Prezident Oksfordda mühüm məqamlara toxundu - ŞƏRH
Milli Məclisin deputatı Jalə Əhmədova: Prezident İlham Əliyev iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışında mühüm məqamlara toxunub.
Möhtərəm Prezident bildirib ki, enerji sahəsində Bakıda müəyyənləşdirilmiş strateji tərəfdaşlıq Azərbaycanın Avropaya qaz təchizatının 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. “Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir”, - deyə cənab Prezident qeyd edib.
Azərbaycanın təbii qazını alan səkkiz ölkədən beşinin - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvü, Gürcüstan, Serbiya, eləcə də Türkiyənin Aİ-yə daxil olmaq üçün namizəd ölkə olduğunu vurğulayan dövlətimizin başçısı diqqətə çatdırıb ki, Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verib və Azərbaycan bir neçə aya Sloveniya bazarına daxil ola biləcək.
Azərbaycanın beynəlxalq nüfuzunu artıran mühüm amil kimi Avropa Komissiyasının Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırdığını, strateji hədəf olaraq Azərbaycanın yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öhdəliyini yerinə yetirmək üçün əlindən gələni etməyə çalışdığını qeyd edib.
“20 il ərzində biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdik və qonşularımızla birlikdə onu istismara verdik”, - deyə cənab Prezident vurğulayıb.
Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizin müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edilməsindən danışan dövlətimizin başçısı, bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakının onların tələbatının 50 və ya daha çox faizini təşkil etdiyini bildirib.
Möhtərəm Prezidentin də söylədiyi kimi, Azərbaycan artıq üç ildən çoxdur ki, mühüm qaz təchizatçısına çevrilib. Bundan əvvəl bizim tərəfdaşlarımız yalnız Gürcüstan və Türkiyə olsa da, Adriatik dənizinin dibi ilə uzanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi - Cənub Qaz Dəhlizi istismara verildikdən sonra Azərbaycan dərhal Avropaya təchizata başlayıb.
Cənab Prezident İlham Əliyevin bu çıxışı bir daha göstərdi ki, Azərbaycan öz öhdəliklərinə böyük məsuliyyət və sadiqlik nümayiş etdirir.