SAĞ QALMIŞ QƏBİRLƏR - FOTOLAR

Naşir Şöhlət İxtiyaroğlu onu Kəlbəcərlə bağlayan səbəbləri bölüşdü
“Yolumuz cənnətməkan Kəlbəcərə idi. Uşaqkən hər yay Ağcabədidən köç etdiyimiz yaylaqlara.
Uşaqlıq xatirələrimdən başqa da məni Kəlbəcərə bağlayan nisgilli bir səbəb var. Babamın və əmimin Kəlbəcərin Soltan Heydər dərəsində dəfn olunması.
1959-cu ildə elə bu məkanda ildırım vurması nəticəsində 34 yaşında babam, 7 yaşında əmim dünyasını dəyişib. Hadisə zamanı onların yanında olan atamın beş yaşı var idi. Aldığı mənəvi və fiziki yaraların izini ömrü uzunu özü ilə gəzdirib. Sonradan bunun üstünə müharibənin gətirdiyi ayrılıq da gəldi.
Ən son 1989-cu ildə bu məkanda olmuşduq. Deyərdim ki, 35 ilin elə günü olmayıb ki, atam, əmim, mamam (bibim) atasının və qardaşının qəbrini görmək istəyini unutsun. Çox şükür ki, məzarları müharibənin caynağından qurtula bilib. Ötən il bibim oğlanları qəbirləri tapıb əvvəlki vəziyyətinə qaytarıblar. Bu il hamılıqla ziyarət etmək nəsib oldu.
Məni doğma nəvələrindən ayırmayan babam və doğma nənəmin Kəlbəcərin yüz bulağında olan yurdunu da ziyarət etdik. Son dəfə 6 yaşım olanda onlarla birgə bu cənnət məkanda olmuşdum. Uşaqlıq illərimin ən gözəl xatirələrini onlara borcluyam.
Ən çox nənəmin süd doğramacını xatırlayıram. Hər gün axşamtərəfi süd doğramacını verib bizi göndərirdi quzuların yanına. Sonra xatırladığım evimizin yanındakı bulaq idi. Ətrafı quzuqulağı ilə dolu olurdu. Duzlayıb yeyirdik. Əmimin məni kolxozun metis qoyunlarına mindirməyini xatırlayıb güldük. Eşşəyə minə bilmirdim, çünki məni neçə dəfə vurmuşdu.
İndi o məkana ayaq qoyan kimi, ilk qarşılaşdığımız babamın qoyunlarının qalağı (daşdan tikilmiş yer) oldu. Uşaqlıqda ayaq basdığımız yerlərin hamısı gəzdik, babamızı, nənəmizi bir daha yad etdik. Onlara Allahdan rəhmət dilədik.
Allah heç kimə müharibə qismət eləməsin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!
Kəlbəcər
29.06.24


