilk dəfə Xankəndində qeyd edilməsi milli qürurumuzun təntənəsi, parlaq Zəfərimizin nümayişidir.
 
  Ziyafət Hüseynov;
  Neftçala rayonu, müəllim
 








Redaktorun seçimi