Naxçıvanda Milli Mətbuat Günü qeyd edilib
Naxçıvanda Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.
“Duzdağ” hotelində təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, muxtar respublikada fəaliyyət göstərən media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra ötən 149 ilin qısa xronikası, dahi lider Heydər Əliyevin əsasını qoyduğu söz və mətbuat azadlığı, Prezident İlham Əliyevin apardığı media islahatları nəticəsində ölkəmizdə bərqərar olan yaradıcı mühitlə bağlı Naxçıvan Televiziyasının hazırladığı videoçarx nümayiş etdirilib.
Səlahiyyətli nümayəndə Fuad Nəcəfli çıxış edərək milli mətbuatımızın ilk nümunəsi olan, 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrə başlamasını həmin dövrdə ölkəmizin ictimai-siyasi həyatının mühüm hadisəsi kimi dəyərləndirib. Azərbaycanda müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yaranması tarixinə də toxunan səlahiyyətli nümayəndə qeyd edib ki, 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılıb, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılıb, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülüb. Göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olub, habelə qəzet və jurnal bolluğu yaranıb.