1991-ci il 3 sentyabr tarixi Ümummilli liderin böyük siyasətə qayıdışının və xilaskarlıq missiyasının başlanğıcıdır!
Ölkəmizin çoxəsrlik dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza işıq salan Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü xüsusi əhəmiyyət kəsb edir. 1990-1993-cü illəri əhatə edən həmin dövr onun böyük siyasətə, hakimiyyətə yenidən qayıdış dövrü oldu. Qeyd edək ki, Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə işinə başlamışdı. Milli dövlətçiliyə yeni nəfəs vermiş Naxçıvan parlamentinin ilk sessiyasında gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmış hadisə idi. 1991-ci il 3 sentyabr tarixində Ulu Öndərimiz Heydər Əliyevin o zaman minlərlə rəsmi və qeyri-rəsmi şəxsin, xalqımızın taleyini düşünən insanların təkidi ilə Naxçıvan Ali Məclisinin Sədri seçilməsi isə Azərbaycan tarixinin daha bir şanlı səhifəsi oldu.
Dahi şəxsiyyət o zaman Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atmaqla gələcək inkişaf, tərəqqi üçün yeni imkanlar yaratdı. Məlumdur ki, həmin vaxt Ermənistanın tarixi ərazilərimizə qarşı iddiaları fonunda ölkəmiz ağır müharibə şəraitində idi. Bu səbəbdən, eləcə də o zaman hakimiyyətdə olan qüvvələrin səriştəsiz, xəyanətkar siyasəti nəticəsində ölkədə sosial-iqtisadi durum kəskin ağır vəziyətdə idi. Belə bir anda Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü uzaqgörən tədbirlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Hər birimiz gözəl bilirik ki, Ulu Öndər Heydər Əliyev həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görmüşdür.
Ümummilli Liderin hakimiyyətinin Naxçıvan dövründə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağının Ali Məclisin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilməsi, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarılması kimi SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi. Ulu Öndər Heydər Əliyev məhz bu addımları ilə bir daha nümayiş etdirdi ki, O, xalqımızın xilaskarı, dahi Lideridir. Ümummilli liderin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Muxtar Respublikanın dövlət quruculuğu, müdafiə və hərbi quruculuq məsələləri, hakimiyyət və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, iqtisadi və siyasi böhranın aradan qaldırılması, iqtisadi islahatların keçirilməsi, xarici iqtisadi əlaqələrin yaradılması, həmsərhəd xarici dövlətlərlə - Türkiyə və İranla mehriban qonşuluq münasibətlərinin qurulması sahəsində atılmış addımlar, qəbul edilmiş qərarlar tarixi əhəmiyyət kəsb edir. Bəli, Azərbaycanlı olması ilə daim fəxr edən Ulu Öndər qürur yerimizdir və qədirbilən xalqımız tərəfindən daim hörmət və ehtiramla anılacaq, Heydər Əliyev dühasının siyasi uzaqgörənliyinin nəticələri xalqımıza daim uğurlar gətirəcəkdir.
İsmayıl Yaqubov;
Neftçala rayonu