Milli maraqlar - ŞƏRH
Hazırda enerji təhlükəsizliyi məsələsi dünyada xüsusi əhəmiyyət daşıyır və dünya gündəliyinin ön sıralarındadır. Bu mənada Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, ölkəmiz öz potensialından istifadə etməklə, mövcud vəziyyətdən ən yüksək səviyyədə yararlansın. Artıq sübut olunub ki, Azərbaycan bundan sonra təbii qazla bağlı ən azı yüz il Avropa üçün etibarlı tərəfdaş ola bilər.
Bu mənada möhtərəm Prezident cənab İlham Əliyevin uzun illər ərzində apardığı uğurlu məqsədyönlü və düşünülmüş siyasət, bu gün ölkəmizin xüsusilə Avropa Birliyi ilə enerji sahəsindəki əməkdaşlığına böyük imkanlar yaratmışdır.”Bu günlərdə cənab Prezidentin Böyük Britaniyada Qərb ölkələri arasında siyasi əlaqələndirmə platforması hesab edilən "Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında iştirakı bir daha Azərbaycanın Qərbin əsas partnyorlarından biri olduğunu nümayiş etdirdi. Ölkə başçısının Oksfordda keçirdiyi, həm ikitərəfli, həm də çoxtərəfli görüşlər, həmin görüşlərdə səsləndirilən fikirlər, qəbul edilən qərarlar son illər ölkəmizin nüfuzunun nə qədər yüksəldiyinin bariz göstəricisidir. Bilirik ki, hazırda Azərbaycan qazını idxal edən bir çox Avropa ölkəsi eyni zamanda tranzit ölkə kimi çıxış edir.
Belə olan halda deyə bilərik ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzilərinin birinə çevrilməkdədir. Xüsusilə Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir zamanda Azərbaycanın özünün əsas nəqliyyat ötürücüsu kimi çıxış etməsi Qərbin maraqlarına tam cavab verir. Doğrudur, bir çox Qərb dairələri hələ də ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirir və belə demək mümkündürsə bu münasibəti aşkar şəkildə həyata keçirir.
Lakin bütün bu kimi mənfi təzahürlər ölkəmizin milli maraqlarından üstün ola bilməz. Azərbaycan beynəlxalq prinsiplərə söykənərək, məhz milli maraqlarını ən üst səviyyədə qoruyur və paralel olaraq iqtisadi imkanlarını artırmaqda davam edir. Bu gün ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu nümayiş etdirən, Azərbaycanı etibarlı tərəfdaş imicində görən və qəbul edən həmin ölkələr də öz milli maraqlarını hər şeydən üstün tutaraq, əməkdaşlığa, inteqrasiyaya önəm verirlər. Müasir dünya düzəninin ən önəmli faktoru olan bu istiqamət hər zaman uğur gətirir. Bəli, ərazi bütövlüyünü, suverenliyini təmin edən, iqtisadi, siyasi və hərbi cəhətdən hər ötən gün gücünü, qüdrətini artıran Dövlətimizin bu günki mövqeyini bir vətəndaş olaraq təqdir edir və alqışlayırıq. Şübhə yoxdur ki, bu düşünülmüş siyasətin memarı olan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində müasir, qüdrətli Azərbaycan hələ çox zirvələr qət edəcəkdir.
Əliheydər Qarayev;
Neftçala rayonu