Adımızı nəyə görə dəyişməliyik
Ey dili qafil fil faili məchul fani f....
Derlər,
Unudulmaq alnına yazılmış seyrək diş, seyrək sarışın saç və bəstəboy oxucu,
İstərdim, yazdığım bu yazı, kiməsə sibiri xatırlatmayan səbrlə, bağlı olduğum mədəniyyətimizə dərin ərkli təmkinlə qarşılansın. Mənim bu yazımda hansısa bir qəsdi - qərəzlilik, sabit-milli nəşənizi pozacaq düşmən mövqeyi, qarışqanı div edəcək neqativ təvatürlü niyyət axtarmamağınızı rica edirəm.
Mən, onun sayəsində buzu əridib işığın tellərini dondurub simə dönüşdürmək həyacınının verdiyi gələcəyə yönəlik titrəşimlərlə,istərdim milli qədərimizin tədricən, tarixin bəlli qanlı aşamaları sayəsində yazqımıza çevrilmiş,kədərimizin, sevincimizin, mutluluq və faciəmizin ünvanı bizim vətənimiz Azərbaycanın adı dəyşilsin.
Mən istərdim tarixin aman zaman günlərindən bu yana varlığımıza zamin duran ölkəmiz Azərbaycanın adını dəyişdirək. (araşdırsanız belə bir praktika dünyada çoxdur:-x.t.) Məsələn, Azərbaycanın adını qoyaq Xəzər, Araz, (Oğuzbəycan, Qorqudbəycan) yaxut da Qarabağ deyil, AĞBAĞ.
Bir ölkənin, coğrafiyanın adının qiyamətə qədər dəyişdirilməməsi də, ağlımın almayacağı bir məsələdir.
Ümumiyyətlə, adın öz uğuru və uğursuzluğu var. Ad enerji daşıyıcısıdır. Özəlliklə yurd, coğrafi adlar özündə olduqca ilginc və həyati sirləri daşıyan, taleyimizdə kəsin rol oynayan bir gizlinliklər “sahibdir”. Millətlərin, xalqların, mədəniyyətlərin taleyi baxımından adların metafizik ovqatı, funksionallığı, hərəkıtvericiliyi heç də gizli deyil, həm də bilinən, məlum bir elm sahəsini əhatə edir.
Bəs yaxşı, biz niyə, nəyə görə ölkəmizin adını dəyişməliyik?
Adların da fəaliyyəti kosmik və metafizik gedişata uyğun olaraq yerdə, öz sərhəddində sakral ovqat, keyfiyyət tətbiq edir. Adlar güc çağırışımını həyata keçirir. Bəzi adlar, deyək ki, 1000 il uğura, xoşbəxtliyə, özgürlüyə işləyib. Ancaq planetlərin hərəkət trayektoriyasını, yer dəyişməsinə görə birdən - birə öz xarakter və psixologiyasında, çağrışımında neqativ güclərin çağrışımında 1000 ildən sonra kosmik proseslərə gözlənilməz şərait yaradır, imkan verir.
Derlər,
Unudulmaq alnına yazılsa da, bu yazını pozmağı bir təhər ağlının ucundan keçirən qaragöz-qarasaç oxucu,
Göylərin əzəli qrafikasındakı trayektorial gedişat, hərəkətlənmə, reaksional anlam yüklü mahiyyətlərə əsasən, heç bir coğrafi ad əbədi deyildir. Ona görə də, lap qədim insanlar, bilgili xalqlar, həm öz şəxsi, ailəvi, tayfa, millət adlarını, həm də yayıldıqları arealda adını dəyişdirmək instiktini hiss edər və daimilik hikkəsini çıxarmaq, uzaqlaşdırmaq amacı ilə, Yaradıcı Güc qarşısında həddini aşmama səriştəsiylə bu addımı atarmışlar. Adların gətirdiyi özgürlük, azadlıq, müstəqillik, hürriyyət kimi, onun gətirdiyi bədbəxtlik, faciə, fəlakət, hətta yox olmalar vardır.
Varla yoxu, varlıqla yoxluğu sazişə, anlaşmaya vadar edəcək başqa bir yanaşma da mövcuddur: - bəlli bir coğrafiyanın, ölkənin adı öz energetikasını, gücünü həm də o ərazidə yaşayan xalqlardan, millətlərdən alır. Yəni ölkənin adı, coğrafiyanın ismi öz gücünü, energetikasını onun qoynunda yaşayan toplumdan, xalqlardan, millətdən oluşdurur,mənimsəyir, formalaşdırır. Bir növ onlardan qidalanır. Bu mayalanma da, göylərdən olduğu kimi, yerdəki canlıların fəaliyyətlərindən, açıq - qapalılığından dolayı pozitiv və neqativlik enerji axımı yarada bilər. Bəzən göylərlə, yerdə yaşayanların gücləri üst - üstə düşər, bəzən aralarında ziddiyyət yarana, savaş da baş verə bilər. Ölkələrin, ərazilərin taleyi də onun ərazisində məskunlaşmış xalqların artmasıyla bahəm, həm də planetlərin hərəkət trayektoriyasından, uzaq-yaxın ulduzların yazıya, mətnə, kitaba, təfəkkürə, mədəniyyətə müsait “duruşundan” , “özünü aparmasından” asılıdır. Bu asılılıq da ilk növbədə adları əhatə edir, adları nişan alır, adların mahiyyətində özünü olumlu və ya olmusuz olaraq təsdiqləyir.
(Hətta dünya fərqli coğrafiya və ərazilərdən və bu ərazilər də fərqli adlardan ibarətdir. İnsanlar, digər canlılar, bitgilər bir - birindən qidalanıb bir birinin ehtiyacını gedərdikləri kimi, bəzi ərazilər də bir - biriylə qidalanır, bir birinin ehtiyaclarını qarşılayır, ödəyirlər. Ona görə, yer kürəsi bu qədər davamlılıq nümayiş etdirir və bir planet olaraq mövcudluğunu qoruyub saxlayır, yaşadır.)
Bəzən bir tayfadan bir neçə nəsldə adamların adları təkrarlanırdı. Bu adlar mənsub olduqları tayfaya, nəslə, ocağa uğurlar gətirirdi və ən azından buna inanılırdı. Yaxut əksinə. Bunu hiss edənlər, həmən yeni yaranmış, doğulmuş övladlarına artıq dəyişik adlar qoymağa başlayırdılar. Yeni adlar bu nəslə, ocağa yeni, təzə tər mələklər, güclər, xoşbəxtliklər çağrışımını gerçəkləşdirirdi.
Derlər,
Unudulmaq alnına yazılsa da, bu yazını pozmaq üçün düşünmədən ayağa qalxan köklüyə meyilli oxucu,
Adların da erkəyi və dişisi var. Eləcə də yurdun, coğrafiyanın da erkək və dişisi mövcuddur. Bizim ölkəmizin adı dişi deyil, erkək ad cinsinə, xarakteristikasına sahibdir. Bunu coğrafiyamızdan, relyefdən, iqlim şərtlərindən, tarixi yaşamından bilmək çətin deyildir. Vətənə ana vətən desək də, torpağımıza, ərazi və coğrafiyamıza ata yurd, dədələrimin yurdu deyə müraciət edirik.
Məncə, Azərbaycan dişi deyil, erkək bir yurdun adıdır. Bu xarakterik özəlliyi bir ölkənin toplumunun sahibləndiyi simvollardan da bilmək çətin deyil. Bizim yurdun, xalqın kimliyi metafizik qatda da işıq və Qurt anlayışı ilə, özgür, müstəqil, azad gücüylə, iksiriylə bağdaşlaşmış, bilinməyən- bilinən şəkildə özünü ifadə etmişdir.
Ona görə yurtlar da insanlar, millətlər kimi cinsiyyətini, xarakterik özəlliyini dəyişməz. Yeni adın qoyulduğu zaman, bu karmik özəllik və sirr nəzərə alınmalıdır.
Mən istərdim ki, bizim xalqımız bu tarixdən, yaşadığımız tarixdən etibarən ta qiyamətə kimi heç vaxt köləlik, məğlubiyyət, əsarət sindromu yaşamasın. Ona görə də, hər şey təzələndiyi kimi, adlar da yenilənməlidir, təzələnməlidir. Bir coğrafiyanın adı 10000 min il davam edə bilməz. (Ölkə adları icitimai-siyasi ideyanı, ideologiyanı, bəzən quruluşun mahiyyətini xatırladır. Məncə, 1918-ci ildə yeni qurulan dövlətimizin də adı, ölkəmizin də adı dəyişməli idi. hətta belə dəyişimləri də hər zaman, istədiyin dönəmdə edə bilməzsən. Onun üçün də xalqın, millətin belə bir münbit zaman intervalına, tarixi ehtişamına ehtiyacı olmalı, necə deyərlər dəng gəlməlidir:-x.t.) Bu olduqca absurt bir yaşam və yanaşmadır. Qədim insanlar kosmik, metafizik prosesləri, gedişatları hiss edir izləyə bilirdilər və bu ad anlayışlarını da göylərin gedişatına uyğun, tərs düşmədən həyata keçirirdilər. Yer kürəsinin taleyində də üzərindəki mövcud ərazilərin, ölkələrin adlarının olduqca mühim rolu vardır.
Min illərin üzərimizə toplanmış arasındakı ağırlıqları atmaq üçün, böyük dəyişikliyi qazanmağımız üçün, yeni bir dövrə başlamaq və Yeni bir tarix yazmağımız üçün elmə, savada, əxlaqa, praqmatik milli davranışa ehtiyacımız olduğu kimi, əsas da və hətta sadaladığım komponentlərin sürətli,işlək olması üçün onların da Göylərə, göylərin verdiyi, vəd etdiyi gücə ehtiyac vardır.
Məncə, Azərbaycan adını dəyişməyimiz lazımdır. Mənim səsləndirdiyim bu diletantca təklifi, istəyi axmaqlıq kimi də dəyərləndirə bilərsiniz.
Ancaq təzəlınməyin və yenilənməyin, köhnə qat - qat bağlamış neqativ qaramatçılıqdan, milli tarixi qatmanlarımızı, arakəsmələrimizi basmarlamış şər güclərdən, iblisanə məsumiyyətədən qurtulub keçmişin bütün olumsuz ağırlığını üzərimizdən atıb Sonsuzluğun uğur və bəkətini çağırıb yepyeni bir zamana, tarixə, kimliyə daxil olmağımızın yolu daşıdığımız adı dəyişməkdən keçir.
Artıq biz, ad dəyişəriksə, adımızın, yurdumuzun, ölkəmizin adını hansı adla əvəz edəriksə, o zaman bu mövzunu bilginlərin geniş müzakirəsinə suna bilərik.
Derlər,
Unudulmaq alnına yazılsa da, bir gün undulduğunu ciddi şəkildə yaddaşından öz gözləri ilə oxuyan şişman oxucu,
Tarix boyunca bir çox, yaxut bütün xalqlar gündəmə gətirdiyim metafizik EZOTERİK kəramətli prinsipi bilincli - bilincsiz yerinə yetirmişlər. Müəyyən səbəblərdən (saymıram, savaş, iqlim, coğrafi nədənlərdən dolayı) ya bir yerdən başqa bir yerlərə köç, axın edib yurt salmışlar, ya da tərk etdikləri yurtları gedəcəkləri yerdə İlahi nəşənin verdiyi nişanələrlə yenidən inşa etmişlər. Yaxut da bir zamanlar yaşadıqları ərazini tərk edib yeni bir ərazidə həyatlarını uzun əsrlər davam etdirdikdən sonra bir daha əzəli yurtlarında mənəvi mülklərinə dönüşəcək kimlik, gələcək nəsillərinin diyətini ödəyəcəyi mədəniyyət yaratmışlar. Bəzən də din qədər inanc cariyəsinə çevrilərək “yeni” deyib gəldikləri ərazilərin(də) nə vaxtsa əcdadlarının yaşam məsgənindən xəbərləri olmadan növbəti bir tarixin yaşam etabını başlatmışlar.
Bizlər əzəldən şəxs, yer - yurt, əşya, cism, planet adlarının necə önəmli, necə canlı, necə işləvsəl və həyatımıza qatkıda bulunmasının fərqində olan bir etnosuq. Bu söylədiyim keyfiyyətləri bütün dastanlarımızda, nağıllarımızda, əsatir və rəvayətlərimizdə görə bilərik. Yaşam mücadiləmizin içində ən önəmli, ən ümdə yeri dilə gətirdiyim bu ezoterik-metasofi vaqeə tutarkən, nədən bəzi kimlik-mədəniyyət mayalı, şifrəli məsələləri göz ardı edibən yoxa, heçliyə sayırsınız.
Derlər,
Artıq nə vaxtsa unudlmayacağı konusunda qəti qənaətə gələn arıq oxucu,
Vurğulamağa çalışdığım milli -metafizik yaddaş daşını yerindən tərpədəcək mövzu heç də işığı genimizdə sayrışan keçmişindən üz döndərmək və göylərin əngin arxivində narahat ruhları ram edən tarixinə arxa çevirmək cəhaləti kimi anlaşılmamalıdır.
Bu EZOTERİK metasofi olayın gedişatını öz iradəmizlə həll etmək üçün nəyisə qurban vermək lazımdır. Desəm, tarix boyu çox qurban vermiş, hətta artıqlaması ilə can alan ayinə, ağıl yerindən oynadan törənə bağır basmışıq... fərqindəyəm, bizdən çox qurban verən bir millət olmayıb, yoxdur tarixdə. Biz verdiyimiz hər türlü qurbanların bədəli olaraq ADIMIZI da dəyişmək məcburiyyətindəyik. Onsuz da gec - tez bu coğrafiyanın sakral ağırlıqlı dalğalarında metafizik milli sürəc başlayacaq. Kimsə də bu fizikötəsi “epistomoloji -etik əxlaqi” prosesin qarşısını ala bilməyəcək. Yaxşı olar ki bu cür metasofi - ezoterik əyləmlərin tələb etdiyi etimoloji sürəci bir az bilincli, bir az oyaq şəkildə qatqıda bulunmaqla varlığımıza doğru çəkək.
Xanəmir Telmanoğlu