Şuşaya məğlub olan düşüncəmiz
(ikinci yazı)
ey dadi bidad danəndə dəhan dərviş d...
derlər,
unudulmağı haqq etmiş oxucu,
Azərbaycan mədəniyyətində Vaqif, Vaqif sayağı ədəbiyyatın düşüncə və dünya baxış sistemimizdə vətən ola bilməməsinin faciəsini hələ də intellektual kəsimimiz anlamış deyil. Nə desən düşmənsən və uzağı dil uzatma azğınlığının kimlik daşıyıcısısan.
Ədəbi faktoroloji energetik təbəddülatın təkanı, gedişatı mənəvi və düşüncə sisteminə o vaxt vətənlik edir ki, mənsub olduğu coğrafiyanın, iqlimin sakral qapısına açarını sala bilsin. Açarı düşsün!!
Biz, xalq olaraq Şuşanı, coğrafiyamızı aldıq. Bunu İkinci Qarabağ Savaşının üç mindən çox şəhidi öz kimliyi ilə təsdiqləyir. Biz, xalq olaraq şair, yazar, düşünür olmağımızla fəth etdiyimiz torpaqların, coğrafiyaların, ərazilərin şanına, metahəcm-boyutuna uyğun (qan axıtdıq, mürəkkəb axıtmadıq) dəyərinə bədəl olacaq söz demədik, fikir ortaya qoymadıq, düşüncə gəlişdirmədik. Coğrafi boyutda qazandığımız uğur, mənəvi - mədəni boyutda boy göstərmədi.
Eləcə də, Vaqifin poeziyası, düşüncə - təfəkkür tərzinin ölçüləri Şuşanın xalqa vətən olma ölçüləri yanında çox kiçikdir. Bir sözlə,Vaqifin şeirlərinin xalqın mənəviyyatını əks etdirmə, özündə barındırma baxımından və ünvanlandığı ərazi, Şuşanın malik olduğu tarixi-mədəni ruhaniyyətimizdəki həssaslığının yanında heç nöqtə də deyil.
derlər,
unudulmağı haqq etmiş oxucu,
Vaqifi mədəni sferamızın orbitindən get-gedə uzaqlaşdıran nüans onun istəklərinin matriarxallığa meyilli olmasıdır. Onun şeirində, poetik zehniyyətində
qadın var, ana yoxdu,
qadın var, övlad - qız yoxdur.
Qadın var, nənə, nəvə, bacı, xala, bibi yoxdu.
Əslində isə, bütün bunların fövqündə qadın anlayışı işə düşən kimi ana, etnik milli zəminin hüdudlarında aparıcı və öndərlik vasfını daşımalıdır. Ana kəlməsi və sözü onun matriarxal düşüncəsində cinsəl təlabat, özləm daşımaqdan başqa nədir ki?
Vaqifin vəsf elədiyimiz şeirinin, sözünün dəyəri, Şuşa həbsxanasında zorlanmış, təhqir edilmiş, ərinin, qardaşının, atasının qarşısında aşağılanmış, başı kəsilmiş minlərlə qadının varlığına sirayət edən kimliyindən mədəniyyətə, yəni həm də gələcəyə cavab verməlidir, cavab verməli olacaq. Şuşa həbsxanasındakı (düşmənlər tərəfindən təhqir edilərək) qadınlarımızın daşa-divara hopmuş ah-nalələri Azərbaycan yazarlarının dünyanı dərketmə təcavüzüylə üst - üstə düşür.
Ey şair, sən kim üçün tərifləyirsən o qadını, qızı, xanımı? Yazdıqlarını oxuyan yabançının şəhvət ehtiyacı yüksəlməzmi? Bu mədəni şəkildə bir bazarlıq deyilmi ki, yazırsan dünyanın ən gözəl mina gərdənlisi, boyu sürahisi, dişləri mirvarisi, gözləri büllur xanımları burda Azərbaycandadır. Bu həm də ona bənzəyir ki, şir özünə deyir şirəm, tülkü özünə deyir tülküyəm. Yapon özünə deyir yaponam, ingilis, türk özünə deyir ki, ingilisəm, türkəm. Sadaladığım özəllik və vasıflarını özündə daşıdığını dilə gətirdinsə, hökmən bir bazarlıq zehniyyəti acımasız şəkildə işə düşür. Ona görə də, bu ərazilərdə qadınlarla qurduğumuz son 250 illik ünsiyyətimiz sonda bu baş tacı bildiklərimizin Şuşa həbsxanasında zorlanması ilə bizi faciəmizin pik nöqtəsinə ulaşdırdı.
derlər,
unudulmağı haqq etmiş oxucu,
Azərbaycan şeirinin klassika adı altında barınaraq materialist estetik təmayüllərə yuvarlanması, bizim taleyimizdə sosializm təfəkkürünü, cəmiyyətdə dünyəvi ünsiyyəti formalaşdırdı, sonra da Azərbaycan qadınını bu düşüncəyə, fikrə, anlayışa faciəvi drama hazırladı. Materialist dünyagörüşünün gətirdiyi sosial düşüncə sisteminin topluma mədəniyyət şəklində, mədəniyyət gücündə sirayət etməsi, yazmış, yaratmış olduğumuz ədəbiyyatın bütün metafizik kanallarının yolunu kəsib yeni dil qatlarının intişar tapmasına maneə törətməsi ilə müstəsna rol oynadı. Milli mədəniyyət milli və bəşəri əxlaq dəyərləri konteksində materialist distribütorluğunu ədəbiyyatın şah damarlarından alaraq, bu coğrafiyadakı insanların öz ərazisində “özgə”, “başqa” bildiklərini duyma, hiss etmə bacarığını fiaskoya uğratdı. Çünki bu materialist duyum, materialist dillə həm özümüzü, həm də başqalarını anlama-anlatma çevikliyimizin estafetini sonrakı (gələcək) nəsillərə ötürmək missiyamızda bizi təcavüzlərlə, xəyanətlərlə, ikiüzlülüklə, dondan dona girməklə, masklanmalarla yaxaladı. Ancaq bizim son 250 illik dilimizdə metafizik qəziyyəmiz unudulmasa idi, fizikötəsi özgürlük bəyanımız dilimizdə ölü qatmanlarda zaman keçirməsə idi, dilimizin mədəniyyət qatında dünyadərki anlayışımızın mahiyyəti avaralanmasa idi,
biz, irili-xırdalı düşmən gücünün üzərimizdəki üstünlükləri ilə rastlaşmayacaqdıq.
derlər,
unudulmağı haqq etmiş oxucu,
Millətin dili öz təmayülləri baxımından zəkanı da, duyğunu da, hissi də, yaşamı da korşaldan sürəcə daxil olur. Bu atmosferdə baş qaldıran fəsadlar bir anda əsrlərdən birikdirdiyi,
topladığı milli energetik ötkəmliyini,
oyatma qabiliyyətini,
şüurun, ağlın, zəkanın milli ruhla qovuşma, təmas yöntəmini itirir.
Ölkə, millət, xalq yenik düşür, itirmə əndişəsi ilə üz-üzə qalıb qorxu, şübhə buqələmunluğuna tutulur.
Elə bir cəmiyyətdə yaşayırıq ki, hər həqiqəti dilə gəirmək olmur. Ancaq nə olursa olsun, düşüncə sistemimizi ələ verən, onu dağıdan, içsəl aləmimizi düşmənə hədiyyə edən, zamanın, tarixin hansısa dönəmində kimliyimizi əsarətə dönüşdürüb kimlərinsə quluna çevirdən, üzdən klassik görünən dühaların gerçək dəyərinin “tərkibini” ortaya qoymaq məsuliyyətindən də qaçmamalıyıq.
Xanəmir Telmanoğlu