Azərbaycan və Pakistan əbədi dost və qardaş dövlərdir!
Azərbaycan və Pakistan münasibətlərini qarşılıqlı dəstək, səmimiyyət və hörmət üzərində qurmuş iki dost, qardaş dövlətdir. Dövlətlərarası münasibətlərimizin ən mühüm xüsusiyyəti Pakistanın da qardaş Türkiyə kimi həmişə ədalətin tərəfində olması, Azərbaycanın haqq işini daim dəstəkləməsidir. Tarixi ənənələrə malik münasibətlərimizin hazırkı səviyyəyə qalxmasında heç şübhəsiz hər iki ölkənin rəhbərlərinin qarşılıqlı etimada əsaslanan dostuq və qardaşlıq münasibətləri də çox böyük rol oynayır. Müxtəlif beynəlxalq tədbirlərdə ölkə liderlərinin səmimi hisslərə əsaslanan görüşləri onu deməyə əsas verir ki, dövlətlərimiz və xalqlarımız arasında olan münasibətlər sarsılmaz və dönməzdir. Bizlər bu səmimi münasibətin bir daha bir neçə gün öncə şahidi olduq.
Belə ki, Möhtərəm Prezident cənab İlham Əliyevin iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfəri zamanı Ölkə başçısının təyyarəsinin Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri tərrəfindən qarşılanması və enənədək müşayiət edilməsi, dövlətimizin başçısının şərəfinə toplardan yaylım atəşi açılması ilk növbədə Azərbaycana, cənab İlham Əliyevə etimadın, ona verilən dəyərin göstəricisidir. Reallıq budur ki, Bakı ilə İslamabad arasındakı münasibətlər iki xalq arasında tarixi, mədəni yaxınlığa və qarşılıqlı hörmətə əsaslanan əsl dostluq nümunəsidir. Təsadüfi deyil ki, Pakistan Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. Rəsmi İrəvanın bütün cəhdlərinə baxmayaraq, Pakistan həmişə Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyi tələb edib və işğalçı ölkə ilə hələ də diplomatik münasibətlər qurmayıb. Məhz bu qardaşlıq dəstəyinə görə Pakistan haqlı olaraq xalqımız tərəfindən sevilir və vətəndaşlarımız bu ölkəyə xüsusi ehtiram göstərir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi bütün Azərbaycan yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. 44 günlük Vətən Müharibəsi zamanı rəsmi İslamabadın ölkəmizə ənənəvi siyasi dəstəyinin nəticəsi olaraq xalqımız böyük qələbə şənliklərinə əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları ilə çıxmaqla qardaşlarına öz təşəkkürünü bildirdi.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bu səfəri qardaşlıq əlaqələrində həlledici məqam və iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın yeni dövrünün xəbərçisi adlandırmaqla ikitərəfli münasibətlərə yüksək qiymət vermişdir. Əminliklə deyə bilərik ki, səfər zamanı imzalanmış sənədlərin Bakı ilə İslamabad arasında möhkəm dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafı üçün yeni perspektivlər açacağı şübhəsizdir. Pakistanın da qardaş Türkiyə kimi işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və burada genişmiqyaslı bərpa işlərinin aparılması üçün Azərbaycana köməklik etməsi tarixi ənənələrə əsaslanan dostluq və qardaşlıq münasibətlərindən bəhrələnir. Bir sözlə, Bakı ilə İslamabad arasında müttəfiqlik əlaqələrinin qurulması, ikitərəfli səmimi qardaşlıq və dostluq əlaqələrinin genişləndirilməsi hər iki ölkənin həyati maraqlarına cavab verir.
Yasəmən Mənəfova;
Neftçala rayonu, Şəhid anası